Rusiyadan Cənub Qaz Dəhlizinə qısqanclıq

Rusiyadan Cənub Qaz Dəhlizinə qısqanclıq İlham Şaban: “Bu, onların korporativ maraqlarından irəli gəlir”

Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazı Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsi irəlilədikcə, onunla bağlı əks-təbliğat prosesləri də aktivləşir. İtaliyada TAP-ın inşasına yaradılan maneələr tam olaraq aradan qaldırılıb, layihənin maliyyələşməsi üçün lazım olan vəsaitlər ayrılır. Bu günlərdə Bakıda olan Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycanın Şərqi Avropanın etibarlı qaz təchizatçısına çevriləcəyini bildirib. Rusiyadan kənar mənbələrdən qaz almaq siyasətini yürüdən Avropa Birliyi, həmçinin ABŞ Cənub Qaz Dəhlizinə(CDQ) zəruri siyasi dəstəyi verməkdədir.

Bütün bunlarla eyni zamanda layihəyə açıq qısqanclıqla yanaşan Rusiyanın mətbuatında CDQ ilə bağlı antitəbliğat yazılarının sayı da artır. Ötən bir həftə ərzində bu ölkənin KİV-lərində layihənin perspektivsizliyini isbatlamağa yönəlmiş 4-5 material yerləşdirilirb. Həmin materialların demək olar ki, hamısında layihənin dəyərinin çox yüksək olduğu, Avropaya çəkiləcək qaz kəmərlərini doldurmaqda problemlərin yaranacağı, Azərbaycanın bu layihədən heç bir qazanc əldə edə bilməyəcəyi vurğulanır.

Rusiyadan Cənub Qaz Dəhlizinə qısqanclıq

Rusiya mətbuatının bu iddialarını şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban KİV-in Şimal qonşumuzun korporativ maraqlarını ifadə etdiyini qeyd edir: “Son vaxtlar Rusiya Dövlət Neft Şirkətinin rəhbəri İqor Seçin neft erasının başa çatmasına 30 ildən artıq qalmadığını deyir, neftin qiymətinin 40 dollardan aşağı düşəcəyinə dair proqnozlar açıqlayır. Halbuki bunların heç biri üçün əsas yoxdur, onlar sadəcə, “Rosneft”in “udmaq” istədiyi xırda neft şirkətlərinə hesablanmış fikirlərdir. Burada da məqsəd odur ki, həmin xırda şirkətləri qorxutsun, onların bazar dəyərini aşağı salsın. Rusiya mətbuatı da bu ölkəyə alternativ olan bir mənbədən Avropaya qaz çıxarılmasını istəməyən hakimiyyətin mövqeyinin ifadəçisi olaraq, Cənub Qaz Dəhlizinin əleyhinə məqalələr verir.”

Müsahibimiz deyir ki, getdikcə CDQ-yə qarşı materiallar Rusiya mətbuatında daha da çoxalacaq: “Onlar görürlər ki, bu layihə artıq sənəd üzərindən real işə keçir, cəmi 9 aydan sonra “Şahdəniz-2”nin qazı Türkiyəyə çatacaq, qıcıqlanırlar və ictimai rəydə layihə barədə mənfi fikir formalaşdırmağa çalışırlar. Reallıq isə bundan ibarətdir ki, “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi həm qiymət, həm təhlükəsizlik, həm texnoloji təchizat baxımından Rusiyanın analoji layihələrindən qat-qat keyfiyyətlidir. Adicə götürək rusların Çinə çəkdikləri və ötürücülük gücü 38 milyard kubmetr olan “Sibirin gücü” qaz kəmərini. 2019-cu ildə işə düşəcəyi gözlənilən bu kəmər o zaman rentabelli olacaq ki, onunla ötürülən qazın qiyməti 400 dollar olsun. Halbuki hazırda qazın qiyməti 220 dollardır.”

Rusiyadan Türkiyəyə çəkilən “Türk axını” kəmərindən danışan mütəxəssis bildirir ki, bu kəmərlə Avropaya çatdırılması nəzərdə tutulan qazın alıcısı hələ tapılmayıb: “Avropa Birliyi ilə bu kəmərin aparacağı qazın alqı-satqısı üzrə bir sənəd belə imzalanmayıb. Bunlar isə təkcə Rusiya ərazində kəmərin çəkilişinə 10 milyard dollardan artıq xərc çəkiblər. Cənub Qaz Dəhlizi ilə ötürüləcək qazın alıcıları isə artıq məlumdur, hələ daha çox istəyənlər də var. Bu layihənin dəyəri cəmi 12,3 milyard dollar təşkil edəcək.”

Rusiya analitiklərinin CDQ-nin rentabelli olmaması, Azərbaycanın öz xərclərini 20 ilə çıxaracağı barədə iddialarına toxunan İ.Şaban onların reallığı əks etdirmədiyini bildirdi: “Bu layihə üzrə bütün xərclər qazın indiki dünya bazar qiymətinin 80 faizi həcminə uyğun hesablanıb. Yəni adi bir avtomobili kreditlə alanda görürsən ki, bank ən yaxşı halda onun dəyərinin yarısı həcmində kredit verir. Ona görə belə edir ki, sabah ödəmək imkanın olmayanda maşını satıb verdiyi pulu geri qaytara bilsin. Nəzərə alaq ki, Rusiya mətbuatı Bakı-Tiflis-Ceyhanla bağlı da eyni arqumenti irəli sürürdü. Bu kəmər işə düşdüyü ilk illərdə neftin qiyməti 22 dollar olmuşdu, lakin sonra 130-140 dollara qədər yüksəldi. Digər tərəfdən, həm “Şahdəniz-2”, həm də Cənub Qaz Dəhlizi üçün götürülən kreditlər uzunmüddətlidir. Onların qaytarılması isə maksimum 15 ilə başa çatacaq. O kreditləri ayıran qurumlar hər addımı min dəfə ölçüb-biçirlər. Onlar layhədə prespektiv görməsələr bir qəpik də ayırmazlar.”

Ekspert Azərbaycanın Rusiyadan qaz aldığını, özünün qaz ehtiyatlarının kəməri dolduracaq həcmdə olmadığı barədə fikirlərin reallıqdan uzaq olduğu qənaətindədir: “Düzdür, Azərbaycan ötən ildən bəri daxili tələbatı təmin etmək üçün xaricdən qaz alır. Lakin bu, müvəqqətidir, 2019-cu ildən daxili istehsal tələbatı tam təmin edəcək. Digər tərəfdən, Rusiya daim qonşularından qaz alan bir ölkədir. Qazı alır, Avropaya satır. Buna əsaslanıb onun qaz ehtiyatları məhduddur demək absurd olar. Ötən il Azərbaycanın xarici öhdəliklərində artım olduğu üçün daxili tələbatı təmin etmək məqsədilə Rusiyadan qaz almaq istədi. Lakin Rusiya qazı bizə regional qiymətdən dəfələrlə yuxarı qiymətə təklif etdi. Nəticədə Azərbaycan tamamilə başqa bir ölkədən qaz almalı oldu. Öz qonşusuna belə yanaşan ölkədən başqa nə gözləmək olar ki...”

DÜNYA
Tarix: 19-10-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti