“Bu, elə Anarın, Əkrəmin, Elçinin ümumiləşmiş obrazıdır”


Yazıçı Anarın son hekayəsini oxudunuz? Əslində, son ağır sözdü, yeni deyək. “Qatardan qalmış adam”.
Azərbaycanda hekayətlə hekayənin, esse ilə nəsrin fərqini az adam bilir. Az deyib keçməyim, əksər yazıçılar da daxil olmaqla çox az adam. Bu üzdən Anarın prozasının nəsrdən daha çox ssenari, esseyə yaxın olduğunu desəm, xeyli oxucu üzünü turşudacaq. Olsun, bizim qismətimizə də bir ədəbi ömür turş simalara danışmaq düşdü. Düşünürəm ki, Anar ədəbiyyatda elitar nəslin son nümayəndəsi kimi yazdıqlarından və yazacaqlarından rahatdır.
Elitar nəslin son ədəbiyyat nümayəndəsi deyəndə yada Anar kimi təkadlı təqdimatla ədəbiyyata gələn, eyni titulu - Xalq yazıçısı adını daşıyan, ədəbiyyatçı övladı olan, uzun illər vəzifədə qalan, mətnləri nəsrdən çox ssenari qəlibinə yatan və bu təqdimatları davam etdirdikcə Anardan heç nəyi ilə fərqlənməyən Elçin düşür.
Bu eynilikdən bəhs edən və “düşür” sözü ilə bitən bu cümləmdən sonra da tərs kimi yadıma bir lətifə düşür. Lətifə ədəbi mühitdə şair Həmid Herisçi adından nəql olunur, ancaq həqiqiliyinə əmin deyiləm. Guya bir gün Həmid Azərbaycan Yazıçılar Birliyinin binasına daxil olur, (hələ ki girmir, məhz daxil olur) bu zaman o, həmin binanın girişində əksər insanların gördüyü mənzərə ilə qarşılaşır: zoğalı qalstuk taxmış Dayandur Sevgin.
Həmid özünəxas burun səsilə deyir:
- Yafəs Türksəs, necəsən?
Dayandur yarımpərt cavab verir:
- Həmid, mən Yafəs deyiləm, Dayanduram.
Həmid Herisçinin yazımızın son abzasına rövnəq verən ritorik sualı beləcə yaranır:- Nə fərqi var e?
Nə qədər amansız olsa da, eyni qum dənəsinin mövcud olmadığı bu əlvan kainatda bəzən “nə fərqi var?” sualı ritorik olmaya da bilir. Xülasə, elit xələflərdə qalmışdım, ümid edirəm ki, bu cızma-qara da Anarın ahıl köksünün kübar zirehini qıra bilməyəcək.
Əks halda... Qocaman qələm adamının yeni mətnindən bədgüman olması mənə də xoş gəlməz. Hekayəni oxuyanda əksər gənc qələm adamları kimi keçə bilmədikləri AYB səddinin qarşısında durmamışdım, Nabranda qocaman palıd ağaclarının əzəməti altında dincəlirdim. “Qatardan qalan adam” hekayəsini oxuyandan sonra mətn barədə nəsə yazmaq məcburiyyətində qalacağımı da düşünmürdüm. Əsrlərlə əsalətini itirməyən bu əsilzadə palıdlar da şahiddir ki, Anarın oxuduğu son Amerika yazıçısı Skot Fitscerald olan qəhrəmanı İshaqın 44 günlük zəfər savaşından sonra yaşamaqda olan - yəni çağdaş bir obraz olduğunu biləndə xeyli narahat oldum. Bu, zamana uyğun gəlməyən obraza, ümumiyyətlə, Anarın yaratdığı reallığın çağdaş həyatla uyğun gəlməməsi söhbətinə qayıdacam.
