ABŞ Qarabağa sovet dövründəki muxtariyyəti tələb edir - amerikalı konqresmendən sərsəm iddia


 
Bakıdan “Artıq gecdir...” cavabı
ABŞ Konqresinin bir qrup ermənipərəst üzvünün Ermənistan səfəri davam edir. Təbii ki, belə səfərlərdə məqsədlərdən biri kapitulyant ölkənin, uydurma “artsax”ın Azərbaycan qarşısında tək olmadığını göstərmək, erməni radikal-revanşistlərə ruh verməkdir. 
“Qərbin Ermənistanla Azərbaycan arasında nizamlanma layihəsi Qarabağda erməni mədəni irsinin mütləq qorunub saxlanılması və erməni əhalinin təhlükəsizliyinə təminat verilməsi də daxil, Azərbaycanın tərkibində ”artsax"a muxtariyyəti nəzərdə tutur".
Bunu İrəvanda konqresmenlərdən biri - Frank Pallone deyib.
“Azərbaycan da Rusiya və digər ölkələr kimi başa düşməlidir ki, Sovet İttifaqı dövründə muxtar vilayətlər olub. Söhbət təkcə Dağlıq Qarabağdan getmir. Bəli, Azərbaycan Respublika var idi, amma ”artsax" da (?!-red.) muxtariyyət idi. Və bu davam etməlidir. Yəni Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, “artsax”ın statusu var və orada erməni mədəniyyətini və xalqını qorumaq üçün ona hansısa muxtariyyət verilməlidir", - deyə amerikalı konqresmen az qala hədələyici tonda bildirib.
Eyni zamanda o, Azərbaycanın bunu etiraf etmək istəmədiyini, lakin gələcəkdə vəziyyətin dəyişəcəyini (?) iddia edib. Onun fikrincə, status məsələsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə salınmalıdır. Yəni belə çıxır, Şuşa şəhəri də “bərpa ediləcək” DQMV-nin tərkibində olmalıdır (Amerika səfirinin Şuşaya getməməsinin motivi bir daha aydın olur).
Ancaq xam xəyalla yaşayan erməni yanlısı Pallone unudur ki, artıq SSRİ yoxdur və müttəfiq respublikalar SSRİ-nin “irsini”, inzibati-ərazi quruluşunu davam etdirməyə borclu deyil. Ona qalsa, Ermənistan da SSRİ tərkibində poli-etnik respublika idi və orada son rəqəmə görə, 300 min azərbaycanlı kompakt şəkildə yaşayırdı. Qarabağ konflikti başlayanda isə onlar qovuldu və Ermənistan monoetnik ölkəyə çevrildi. Bəs onların taleyi necə olsun? Nədən onlar da geri qayıdıb muxtariyyət almasın? Yəni muxtariyyət veriləcəksə də yalnız simmetrik şəkildə ola bilər. İkinci yandan, hansı ölkədə ermənilər kompakt yaşayırsa, onlara muxtariyyət verilməlidir məntiqindən çıxış eləsək, onda ABŞ-ın Kaliforniya ştatında da mərkəzi Los-Anceles olmaqla erməni muxtariyyəti yaradılmalıdır. Pallone buna razıdırmı?
Konqresmenin yuxarıdakı açıqlaması əslində ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sazişinin hansı variantında maraqlı olduğunu bir daha ortaya qoyur. O zaman bunu Vaşinqtonun rəsmi mövqeyi saymaq olarmı? 
Xatırladaq ki, Rusiyanın variantında status məsələsinin uzaq zamana saxlanması nəzərdə tutulur. Avropa Birliyinin variantında isə bu, ümumiyyətlə yoxdur. Deməli, əslində ən düzgün və ədalətli həll variantı Avropa Birliyinin təklif etdiyi sayılmaldırımı?

