Bankların ağlasığmaz faizləri ilə kredit alırsan, VƏ... - rəqəmlərlə "oynayırlar", ödədikcə artır...

Bankların ağlasığmaz faizləri ilə kredit alırsan, VƏ...
Banka borcu olmayan az adam var. Elə adam qazandığından çox...kredit ödəyir. Soruşa bilərsiniz ki, o, necə olur?! Çox sadə! Öz qazancı ilə dolanan az adam var. Hamı öz işindən də başqa çox işlə məşğuldur. İkinci, üçüncü... iş yeri var. Ya biznesdə vasitəçilik edir, ya polisə xəbərçilik edir. Təəccüblü nə var ki?! Bir var, iş verən, bir də var işverən. Polis bölmələrində "üzəduran" "vəzifəsində" işləyənlər də nə çox!
Xırda-xuruş alış-verişlə qəpik-qəpik yığanlar da az deyil. Çox az adam öz qazancı ilə pul yığıb nağdla ev alar, maşın alar. Heç doğru da deyil ki, birdən-birə o qədər pulu verib nəsə alasan. Lap ev olsun, ya maşın olsun. Bu, yağ-bal içində üzənlərin lüksüdür.

Çoxu ya ömür boyu yığıb-yığıb alar, ya da kreditlə. Əslində elə hər yerdə belədir; Amerika da Amerika olanda hamı hər şeyi kreditlə alır. İşin var, ödəmə qabiliyyətin var, söhbət bitdi. İstəyirsən, kredit al, Marsa səyahət elə. Kimdir sənə nə deyən?! Amma bir amma var. Kreditin faizləri. Azərbaycan bankları ağlasığmaz faizlərlə kredit verir. İllərlə krediti ödəyirsən, amma baxıb görürsən ki, hələ heç faizini ödəyib bitirməmisən. Hələ aldığın borc öz yerində qalıb. Bir də nə hikmətdirsə, kredit ödədikcə azalmaq əvəzinə artır. Banklarda rəqəmlərlə necə "oynayırlar", nə oyun çıxardırlar, bir Allah bilir.

Biznes kreditləri almaq üçün alacağın məbləğdən dəfələrlə çox bazar dəyəri olan girov istəyirlər. Hələ o məşhur "şapka"! Bu, başa qoyulan papağın sinonimi deyil. Kredit verməyə görə kredit məbləğinin bir hissəsinin götürülməsidir. Yox, oğurluq yox. Borcalanın razılığı ilə olan şeydir. İndi adını "hörmət" qoyun, "rüşvət" qoyun, "bac-xərac" qoyun. Fərqi yoxdur. Mahiyyət dəyişmir. Bir bankir o qədər ustalıqla və o qədər çox "şapka"almışdı ki, adına "Şapka Mamed" deyirdilər. Sonra həmin adam Sahibkarlar Konfederasiyasının sədri oldu. Taleyin ironiyası buna deyərlər. Ömrü boyu sahibkarların dərisini boğazından çıxaran adamı "Sahibkarların müdafiəçisi", ya da təmsilçisi qoymuşdular. Sözün bitdiyi yerdir.

Seyid Əhmədli, Bizimyol.info
Tarix: 5-08-2023, 17:34
Xəbəri paylaş





Xəbər lenti