Xarici banklardakı milyardlar Azərbaycana gətirilərsə...

Azərbaycan öz valyuta ehtiyatlarının böyük hissəsini məhz xarici banklara yatırır.Bəzi xarici ölkələrə isə aşağı faizlərlə kredit verir.Təbii ki, bu Azərbaycanın əsas valyuta ehtiyatları ixrac məhsulu olan neftdən gələn gəlirlər hesabına formalaşır.Ancaq ekspertlər hesab edir ki, bu heç də doğru yol deyil.Çünki neft pulları uzun zamandır ki, xarici banklarda yatıb qalıb, Azərbaycan isə digər xarici qurumlardan yüksək faizlə kredit götürür.

Xarici borclanmanın sürətlə artması da bunu deməyə əsas verir.Təklif olunur ki, neftdən gələn gəlirlər 2 faizlə Azərbaycan Mərkəzi Bankına verilsin.Mərkəzi Bank isə öz növbəsində 3-4 faizlə yerli kommersiya banklarına kredit ayırsın.Kommersiya bankları da əhaliyə verdiyi yüksək kredit faizlərini 5-7 faizə qədər aşağı çəksin.Bu həm əhali arasında kreditləşməyə getməyə maraq yaradar, həm də sahibkarlığın inkişafına yol açar, yoxsulluğu aradan qaldırar.Digər tərəfdən, əhalinin sosial vəziyyəti yaxşılaşar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kəs vergi ödəyər və bununla da büdcə gəlirləri artar.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində hökumətə dəfələrlə bu cür təkliflərin edildiyini deyib:

“Bu gün Azərbaycanda kredit portfelinin təxminən 70-80 faizi əmanətlərdən, yəni, vətəndaşların əmanət olaraq bankla yerləşdirdiyi vəsaitlərdən formalaşır. Kredit portfelinin böyük bir hissəsinin əmanətlərdən formalaşması isə o deməkdir ki, kredit faizi 12 faizdən yuxarı olacaq.Çünki götürülən kreditlər üzrə ödənilən faizlərin 12 faizi birbaşa olaraq əmanət faizlərinin ödənilməsinə yönəldilir.Qalan bank xərcləri, digər öhdəliklər, rüsumlar, mənfəət normasını da üzərinə gəldikdə, kredit faizi 25-dən yuxarı olur.Azərbaycanın vəsaitləri xarici banklara qoyulur və ən yüksək faiz isə 6 faizdir.Hətta vaxtilə xarici ölkələrə 2-3, 0.5 faizlə də kredit verilib.Bu siyasətinin dəyişdirilməsi üçün dəfələrlə hökumətə təkliflər olunub ki, neftdən gələn pullar Azərbaycan Mərkəzi Bankına yatırılsın və Mərkəzi Bank yerli kommersiya banklarının donoruna çevrilsin.Kommersiya bankları xarici ölkələrdə donor axtarmasın.Amma nədənsə, Azərbaycan hökuməti bu cür maliyyə siyasətindən əl çəkmir.Hələ də səbəbi bilinmir ki, Azərbaycan hökuməti niyə xaricdə yerləşdirdiyi vəsaitləri ölkədə yerləşdirmir?”

Akif Nəsirli hesab edir ki, həmin vəsaitlərin hamısını ölkəyə gətirməyə ehtiyac yoxdur:



“Vaxtilə neftdən gələn gəlirlərin hamısını Azərbaycanda yerləşdirməyin mən də tərəfdarı deyiləm.Azərbaycan məkanı o pullar üçün çox kiçikdi.Amma yavaş-yavaş həmin pulları Azərbaycanın maliyyə sferasına Mərkəzi Bankın donorluğu ilə yerləşdimək olardı.

Çox maraqlıdır ki, 2-3, 5-6 faizə xaricə vəsait yerləşdiririk, ancaq Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan yüksək faizlə kredit götürürük. Bəzən belə bir fikir formalaşır ki, dünyanı idarə edən güclər həmin qurumların müflisləşməməsi üçün hökumətləri yüksək faizlə kredit götürməyə məcbur edirlər.Azərbaycan təkcə 2017-ci ildə TAP və TANAP layihələrini maliyyələşdirmək üçün beynəlxalq təşkilatlardan, banklardan 3.5 milyard dollar kredit alıb.Ən azı bu layihələri Azərbaycan öz ehtiyatları ilə maliyyələşdirə bilərdi.Neft Fondunda 40 milyard dollardan çox ehtiyat var. Bəs niyə biz xarici təşkilatlardan, banklardan yüksək faizlə kredit alırıq?Bu cür suallara nə biz cavab tapa bilirik, nə də hökumət bu məsələlərə aydınlıq gətirmir.Hesab edirəm ki, Azərbaycanın öz ehtiyatlarından istifadə etməsi kreditin ucuzlaşmasına, orta və kiçik sahibkarlığın inkişafına töhfə verər”.(Cebhe.info)
Tarix: 28-02-2018, 16:01
Xəbəri paylaş





Xəbər lenti