Ötən il ən yüksək qiymət artımı Qaxda müşahidə edilib


Ölkədə son  10 ilin ən yüksək qiymət artımı ötən il qeydə alınıb
2022-ci ildə Azərbaycanda ortalama qiymət artımı 13.9 faiz olub.
Qiymət artımı dedikdə 2022-ci ildə regionlar üzrə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin əvvəlki illə müqayisəsi nəzərdə tutulur.
“Baku Research İnstitute”un məlumatına görə, ən yüksək qiymət artımı olan rayon Qax olub – 28.8 faiz.
Ən az qiymət artımı olan şəhər isə Naxçıvandır. Burada cəmi 7.5 faiz bahalaşma qeydə alınıb.
2022-ci ildəki qiymət artımı son 10 ilin ən yüksək bahalaşmasıdır.
2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, 2015-ci ildə 4, 2016-cı ildə 12.4, 2017-ci ildə 12.9, 2018-ci ildə 2.3, 2019-cu ildə 2.6, 2020-ci ildə 2.8, 2021-ci ildə isə 2.7 faiz bahalaşma olub.
Ötənilki bahalaşma faizi hətta pandemiya dövründəki bahalı daşınma xidmətləri fonundan daha yüksəkdir.
Hazırki vəziyyətə gəlincə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.1, qeyri-ərzaq məhsulları üzrə 11.4 faiz artım olub.
Hesablama Palatasının ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanın 6.9 faiz olacağı nəzərdə tutulub. Amma sonradan bu göstəriciyə düzəlişlər olunaraq 10.4 faiz səviyyəsində dəqiqləşdirilib.
Mərkəzi Bankın proqnozlarında ilin sonuna inflyasiya 8.3 faiz olaraq götürülüb.
Tarix: 29-07-2023, 18:55
Xəbəri paylaş





Xəbər lenti