Bazar fırıldaqları İran xurması, “Tac” konservlərinə də çatdı – çəkidə kələk gəlinir (FOTOLAR)

Bazar fırıldaqları İran xurması, “Tac” konservlərinə də çatdı – çəkidə kələk gəlinir (FOTOLAR) Eyyub Hüseynov: “Bizi istehlakçı olaraq soyurlar, cibimizə girirlər”
Azərbaycanda istehlakçıların çəkidə aldadılması adi hala çevrilib. Son dövrlərə qədər belə hallar əsasən bazarlarda baş verirdi. Bu sırada “8-ci kilometr” bazarı xüsusi olaraq tanınırdı. İndi isə bu bazarda istehlakçıların aldadılması üçün istifadə edilən priyomlar böyük şirkətlərin sifarişi ilə qablaşdırılan konserv məhsullarına, İrandan ölkəmizə 700 qramlıq qablaşdırmada gətirilən xurma məhsullarına da tətbiq olunur.


Qutusunun üzərində 700 qram olduğu yazılan xurma qutusunda faktiki olaraq 485 qram cənnət meyvəsi var. İstehlakçıların aldadılması hallarının artması ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət etdik. O, belə halların son vaxtlar artdığını təsdiqləyərək dedi ki, AİB-ə vətəndaşlar Azərbaycan məhsulu olan narşərab təqdim edib: “Narşərabın şüşəsinin üzərində 200 qram məhsul olduğu yazılıb. Faktiki isə şüşənin içində məhsul 50 qram azdır. Konserv məhsullarında da belə hallar var. Konservlərin tərkibindəki ətin miqdarı, çəkisində də böyük problemlər var. O cümlədən marketdə fasovka olunan, bükülən mallarda da belədir. Azərbaycanda istehlakçıların cibinə girmək halları geniş yayılıb. Vətəndaşın cibinə çəkidə aldatma, keyfiyyətsiz malı keyfiyyətli kimi təqdim etməklə girirlər. Ölkədə istehlakçı siyasəti yoxdur. Azad İstehlakçılar Birliyinə bu yaxınlarda ”TAC" firmasının istehsalı olan ət konservləri ilə bağlı telefon zəngləri daxil olub. İstehlakçılar 325 qram göstərilən konservin faktiki çəkisinin azlığından şikayətlənirlər. Koservə mal ətindən daha çox qatqılar vurulduğunu deyirlər. Yəni mal ətinin miqdarı azdır. Konservin tərkibinin rekvizitlərlə uyğunluğu şübhə yaradır. “Semeynıy budjet” “Maestro” konservlərinin içində qutunun üzərində yazılan çəkidən az ətin olması haqda məlumatlar daxil olub. İstehlakçıların aldadılması ilə bağlı təhqiqatlar aparırıq".



E.Hüseynov bildirdi ki, İran istehsalı olan xurmalarla bağlı məlumatları da araşdıracaqlar: “Bütün bunlar ölkədə effektiv istehlakçı siyasətinin olmaması ilə bağlıdır. Xüsusən çəki məsələsinə diqqət ayıran yoxdur. Yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi qidaların təhlükəsizliyini araşdıracaq, çəki məsələsinə isə diqqət yetirməyəcəkdir. Bu gün vətəndaşı 8-ci kilometr bazarından tutmuş böyük şirkətlərə qədər çəkidə aldadırlar. Belə şirkətlərin istehal etdikləri, qablaşdırdıqları mallar mağazalar tərəfindən satışa qəbul edilməməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqda» Qanuna görə, belə malları satanlar - yəni mağaza sahibləri cavabdehdirlər. Lakin istehsalçılarla mağazalar əlbirdirlər, bunlara qarşı mübarizə aparmalı olan dövlət orqanı da hərəkətsizlik edir. Bu sahədə “3 muşkotyor” qanunu işləyir".

E.Hüseynov deyir ki, istehlakçıların çəkidə aldadılmasının qarşısını almalı olan dövlət orqanı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir: “Bizi istehlakçı olaraq soyurlar. Cibimizə girirlər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti faktiki olaraq hərəkətsizdir. Çünki qurum müstəqil deyil, nazirliyin tərkibindədir. Nazirliyin strateji məqsədi də istehlakçıdan çoxlu pul qoparmaqdır. Yəni belə bir nazirliyin tərkibində istehlakçıların hüquqlarını qoruyan xidmət fəaliyyət göstərə bilməz. Ona görə də konservlərin içində ət azdır, xurmanın çəkisi azdır və bununla mübarizə aparılmır. 1962-ci ildə Con Kennedi konqresin açılışında çıxışında demişdi ki, biz hamımız istehlakçıyıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir. Normal biznesmen istehlakçını özünün şəriki hesab etməlidir. Azərbaycanda isə çox təəssüf ki, belə deyil. Çəkidə, keyfiyyətdə aldatmaqla cibə girmək adi hal alıb”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”



Tarix: 27-02-2018, 10:43
Xəbəri paylaş





Xəbər lenti