Kredit hesabına yaşayırıq: “Əvvəl-axır problemə çevriləcək”

Kredit hesabına yaşayırıq: “Əvvəl-axır problemə çevriləcək”
31 may 2023-cü il tarixində bankların cəmi kredit portfeli (kredit qoyuluşları) 20 milyard 659 milyon 269 min manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, aprel ayının sonu ilə müqayisədə mayda müştərilərin banklara borclu olduqları cəmi kreditlər 279 milyon 642 min manat artıb.

O cümlədən, cəmi biznes kreditləri portfeli 62 milyon 848 min manat artaraq 11 milyard 170 milyon 805 min manata, istehlak kreditləri portfeli 152 milyon 186 min manat artaraq 6 milyard 224 milyon 527 min manata, ipoteka kreditləri portfeli isə 64 milyon 627 min manat artaraq 3 milyard 263 milyon 957 min manata yüksəlib.

2023-cü ilin ilk 5 ayı ərzində (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 64 milyon 914 min manat, o cümlədən biznes kreditləri 315 milyon 744 min manat, istehlak kreditləri 470 milyon 381 min manat, ipoteka kreditləri 278 milyon 798 min manat artıb. Əhali tərəfindən alınan cəmi istehlak və ipoteka kreditləri 9 milyard 488 milyon 484 min manata çatıb. Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur.

İlk 5 ayda istehlak kreditləri 470 milyon 381 min manat artım varsa, bu vətəndaşın kredit hesabına yaşadığının göstəricisidirmi və əhalinin əmək haqqının azlığı vətəndaşları kredit almağa sövq edir?

SİAM.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, kredit müasir dövrün cəhətlərindən biridir və xaricdə də insanlar kredit götürürlər:

“Müasir dövr istehlak cəmiyyəti dövrüdür. Sadəcə istehlak kreditləri o cəmiyyətlərdə riskli kreditlərdir ki, insanların maaşı, gəliri artmır. Bizdə də indi belə bir dövrdür. İnsanların gəliri əvvəlki kimi artmır. Buna görə də bankların özü üçün istehlak krediti vermək çox risklidir.

Ümumiyyətlə, istehlak krediti elə bir sahə deyil ki, vətəndaş pis yaşadığı üçün onu istəyir. Banklar nə qədər çox imkan versələr, vətəndaşlar gəlib o qədər çox kredit götürəcəklər. Çünki insanın təbiəti belədir, fikirləşir ki, üçgünlük dünyadır, gedim kredit götürüm nəyəsə xərcləyim. Yəni bu insanların gəlirinə bağlı deyil. Gəliri az da, çox da olsa, yenə gedib borca girəcək. Banklar buna nə dərəcədə imkan verir?

Bizdə tendensiya hələ belədir ki, banklar buna imkan verir. Yəni banklar çox zaman biznes krediti verməyə ehtiyat edir, ancaq istehlak kreditini verirlər. Çünki orada faiz yüksəkdir. Ancaq çox riskli məsələdir və insanların gəliri artmır. Nə vaxtsa bu kreditlərin böyük hissəsi problemli ola bilər”.

Ekspertin sözlərinə görə, banklar ona görə rislkə gedirlər ki, biznes kreditlərini ondan da riskli hesab edirlər:

“Normal bazar iqtisadiyyatı olan cəmiyyətlərdə banklar biznes krediti verir ki, biznes böyüsün, insanların iş yeri, maaşı artsın. O ölkələrdə qanun, hüquq var. Onlar bilir ki, biznes kreditini qaytara bilməyəndə qanuni yolla borcu ala biləcək. Bizdə isə belə deyil. Banklar fikirləşir ki, mən sahibkarın öhdəsindən məhkəmədə, yaxud qeyri-qanuni yolla gələ bilərəm, yoxsa adi vətəndaşın?

Bu sualın cavabı odur ki, adi vətəndaşın. Qanun işləməyən cəmiyyətlərdə belədir. Ona görə də banklar istehlak kreditlərini daha az riskli hesab edir və verirlər. Ancaq əvvəl-axır bu problemə çevriləcək”.

Nigar Abdullayeva 
Tarix: 3-07-2023, 16:54
Xəbəri paylaş





Xəbər lenti