Olan-qalan turist də Bakını seçir... - AXI NİYƏ?

Olan-qalan turst də Bakını seçir...
Bir müddət əvvəl Qəbələdə çəkilmiş bir video yayılmışdı. Burada istirahət mərkəzlərinin necə boş qalması göstərilirdi. Yan-yana düzülmüş restoranlarda müştəri gözə dəymirdi. Videonu çəkən şəxs deyirdi ki, yay başlayandan belə vəziyyət yaranıb. Adətən, ərəb ölkələrindən olan turistlər Qəbələyə axın edirmiş. Bu il isə həmin tendensiya müşahidə olunmur.
Bizimyol.info xəbər verir ki, turistlər Azərbaycanda bölgələrə maraq göstərmir. Rəsmi statistika məhz bu həqiqəti ortaya qoyur. Ölkəyə gələn əcnəbilərin 82,5 faizi Bakıda dincəlməyə üstünlük verir. Qəbələ çox populyar istiqamət kimi görünür. Lakin turistlər paytaxtdan sonra daha çox Qusara üstünlük verir. Əcnəbilərin 5 faizi şimal rayonuna üz tutub. Qəbələnin payı isə 3,9 faizdir.

Naftalanın dördüncü yerdə qərarlaşması təəccüblü deyil. Ölkənin ən kiçik şəhəri neft vannaları ilə məşhurlaşıb. Dünyanın müxtəlif yerlərindən bura müalicə üçün gəlirlər. Buna baxmayaraq, ümumi çəkidə 3,6 faiz pay çox da böyük sayılmır.

Sonrakı yerləri yenə şimal rayonları tutur. Turistlərin 2,6 faizi Qubaya, 0,5 faizi Şabrana dincəlməyə gedir.

Turistlər niyə Azərbaycanın bölgələrinə maraq göstərmir?
Hər şeydən əvvəl infrastrukturun olmaması özünü göstərir. Götürək, Gədəbəyi. Gözəl yerləri olsa da, infrastrukturun yoxluğu seçim vaxtında özünü göstərir.

Populyar istiqamətlərin bəzisində yolun keyfiyyəti aşağıdır. Otellərin səviyyəsi də paytaxtdakı obyektlərə uduzur. Əyləncə imkanları geniş deyil. Üstəlik, tarixi yerlər baxımsız vəziyyətdədir.

Mütəxəssislər başqa amilləri də qabardır. Məsələn, əcnəbilər ölkəyə giriş-çıxışı paytaxtdan həyata keçirməli olur. Buna görə də səyahətin ilk və son günləri Bakıda yerləşmək məcburiyyətində qalırlar. Hətta bölgələrə gedənlər də sonradan paytaxta tələsir.

Yolla bağlı yuxarıda yazmışıq. Ölkədə çox istiqamətə qatarla getmək mümkün deyil. Avtobusların vəziyyətinin bərbad olmasını hamı bilir. Qatar olsa, turistlər daha rahat və sürətlə hərəkət edər. Məsələn, Naftalana gedənlər məhz dəmir yolu imkanlarından istifadə edə bilirlər.

Bir sözlə, bölgələrə diqqət ayırmaq lazımdır. Bölgələrin inkişafdan qalması əcnəbilərin seçimlərinə də təsir göstərir. Ölkə, təkcə Bakıdan ibarət ola bilməz.
Tarix: 3-08-2024, 23:10
Xəbəri paylaş





Xəbər lenti