“Ermənistan müşahidəçiləri sərhədə toplamaqla vaxt qazanır və silahlanır“


Siam.az politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir:
- Son günlər İran-Azərbaycan münasibətlərində gərginlik yaşanır. Tehran sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirir və bunun Azərbaycana qarşı olduğunu da gizlətmir. Yaranan durumu necə qiymətləndirirsiniz?
- İran artıq ikinci dəfədir ki, belə çaşqınlıq və təəccübə səbəb olan davranış edir. Birinci dəfə Rəisi yeni hakimiyyətə gələndə baş verdi, bir də indiki təlimlər. Azərbaycan hər zaman elan edib ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədinə təsir etməyəcək. Azərbaycan Ermənistanın nəzarət etmədiyi dəhliz alsa da, bu, İran-Mehri çıxış qapısına məhdudiyyət qoymur. Bu baxımdan İranın hərəkəti anlaşılmazdır. Ola bilsin ki, bu, daha çox başqa ölkələrin - əsas da Türkiyənin qorxusundan isrəli gəlir. Ya da İran hökumətində müdrik adamların olmadığına dəlalət edir. Çünki İranın böyük dövlətçilik məktəbi, dövlət ağlı var. Amma belə tələsik çaşqın hərəkət etməyə adətən üstünlük verməzdi. Bu prosesdə biz əksini gördük. Görünən odur ki, ciddi narahatdırlar. Amma bu əsassızdır.
- İran 30 ildir ki, hansı səbəblərdən müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı müdafiə edir?
-İran üçün xristian və ya müsəlman anlayışı yoxdur, onlar hər zaman İran dövlətinin maraqlarından çıxış edir və bunu bilmək lazımdır. Daima da belə olub. Amma Azərbaycan torpaqları 28 il işğal altında oldu, İran indi Azərbaycana qarşı istifadə etdiyi ifadələri heç vaxt Ermənistana qarşı nümayiş etdirmədi. Əksinə, daima Ermənistanla müsbət münasibətlər qurdu, ermənilərə dəstək verdi. Bu da İranın iç siyasətindən doğur. Bəli, güclü Azərbaycan İranın maraqlarına uyğun deyil. Bunu da açıq göstərirlər.
- 44 günlük savaşdan sonra regionda şərtlər köklü şəkildə dəyişib. İranın təhdidlərinin Azərbaycanı qorxutmadığını nəzərə alsaq, Tehran Bakı və bölgə ilə bağlı siyasətində korrektələr edə bilərmi?
- İranda sanki hökumətdə qüvvələrin hamısı hormoniyada deyil, zaman-zaman fərqli bəyanatlar verilir. Rəisi hökuməti dövründə ziddiyyətli bəyanatlar daha çox müşahidə olunur. Odur ki, Azərbaycan öz ordusunu silahlandırmalı, müasir texnologiya ilə təmin etməlidir. Mən düşünmürəm ki, İran və Azərbaycan arasında müharibə ola bilər. Amma Azərbaycan hər zaman güclü olmalıdır ki, kimsə onunla aşağılayıcı tərzdə danışmağı ağlına gətirməsin, bərabərhüquqlu danışmağı öyrənsin.
- Hazırda İran, Hindistan və Fransanın Ermənistana silah sata biləcəyi haqda iddialar var. Rəsmi İrəvan da bunu təkzib etmir. Bu ölkələr Ermənistanı Azərbaycana qarşı silahlandıra bilərmi?
- Qısa dövr olmasa da, zamanla bu mümkündür. Çünki bura çox kiçik ərazidir. Görürsünüz ki, İran hökuməti Rusiyaya nə sayda dronlar veriblər və bu silahlar Ukraynada mülki obyektləri və insanları məhv edir. İran və Hindistan buna gedərsə, eləcə də yüksək hərbi texnologiyası olan Fransa Ermənistana silah ötürərsə, bu, bölgədə sülhə xidmət etməyəcək. Xüsusilə nəzərə alsaq ki, hazırda Ermənistan və ABŞ arasında da bu mövzuda hansısa kontaktlar davam edir. Ermənilər ABŞ-dan müasir silahlar almaq niyyətindədir. Məncə, ABŞ Ermənistana silah verə bilər. İndi Ermənistan Avropa Birliyinin müşahidəçilərini sərhədə toplamaqla sanki özünün silahlanması üçün taymaut götürməyə çalışır. Əgər Ermənistan tez zamanda sülhə getməsə, sülh sazişi imzalamasa bu o deməkdir ki, İrəvan müharibəyə hazırlaşır.
- Sizcə, bu, realdırmı?
- Hadisələr bunu ortaya çıxara bilər. Sözsüz ki, Prezident İlham Əliyev bu məsələləri çox gözəl bilir və hər zaman Azərbaycan ordusunun müasir texnoloiya ilə təchiz edilməsini düşünür, buna da çalışır. Məncə, Prezident daha çox müasir silahları İsrail və Türkiyədən almağı planlayır. Və alırlar da. Nəzərə almaq lazımdır ki, bizdə belə kanallar açıqdır və hər zaman ala bilərik. Amma Ermənistan indi bu prosesə girir ki, alsın. Hələlik Ermənistana belə silahlar verilməyib, amma ermənilər buna çalışır. Məsələn, Amerikadakı Bayden hökuməti tarixdə görünməyən şəkildə ermənilərə dəstək olurlar. Mən düşünürəm ki, bu hökumət Ermənistana kəşfiyyat xarakterli və video müşahidəyə imkan verən aparatlar, eləcə də dronları vura bilən sistemlər verə bilər. Yəni müdafiə xarakterli silahlar. Əgər Fransa prezidenti bu məsələyə şəxsən özü girişibsə, deməli, Fransa arsenalında olan silahlar da ötürülə bilər.
Azərbaycan ordusu hər gün təlimlərdədir və hazır olmalıdır. Əgər Ermənistan qısa müddətdə sülh müqvailəsinə getməyəcəksə, deməli niyyəti başqadır. Bunu da ən yaxşı Prezident İlham Əliyev hiss edəcək. Çünki danışıqları aparır və qarşıdakı şəxsin niyyətlərini görə biləcək. Yəni Ermənistanın diplomatik görüntü yaratmaqla başqa niyyətlərə düşməsi ehtimalı var.
- Yaxın dövrdə hərbi qarşıdurma gözləyirsinizmi?
- İndiki zamanda onu görmürəm. Ermənistan sərhədə xarici müşahidəçilər gətirib, özü də hazırda müharibə aparmaq imkanında deyil. Sadəcə olaraq Avropa İttifaqı müşahidəçilərini pərdə kimi istifadə edərək başqa fikirlərə düşə və ya onları buna yönəldə bilərlər. Sülhə getməyəcəksə deməli, vəziyyəti dəyişməyə çalışacaq. Amma bu ssenari də Ermənistan üçün fəlakət olar. Çünki bizim ordumuz və döyüşçülərimiz böyük ruha malikdir və savaşlarda da bunu dəfələrlə nümayiş etdiriblər./Teleqraf
Tarix: 26-10-2022, 21:56
Xəbəri paylaş





Xəbər lenti