Strateji Tədqiqatlar Mərkəzinin eksperti İlyah Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ərazisində kompakt yaşayan ermənilərin gələcək fəaliyyəti müxtəlif güc mərkəzlərini artıq narahat etməyə başlayıb: “Bu xüsusda ABŞ Konqresinin nümayəndələri də canfəşanlıq edirlər. Bu konqresmenlər həm də erməni lobbisinin təsiri alıtınadırlar və onların maliyyə təminatını erməni lobbisi həyata keçirir. Erməni lobbisi ABŞ-da çox güclüdür və əsasən Konqresin içərilərinə doğru irəliləyiblər. Son baş verən proseslərdə Konqresin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri baş tutdu. Bu səfərdə erməni konqresmenlər yer alırdı. Onların içərisində qatı ermənipərəst mövqeyi ilə seçilən Frank Pallone bu gün də müxtəlif çıxışlar edir və Qarabağdakı ermənilərin statusu haqqında cürbəcür mülahizələr irəli sürür.
Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb və ilin sonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması planlaşdırılır. Bu sülh müqaviləsinə gedən yolda əsas vasitəçilər Rusiya və Avropa Birliyidir. Ukrayna müharibəsi fonunda Rusiya bir qədər arxa plana keçib və Avropa Birliyi kifayət qədər fəallaşıb. Təkcə bu il ərzində Brüssel formatında keçirilən görüşlərin 4 dəfə olması da bunun bir nümunəsidir. Eyni zamanda Brüssel həm də ötən ilin dekabrından başlayaraq diplomatik trekin bir illiyində öz 1 illik fəaliyyəti ilə bağlı da tutarlı addımlar atmaq niyyətindədir. Bu da açıq-aydın şəkildə görünür. Digər tərəfdən, Qarabağdakı separatçılar İrəvanda Nikol Paşinyanla görüşdən çox məyus ayrılıblar və separatçıların rəhbəri üzünü İrəvana deyil, Rusiyaya tərəf tutur. Onlar üçün canfəşanlıq göstərən bəzi ABŞ konqresmenlərinin də fikriləri ortadadır".
Ekspertin sözlərinə görə, danışıqlar müstəvisində Qarabağdakı ermənilərə muxtariyyət tələbi bir zamanlar mövcud olub: “Lakin bu gün bu məsələ gündəmdə deyil və cənab Prezident İlham Əliyevin 2021-ci ilin 7 iyul tarixində imzaladığı sərəncamla işğaldan azad olunmuş ərazilərdə iki iqtisadi rayon yaradılıdı. Şərqi Zəngəzur və Qarabağ. Qarabağ iqtisadi rayonunda olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi başlanıldı və müxtəlif mexanizmlər tətbiq olunur, onlar üzərində iş gedir. Başqa bir tərəfdən Praqa görüşündə Prezident İlham Əliyev bəyan etdi ki, Qarabağdakı ermənilərin siyasi-hüquqi gələcəkləri Azərbaycanla bağlıdır və bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bu məsələ bağlıdır, ikitərəfli münasibətlər çərçivəsində sülhün və təhlükəsizliyin qorunması həyata keçirilir, sülh müqaviləsində ümumiyyətlə bu məsələyə toxunulmamalıdır. Avropa Birliyinin də yanaşması bundan ibarətdir. Şarl Mişelin bəyanatında Qarabağdakı ermənilər xalq yox, əhali adlandırılır. Bu da çox doğru yanaşmadır.
Separatçıların hansı istiqamətə üz tutmasından asılı olmayaraq, onların arxasında dayanan havadarlarının, xüsusilə erməni lobbisinin istəyinin nədən ibarət olmasından asılı olmayaraq bu ərazi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır və orada olan əhali Azərbaycan vətəndaşlığını qəbul etməlidir, eyni zamanda ərazi hərbisizləşdirilməlidir. Bu zaman sivil insanlar çox rahatlıqla Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edərlər. Məsələyə bu cür yanaşılmalıdır. Hər hansı status haqqında fikir söyləmək isə sülhə təhdid yaradır. ABŞ konqresmeninin dilə gətirdiyi açıqlama gərginliyin yaranmasına hesablanıb".
Tarix: 22-10-2022, 09:23
Xəbəri paylaş





Xəbər lenti