Əvvəlcə hekayənin tərzi, dili, ümumilikdə, Anarın təhkiyəsi ilə bağlı iddiamı bitirim; mətn təkcə dramatik detallarıyla deyil, həm də şəkillənməyən zirvələri ilə nəsr olur. Mətnin gücü təkcə əhvalat, dramatika üzərində qurulanda həmin yazı ən yaxşı halda ssenari olur. Müqayisə həmişə qüsurludur, müəllif və mətn müqayisəsini aparmaq isə naqis əməldir, əminəm, ancaq bu yerdə Əkrəm Əylisli və Anar müqayisəsindən qaça bilmirəm... Əkrəmin heç bir əsəri Anarın əsərləri müstəvisində ekranlara yansıya bilmir, Anarın da heç bir hekayəsi, romanı - son hekayələri də analoji olaraq Əkrəmin nəsr bədiiliyinə yüksələ bilmir. Əkrəmin bütün yaradıcılığının impulsunun kökündə bədii informasiya, ədəbi küləklər durur. Əkrəmin mətni isimlər deyil individual sifətlərlə yüksəlir. “Qatardan qalan adam”ın bizə yalnız ismi, bəllidir. İshaq! O da “Salmanzadə” soyadını Amerikada yəhudilərin biznesdə uğur qazanması zərurətindən “sünnət” edib “Salman” etmək istəyir. Mətnin ən uğurlu təqdimatı da elə bu istəyin sondakı cəzasıdır; öldüyü qəsəbədə müsəlman qəbiristanlığı olmadığından yəhudi məzarlığına təhvil verilir, yəhudilərə uyğun heç bir sənədi olmadığından yandırılaraq külü göyə sovrulur. Biznesə görə soyundan keçmək istəyən şərqli yandırılmalıdır. Bu, kiçik ideya deyil!
Ömrünün bir qərinəsini yazıçılar birliyində anarxiyanın qarşısını almaqla məşğul olan Anarın 86 yaşlı qəlbində belə bir iddia varsa, təbii alqışlanmalıdır.
“Qatardan qalan adam” mənə, ümumilikdə, qatarı ötmüş adamların hekayəsi kimi göründü. Həmin obrazı ədəbi mühitimizə proyeksiya etsək, bu elə Anarın, Əkrəmin, Elçinin ümumiləşmiş obrazıdır: telefonu və pulu üstündə olmayanda çağdaş dünyanın heç bir tutacağından yapışa bilməyən, innovasiya çərpələnginin ipini əlindən buraxmış qocalar, qələm adamları...
Təbii ki, bu oxşarlıq “biznesə görə soyadını dəyişmək” məsələsinə aid deyil. Hər kəs gözəl bilir ki, altmışıncılar mövqeyindən, mətnindən asıllı olmayaraq yeni Azərbaycan ədəbiyyat, mədəniyyət tarixini dəyişmiş şəxsiyyətlərdir. Mən çox istərdim ki, Anar bu hekayəsi ilə, özü də daxil olmaqla öz nəslinə, yəni qatarı getmişlərə ironiya etmiş olsun. Əgər qocaman qələm adamının köksündə hələ də bu ironiya, yumor qalıbsa, biz ondan yenə də maraqlı mətnlər, ideyalar gözləyə bilərik.
Lakin əsərin dili 86 yaşlı Xalq yazıçısına xas olmayacaq dərəcədə diletant tərz sərgiləyir, qədimyana qadın adı, klassik yazıçı isimləri olmasaydı və mütaliəyə başlamadan əvvəl hekayənin Anarın olduğunu bilməsəydim, tələskən ofis dilində yazan bu müəllifi “çe”ni “tse” kimi tələffüz edən həvəskar qələmçilərdən biri hesab edərdim.
Məsələn, uğurlu biznesmen olan, Ağ şəhərdə binalardan birinin eyni mərtəbəsini bütünlükdə alan bir şəxsin – yəni yeni dünyayla ayaqlaşa bilən birinin Macarıstanda qatarını qaçırdığını, insulin istədiyini kiməsə anlada bilməməsi, tualet gözətçisini itələyib içəri keçdiyinə görə həbs olunması, bir gecənin içində ölməsi və meyitinin araşdırılmadan qərib qəsəbədə yandırılması yeni dünyanın mənzərəsinə çox yaddır. Yoxdur belə dünya, Anar müəllim! Tərs kimi hekayə redaktə və korrektə səhvləri ilə də göz deşir. Elektron mətbuatın vəfasızlığını göz önünə alıb mətndə istifadə olunan bir cümləni təqdim edirəm. Hansı ki, eyni cümlədə həm redaktə, həm də, korrektə səhvi var:
“Həm də onsuzda axı macar dilini bilmirdi”. Bundan əlavə yazıçının Türkiyə türkcəsini qorumağa çalışdığı cümlələrin hər biri başdan-ayağa səhvdir. Həmin cümlələrdən də yalnız ikisini, ardıcıl gələrək orfoqrafik cəfəngiyyat yaradan bir abzası təqdim edirəm: “Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız”. “Siqara” yox, “sigara”, “yasaqı” yox, “yasağı”, “burakacaqsınız” yox, “bırakacaksınız”, “saatlarla” yox “saatlerle”, “çəkən” yox, “süren”, “danışıqlar” yox, “konuşmalar”, “dözmeli” yox, “tahammül etmeli”, “olacaqsınız” yox, “olacaksınız”.
