Hökumət yeni layihə baxır: Kreditlər bağışlana bilər?

Hökumət yeni layihə baxır: Kreditlər bağışlana bilər?
Hökumət bankların fəaliyyəti ilə bağlı təkliflərə baxır. Maliyyə vasitəçiliyinin bərpası üçün iqtisadi və institutsional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, “Banklar haqqında” qanunun 24-cü maddəsinə müvafiq olaraq banklarda faiz dərəcələrini müəyyənləşdirmək bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daxildir.

Həmin qanunun 36.6-cı maddəsinə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən, faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Bununla belə, maliyyə vasitəçiliyinin bərpası üçün iqtisadi və institutsional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır. Belə ki, ölkədə bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşdırılması, maliyyə bazarlarında inkişafın təmin edilməsi, inkişaf etmiş beynəlxalq təcrübəyə uyğun yeni çağırıların ölkənin maliyyə bazarlarına inteqrasiya edilməsi məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrinin kompleks tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Hökumətin bankların fəaliyyəti ilə bağlı təkliflərinin nədən ibarət olması barədə bir sıra ehtimallar var. Bəzi ekspertlər hesab edir ki, problemli kreditlərin bağışlanması məsələsi yenidən gündəminə gələ bilər. Ehtimallara görə, prezident seçkilərinə qədər ölkədəki bankların vaxtı keçmiş kreditlərə amnistiya tətbiq edilə bilər. Qeyd edək ki, bu istiqamətdə əvvəllər deputatlar, o cümlədən, müstəqil ekspertlər tərəfindən hökumətə bir sıra təkliflər verilib. Lakin bəzi analitiklərin qənaətincə, bütün kreditlərin bağışlanması məsələsi real görünmür. Bunun əvəzinə banklar vətəndaşlara kreditlərin ödənilməsi üçün başqa güzəştlər edə bilərlər. İqtisadçılar mövcud durumda bağışlanma məsələsini çox da əhəmiyyətli hesab etmirlər. Çünki buna bankların heç vaxt getmədiyi qənaətindədirlər. Ehtimallara görə, yalnız 1000 dollara qədər olan kreditlər bağışlana bilər. O halda ki, aztəminatlı ailələr onu dolanmaq, gündəlik xərclərini ödəmək üçün götürüblər.

Bank üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında problemli kreditlərlə bağlı təkliflərin ola biləcəyi ehtimalının olduğunu bildirib:



“Hökumətin banklarla bağlı hansı təkliflər verəcəyi barədə tam məlumatlı deyiləm. Hazırda əhalinin əsasən gözlədiyi məsələlərdən biri problemli kreditlərlə bağlı məsələnin həllini tapmasıdır. Əgər məsələ bu kontekstdə qoyulubsa, çox güman ki, yalnız mövcud borclar yox, həm də bundan sonra götürüləcək borclarla bağlı müəyyən təkliflər verilsin. Hazırda həm əhali, həm də sahibkarlar banklardan kredit götürə bilmirlər. Çünki bankların kredit şərtləri kifayət qədər ağırlaşıb. Bununla bağlı təkliflər də ola bilər”.(Cebhe.info)
Tarix: 9-03-2018, 14:37
Xəbəri paylaş





Xəbər lenti