Gələn ildən içkilərin və siqaretin qiyməti kəskin qalxacaq

Gələn ildən içkilərin və siqaretin qiyməti kəskin qalxacaq Nemət Əliyev

Gələn ilin əvvəlindən alkoqollu içkilərin və tütün məmulatlarının qiymətləri yenidən bahalaşmağa başlayacaq.


Çünki 2018-ci ildən başlayaraq idxal olunan alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcələri artırılacaq. Bu kateqoriya malların idxalı ilə məşğul olanlar eyni ölçüdə və eyni çeşiddə mala görə gələn ildən təxminən 2 dəfə çox vergi ödəməli olacaq.


Hökumətin gələn il üçün hazırladığı dövlət büdcə layihəsindən belə məlum olur ki, bu kateqoriya malların idxalına tətbiq olunan aksiz dərəcələrini artırmaqla dövlət büdcəsinə daxilolmaları 90 milyon manatdan 172 milyon manata çatdırmaq istəyirlər. Burada 91% artım nəzərdə tutulub.

Bu məsələnin natarazlığı ondadır ki, büdcəyə cəlb olunması planlaşdırılan əlavə 82 milyon manat pul vəsaiti idxalın canlandırılması, dövriyyənin böyüdülməsi hesabına deyil, yalnız vergi yükünün artırılması hesabına təmin olunacaq. Odur ki, 82 milyon manatın da əhalinin çiyinlərinə yüklənəcəyinə artıq heç bir şübhə yoxdur.

Müzakirəyə çıxarılan büdcə layihəsində aksiz vergi dərəcələrinin artırılmasına dair çox gülünc bir izahat da yer alıb. Guya vergi dərəcələrini artırmaqla daxili bazarı qorumaq və alkoqollu içkilərə, tütün məmulatlarına olan təlabatı yerli istehsal hesabına təmin etmək məqsədi güdüblər.

Fərz edək ki, bu belədir. Nəzəri cəhətdən olsa da, bir anlığa biz də hökumət kimi düşünək və belə hesab edək ki, doğrudan da, ilin əvvəlindən yeni vergi dərəcələrinin qüvvəyə minməsi ilə bu məhsulların istifadəçiləri elliklə yerli istehsala üstünlük verəcək və bu hesaba da idxal mallarından imtina edəcək. Əgər, həqiqətən də, bütün bunlar baş verəcəksə, bu halda bu malların ölkəyə idxal kütləsi mütləq azalmalıdır. Deməli, idxaldan büdcəyə daxilolmalar da azalmalıdır. Vergi dərəcələri artacağına görə bu məbləğ azalmaya da bilər. Amma arta da bilməz. Əgər hökumət, həqiqətən də, yerli istehsalı qorumaq və daxili təlabatı əsasən yerli istehsal hesabına təmin etmək niyyətində səmimidirsə və buna özü də inanırsa, o zaman vergi daxilolmaları üzrə gözləntilər də bu məntiqə uyğun şəkildə hesablanmalıydı.

Lakin hökumət ortaya fərqli hesab çıxarıb və idxalda “91% artım” deyir. Yəni “izahat” ilə “hesab” arasındakı ziddiyyət açıq şəkildə ortadadır. Bəs bu ikili mövqe nə üçündür? Məsələ bundadır ki, yerli istehsalın qorunmasına dair söyləntilər ictimaiyyətin gözünə kül üfürmək üçündür. Lakin “91% artım” isə pul yükdür və bu pul yükünü idxal olunan mallar üzrə toplaya biləcəklərinə qəti əmindirlər. Çünki yerli istehsalın hansı dərəcədə iflic olmasının fərqindədirlər. Fərqindədirlər ki, bu sahələrdə düzən, canlanma yaratmaq üçün hələ uzun zaman lazım gələcək. Yaxşı bilirlər ki, əlacsız əhali hələ bir müddət öz ehtiyaclarını idxal olunan mallar hesabına təmin etməli olacaq. Odur ki, əhalinin vergi yükünü rahatlıqla 91% artımla proqnozlaşdırıblar. Fəqət bu taktika həm əhalinin alıcılıq qabiliyyətinin, həm də iqtisadi canlanmanın daha da zəiflədilməsinə səbəb olacaq.

Siam.az
Tarix: 23-10-2017, 22:51
Xəbəri paylaş





Xəbər lenti