Bəlkə də, yuxarıdakı qeydlər bəzilərinizə gənc yazıçının Xalq yazıçısından səhv tutmaq azarı kimi görünə bilər. Lakin çox istərdim, biləsiniz ki, son illər özünü Türkiyə türkcəsində danışmağa məcbur hiss edən ziyalıları müşahidə etmək dilini sevən biri kimi ətimi tökür. Leksikonuna yuxarıdakı ifadələri gətirən şəxslər yeni bir “türkcə” yaratmağa çalışır. Fürsətdən istifadə edib bu mötəbər tribunadan müraciət edək: ya, əziyyət çəkib Türkiyə türkcəsini öyrənin, ya da doğma dilimizdə danışın.
Mən ikincini tərcih edirəm. Yeri gəlmişkən, “tərcih” sözü də ilk səslənişdən Türkiyə türkcəsinə xas kimi görünə bilər, ancaq eyni söz Azərbaycan lüğətində də var. “Qatardan qalan adam” hekayəsindəki Türkiyə türkcəsinə xas ifadələrlə bağlı yol verilən bu nöqsanları görməzdən gəlsək belə, hekayədə Azərbaycan ədəbi dilini, xüsusən də xas nəsr dilini korlayan xeyli ifadə var. Həmin ifadələrdən də bircəciyini təqdim edirəm:
“Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi”. Yazıçı nəsrdə (bədii nəsr ifadəsini bilərəkdən yazmıram, çünki həssas bölgülərdə nəsr elə bədii prozanın adıdır) xırda bir təbii ehtiyacı ifadə etmək üçün bu qədər gücənməli deyil. O İshaqda zərrə təbiilik olsaydı, müəllifi həmin cümləni yazanda sərf etdiyi yersiz ifadələri düşünüb tapana qədər elə bahalı idman şalvarına işəmişdi. Çünki nəsrdə həmin cümləni yazmaq üçün “işəmək ehtiyacı hiss edirdi” sözünü yazmağa lüzum yoxdu, “işəməyi gəlirdi” yazmaq kifayət edir. Bilirəm, az əvvəlki “turşumuş üzlər”in sahibləri son abzası oxuyandan sonra iztehza ilə düşünür ki, dünənki bir uşaq Xalq yazıçısına yazmaq öyrədir... Ancaq yüzlərlə esse, onlarla hekayə və iki roman müəllifi kimi publisistika və bədii mətn arasındakı şaftalı-ərik yaxınlığını yaxşı ayırd edə bilirəm. Hansı ki, dad müstəvisində şaftalı və ərik arasında izaholunmaz bir uçurum var, minlərlə qələm adamı bu uçurumdan büdrəyərək qeyb olublar.
Etiraf edirəm, Anardan yazmaq cəsarətim həm də, yaşımdan yox, onun eynən yaşım qədər israrla AYB sədri olmasından və bu israrı üzündən qələminin, xarizmasının korşalmasından yaranır. Anar yaradıcılığının təhlili, tənqidi fundamental yanaşma, genişzolaqlı xitab, cəsarət, vicdan tələb edir. Hazırda özümü bu hisslərə malik saysam da, imkanlarım bu qüdsi ədəbiyyat cəfakeşliyinə yetmir. Gücüm elə “Qatardan qalan adam”a çatır. Gecənin bu vədəsində möhtəşəm tonqalların sönmüş ocağından qalxan qara tüstü kimi səmaya ucalan bu əzəmətli palıd ağaclarının altında əminliklə onu da deyə bilərəm ki, bir gün Anar olmasa da, haqqında anacağımız çox şey olacaq. Mirşahinin dediyi kontekstdə - “Anar və anmazlar” müstəvisində anmazlardan olmadığıma sevinə bilirəm. Bu gün mənim üçün o, böyük ictimai xadim, Azərbaycanın siyasi tarixində cəsarətli izi olan şəxsiyyət və əlbəttə, yaradıcı manevrləri sanballı olan senaristdir - və təbii ki, nəsrini sağlığında tənqid edə bildiyim yazıçılar birliyinin sədri, Xalq yazıçısı. Sabah nə olacaq, onu yaşayanlar biləcək... Xalq yazıçısına sağlam ömür arzulayıram.
Sərdar Amin,
“Qafqazinfo” 
Tarix: 29-07-2024, 09:26
Xəbəri paylaş





Xəbər lenti