Azərbaycanda "ət oyunu": Nazirlik "özümüzü təmin edirik" deyir, Komitə idxalın çoxaldığını bildirir

Azərbaycanda "ət oyunu": Nazirlik "özümüzü təmin edirik" deyir, Komitə idxalın çoxaldığını bildirir Azərbaycanın ət idxalı üçün xərcləri 91% artıb. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərdə göstərilir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə statistik dəyəri 46 mln. 551,95 min dollar olan 30 min 387,31 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10 min 202,85 ton və ya 50,55% çoxdur. Məbləğ baxımından isə illik artım 22 mln. 251,74 min dollar və ya 91,57% olub. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 24 mln. 300,21 dollar dəyərində 20 min 184,46 ton ət idxal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev hər zaman saytımıza açıqlamasında bildirib ki, ölkədə ət qıtlığı yoxdur. Baxmayaraq ki, kəndlilər vəziyyətdən gileylidir, otlaqların əkin sahələrinə çevrilməsi, yemin bahalaşması da ətin qiymətinə təsir edib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Cebhe.info-ya açıqlamasında ət idxalında artımın yerli istehsalda qıtlıqla əlaqəli olmadığını deyib.

O, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib ki, əhalinin mal əti ilə təmin edilməsi 95, qoyun və qoç əti ilə təmin edilməsi isə 99 faizdir:

“Müəyyən qədər tələbat olduğu üçün Azərbaycana xaricdən ət idxal edilir. İstehsal da var, istehsalda dinamik artım da”.

Q.Əbdüləliyevin sözlərinə görə ölkədə idxalın artması daha çox azad bazar siyasəti ilə əlaqədardır:

“Əhalini ətlə tam təmin etsək belə, idxal yenə də olacaq. İdxalın artması, o cümlədən ətin qiymətinin dəyişməsi istehsalla əlaqədar deyil. Bu daha çox bazar siyasəti və digər xidmətlər, tələbat olan malların qiymətlərinin dəyişməsi ilə əlaqədardır. Lakin istehsalda azalma yox, əksinə artım var”.

Azərbaycanda "ət oyunu": Nazirlik "özümüzü təmin edirik" deyir, Komitə idxalın çoxaldığını bildirir

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, son iki ilədək ölkədə ət istehsalı normal olub:

“Lakin demək olmaz ki, ölkədə bu müddət daha çox ət istehsal olunub. O zamanlar beynəlxalq təşkilatlardan biri həyəcan siqnalı olaraq bildirmişdir ki, həqiqətən də Azərbaycanda statistik rəqəmlərdə göstərildiyi qədər iri və xırda buynuzlu heyvanlar saxlanılırsa, bu o deməkdir ki, 1-2 ilə ölkənin bütün əraziləri həmin heyvanların otlaqlarına çevrilərək səhralıq olacaq. 6 il ötsə də, bu proqnozlar özünü doğrultmayıb. Bu günə qədər Azərbaycan ərazisində ciddi səhralaşma problemi olmayıb. Bu da o deməkdir ki, rəsmi statistikada göstərilən sayda mal-qara yoxdur. Statistik rəqəmlər məqsədyönlü şəkildə şişirdilir”.

Ekspert bildirib ki, məhz bu səbəbdən yerli statistikalara əsaslanaraq təhlil aparmaq mümkünsüzdür:

“Hər il açıqlayırıq ki, ərzaq buğdasına olan tələbatı yerli istehsalla ödəmək mümkündür. Ödəyirmi? Daxildə istehsal artdığı halda xaricdən idxal azalmalıdır. İkisi də eyni anda arta bilməz. Son iki ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlə sırasında pambıq, tütün sahələrinin genişləndirilməsi məqsədi ilə müəyyən işər görülürdü. Maldarlıqla məşğul olan ərazilər şumlanaraq əkin sahələrinə çevrildi. Heyvandarlıqla məşğul olmağa şərait olmadığı üçün ət istehsalı azalıb. Bu gün ölkədə ətin qiymətinin qalxmasının da başlıca səbəbi ölkə daxilində heyvandarlıqla məşğul olan əhalinin sayının azalmasıdır. Həmçinin iri və xırdabuynuzlu heyvanların sayının azalması da qiymətə təsir edir”.

Nigar
Tarix: 23-10-2017, 21:58
Xəbəri paylaş





Xəbər lenti