Putinin mühafizəçilərinin əlindəki “qiyamət çantası”nda nə var idi? - "Hər halda şalvar, ayaqqabı fırçası, krem, dəyişik köynəyi yoxdur" - VİDEO
Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri “qiyamət çantası” adlanan qara çantalarla da yadda qaldı. Belə ki, Putini müşahidə edən bütün mühafizəçilərin əlində qara çanta olması çoxlarının diqqətini çəkdi. “Çantada nə var?” sualına sosial şəbəkələrdə maraqlı cavablar gəldi. “Avtomatik silah”, “avtomatik çətir” deyənlər olsa da, ən çox danışılan variant nüvə silahı oldu.
Pravda.az “qiyamət çantası”nda nə olmasına dair kiçik araşdırma aparıb.
Məlumatlara görə, tarix boyu ABŞ və Rusiya nə vaxt bir-birini hədələmək istəsələr, onların ilk kozırları “nüvə çantaları” olub. “Qiyamət çantası” adlanan qara çantalar 1962-ci ildə ortaya çıxıb və bir daha gündəmdən düşməyib. Rusiya hərbi ekspertlərinin zaman-zaman açıqlamalarından məlum olub ki, həmin çantalarda əvvəllər yaradılmış döyüş kodları fləş yaddaş vasitəsilə çanta üzərindən komanda mərkəzinə ötürülür.
“Nüvə portfeli” də adlanan bu çanta Mixail Qorbaçov dönəmində daha çox gündəmdə olub. Həmin dövrdə “Kazbek” adlandırılan çantanı Qorbaçov heç vaxt yanından ayırmayıb. Çantaya qoyulmuş və maqnitofonu xatırladan həmin sistem indi Rusiyada muzeydə sərgilənir.
Ekspertlərin açıqlamalarına görə, çantaya yerləşdirilən sistemdə həmçinin silahların hədəfləri ilə yanaşı mümkün nüvə müharibəsi zamanı prezidentin və onun komandasının gizlənəcəyi sığınacaqların koordinatları da var. Bir sözlə, prezidentlər hara getsələr, bu çanta da onların yanında olur.
Belə ki, 1988-ci ildə Qorbaçovla görüşə gedən ABŞ prezidenti Ronald Reyqan da bütün Moskva səfəri boyu çantanı yanında saxlayıb. Hətta məşhur Qırmızı Meydan yürüşündə də çanta onu müşayiət edən zabitin əlində olub.
Nəhayət, Qorbaçovdan sonra gələn Boris Yeltsinin çantası sələflərindən bir az daha sadə dizayn edilir. Çantanın cəmi üç düyməsi olub. Amerikalılar bir qədər sarkazmla bu sadə dizaynı “sovet liderlərinin ümumiyyətlə yaşlı olması” ilə əlaqələndirirdilər. Yeltsin də 1991-1999-cu illər ərzində "qiyamət çantası"nı heç vaxt “gözündən kənara” qoymayıb.
Beləliklə, Yeltsin həmin çantanı 1999-cu il dekabrın 31-də Kremldə onu əvəz edən yeni Prezident Vladimir Putinə təhvil verir. Həmin çanta da indi Rusiyada muzeydə saxlanılır.
2022-ci ildə Moskvada Vladimir Jirinovskinin dəfn mərasimində Putinin mühafizəçisinin əlindəki məşhur çanta illər sonra daha çox diqqət çəkmişdi. Həmin vaxt xarici media Kremlin strateji raketlərinin buraxılış aparatı daşınan nüvə çantasını Qərbə mesaj kimi dəyərləndirmişdi. Mütəxəssislər isə bildirmişdilər ki, bu, Putinin mümkün sui-qəsd cəhdlərindən dərin narahatlığının işarəsidir. Mediada çıxan xəbərlərə görə, Rusiya lideri bu yolla mesaj verməyi və baş verəcək hadisələrin özünəməxsus şəkildə qarşısını almağı hədəfləyir. Bildirilir ki, fərdi açar kodu olan çanta 24/7 rejimində nəzarət altındadır və Putin bununla bütün Moskva nüvə arsenalına nəzarət edir.
Hazırda isə Putinin “qiyamət çanta”sının sayı bir deyil. Onun Azərbaycana səfəri zamanı bütün mühafizəçilərinin əlində həmin çantanın olması birmənalı müzakirələrə səbəb olub. Bəzi ehtimallara görə, açar kodunun hansı çantada olduğunun bilinməməsi üçün hədəfi yayındırmaq məqsədilə Putin bu variantı seçib. Əslində isə gerçək çanta bir mühafizəçinin əlindədir. Daha çox irəli sürülən versiya isə budur ki, Putin bu dəfə təkcə ABŞ-ni deyil, digər düşmənlərini də hədələyir və Bakıya bir neçə ölkəyə mesaj vermək üçün "əlidolu" gəlib.
Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də bildirib ki, əvvəllər nüvə başlıqlarının düyməsinin həmin çantada olması barədə versiyalar səsləndirilib: “Qərblə, Avropa ilə savaşa çıxan Rusiya Federasiyası kimi bir ölkənin prezidenti üçün cangüdənlərin əllərində çanta gəzdirmələri sıradan hal deyil. Rusiya nəhəng nüvə ölkəsidir. Rusiyada olan nüvə silahlarının, atom bombalarının çox az qismi bəs edər ki, partlayışla dünyanı məhv etsin. Görünür, çantada mühüm silah, ya da sənəd olub. Bu, mühafizə vasitəsi də ola bilər. Hər halda çantalarda şalvar, ayaqqabı fırçası, krem, Putinin dəyişik köynəyi yoxdur... Təbii ki, bütün bunlar fərziyyə olaraq qalır. Putin çox qocalıb, əldən düşüb... Müharibəyə hər gün milyardlarla vəsait xərclənir. Bir var ki, təkcə Ukrayna ilə savaşasan, bir də var, Qərbi Avropa ilə. Rusiya üçün çox çətin durumdur”.