9 ayda neft hasilatı 2.5 milyon ton azalıb

9 ayda neft hasilatı 2.5 milyon ton azalıb Nemət Əliyev

Neft düşdükcə iqtisadiyyat da düşür, hakimiyyət də.

Neft isə durmaq bilmir, hələ də düşməkdə davam edir. Düşünüb məntiqi nəticə çıxarmaq baxımından ibrətamiz olmalıdır ki, xam neftin 9 aylıq hasilat həcmi daha 2,5 milyon ton düşüb. Bu dövrdə təbii qazın hasilat həcmi də 960 milyon kub metr azalıb. Odur ki, inadkarlığı bir yana buraxıb real islahatların önünü açmaq lazımdır. Çünki vəziyyət daha da ağırlaşmaqda davam edir.
Ölkənin emal sənayesində tənəzzül artıq xroniki hal alıb. Cari ilin fevral-mart aylarından başlayaraq burada bu proses daha da sürətlənib. Ötən illə müqayisədə bu ilin yanvar-sentyabr dövründə yanacaq mazutunun istehsalı 41%, dizel yanacağının istehsalı 21%, ağ neftin istehsalı isə 6% azalıb. Xatırladım ki, uzun müddət ölkənin emal bölməsi diqqətdən kənarda tutulub. Normal ölkələrdə emal sahələrinin iqtisadiyyatda rolu çox yüksəkdir və dərhal diqqəti cəlb edir. Lakin bizdə bu göstərici çox aşağıdır. Hələ yalnız bu göstəriciyə görə demək mümkündür ki, ölkəmizin iqtisadiyyatı baş-ayaq vəziyyətinə gətirilib. Yeri və rolunun aşağı olmasına baxmayaraq burada böhranın daha da dərinləşməsi heç bir yaxşı perspektiv vəd eləmir. Bu sahəni inkişaf etdirmədən irəli çıxmaq, rəqabət qabiliyyətli olmaq çox çətindir. İllər uzunu xammal təchizatçısına döndəriblər ölkəni. Emal sahələrinin inkişafına təkan verməklə, burada illərlə yığılmış problemləri həll etməklə xeyli müsbət nəticələrə nail olmaq mümkündür. İmkanlar tükənməkdə, vaxt isə daralmaqdadır. Sabah bu günkü imkanlar da olmayacaq. Bunu nəzərə almaq lazımdır.
Tarix: 18-10-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti