Qarabağdakı hotellərdə qiymətlər necədir? - ARAŞDIRMA

Qarabağdakı hotellərdə qiymətlər necədir? - ARAŞDIRMA
Azərbaycanın turizm sektorunda artan inkişaf, ölkənin müxtəlif regionlarındakı otel və mehmanxanaların qiymətlərinə və xidmətlərinə böyük təsir göstərir. Şamaxı, İsmayıllı, Qəbələ, Quba, Lənkəran kimi turistik bölgələrin sırasına artıq Qarabağ da əlavə olunub.
“Operativ Media” Qarabağda istifadəyə verilən hotellərin qiymətlərini araşdırıb. 
Şuşa, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, tarixi və təbiəti ilə turistləri cəlb edir. Burada yerləşən otellərin qiymətləri adətən orta və yüksək səviyyəli xidmətlərə görə dəyişir. 
"Xarıbülbül" hoteldə standart otaq 180 manat, "Qarabağ" hoteldə standart otaq 250 manatdan başlayır. Qiymətlərə səhər yeməyi daxildir. Bununla yanaşı şəhərdə hostel də mövcuddur ki, bir nəfər üçün qiymət 60 manatdır. Bundan başqa şəhərdə "Şuşa" və "Yasəmən" otelləri də fəaliyyət göstərir.
Laçın şəhəri də turistlərin ən çox diqqətini çəkən bölgələrimizdəndir. Laçın şəhərində iki hotel fəaliyyət göstərir. Hər iki hotel konteyner tipli otaqlardan təşkil olunub. Laçında olan “Abdallar” hoteldə standart otaq 40 manatdan başlayır. Səhər yeməyi qiymətə daxil deyil. Burada gecələyənlər hotelin hovuzundan istifadə edə bilir.
Həkəri çayının düz kənarında gecələyib, çaydan balıq tutmaq istəsəniz, o zaman bu şəbəkənin ikinci hotelinə üz tutmalısınız. Burada da qiymətlər standart otaq 60 manatdan başlayır. Qiymətə səhər yeməyi daxil deyil.
Xankəndi, Qarabağın ən böyük şəhərlərindən biri kimi, turistlər üçün maraqlı istiqamətlərdən biri olacaq. Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Xankəndidə iki möhtəşəm hotelin açılışını edib. "Palace hotel"də standart otaq 150-190 manat, "Qarabağ" hoteldə standart otaq 240-340 manat aralığında dəyişir. Qiymətlərə səhər yeməyi daxildir.
Qeyd edək ki, hazırda vətəndaşlar "Yolumuz Qarabağa" portalı vasitəsilə bilet əldə edərək Şuşa və Laçına səfər edə bilərlər. Xankəndi şəhərinə səfər etmək istəyən turistlər isə hələlik gözləməli olacaqlar.
Tarix: 17-07-2024, 00:07
Xəbəri paylaş





Xəbər lenti