“Qarabağdakı separatçıların təmizlənməsi istiqamətində ciddi addımlar atılacaq”


Hərbi ekspert: “Düşünmürəm ki, Rusiya hərbi kontingenti vaxtları bitənədək – 2025-ci ilədək Qarabağda qalsın”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edərkən Ermənistana xəbərdarlıq edib. Ölkə başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır.
“Onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi”, - deyə Azərbaycan lideri bəyan edib.
Ali Baş Komandan Vətən müharibəsindən sonra keçirilən əməliyyatları xatırladıb: “Bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır”.
“Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, - deyə Prezident vurğulayıb.
Ölkə başçısının bu xəbərdarlığından rəsmi İrəvanın və erməni xalqının hansı dərsi çıxaracağı sualı açıq qalır. O mənada ki, bundan əvvəl də Azərbaycanın birinci şəxsinin Ermənistana xəbərdarlıqları olub, lakin İrəvan sülhdən yayınmaqla bərabər, hərbi təxribatlarından da əl çəkməyib.

Hərbi ekspert Ədalət Verdiyev AYNA-ya müsahibəsində deyib ki, Ali Baş Komandanın Şuşada səsləndirdiyi bəyanatlar açıq və konkretdir:
- Prezident bu çıxışında növbəti dəfə Ermənistana Üçtərəfli Birgə Bəyanatda üzərinə götürdüyü öhdəlikləri xatırlatdı və bunların icrasının tələb oldunduğunu bildirdi. Öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın daha təsirli addımlar atacağını, adekvat tədbirlər olacağını ölkə başçısı açıq şəkildə dedi. Bu, atılacaq addımların anonsu idi. Ermənistan üzərinə götürdüyü öhdəlikləri – Zəngəzur dəhlizinin icrasını və Qarabağdakı qeyri-qanuni silahlı terrorçu dəstələrin çıxarılmasını həyata keçirilməlidir. Əks halda, Prezident növbəti qətiyyətli əməliyyatların keçiriləcəyini istisna etmədi.
- Bu xəbərdarlığa Ermənistanın reaksiyası maraqlıdır. Bundan sonra düşmən təxribatlarını davam etdirəcəkmi?
- Ermənistanın təxribatları heç vaxt istisna deyil. Onların təxribat törətməyəcəyinə zəmanət yoxdur. Bu, baş verə bilər. Amma hesab edirəm ki, təxribatların miqyası yəqin ki, əvvəlki kimi olmayacaq. Çünki 13-14 sentyabr təxribatları zamanı Ermənistan şəxsi heyət, hərbi texnika və ciddi mövqe itkilərinə məruz qaldı. Törətdikləri təxribat onlara baha başa gəldi.
Bütün hallarda, onların hansı əməliyyatdan dərs çıxarıb-çıxarmayacağını deyə bilmərik. Əgər 44 günlük müharibə kimi genişmiqyaslı müharibədə ağır məğlubiyyət onlara dərs olmadı, yenidən təxribatlara əl atdılarsa, bundan sonra da əməllərini təkrarlamayacaqlarını demək çətindir. Təsəvvür edin, Ermənistana on mindən çox fərari, beş mindən çox itki, on iki minə yaxın yaralı dərs olmadı. Bu baxımdan, yenə deyirəm ki, onların yenidən vəziyyəti gərginləşdirmək istiqamətində addım atmayacağını demək çətindir.
Əslində Ermənistanın hansı əməliyyatdan dərs çıxarıb-çıxarmadığı Azərbaycanı o qədər də maraqlandırmır. Azərbaycan Ordusu düşmənin istənilən təxribatına zamanında və qətiyyətli şəkildə təsirli cavab verməyə hazırdır. Daha doğrusu, təxribatlara sərt cavab vermək məcburiyyətindəyik. Təxribat olarsa, cavabı sərt şəkildə veriləcək. Bundan İrəvandakılar əmin ola bilərlər. Prezident də Şuşada məhz bunları söylədi.
- Üçtərəfli Birgə Bəyanatdakı öhdəlikləri Ermənistanın, nəhayət, yerinə yetirəcəyinə inam varmı?
- Məncə, yox. Ermənistan daxilində hazırda siyasi böhran yaşanır. Belə kataklizmlərin yaşandığı bir vaxtda Nikol Paşinyan hakimiyyətinin öhdəliklərin icrası ilə bağlı konkret addımlar atacağı real görünmür. Erməni müxalifətinin Paşinyan hökumətinə qarşı bu öhdəliklərlə bağlı təzyiqləri kifayət qədər ciddidir. Rəsmi İrəvan istəsə də, öhdəlikləri yerinə yetirə bilməyəcək. Ona görə də, böyük ehtimalla, yaxın vaxtlarda Azərbaycan Ordusunun Qarabağdakı erməni silahlı tör-töküntülərinin təmizlənməsi istiqamətində addımlar atacağını müşahidə edəcəyik.

- Prezident bəyanatında həm də Rusiya sülhməramlıları ilə bağlı fikir bildirdi. Söylədi ki, "sülhməramlı kontingent Qarabağda müvəqqəti yerləşib, onların getmə vaxtı var, Ermənistan və separatçılar missiyaya o qədər də bel bağlamasın". Sizcə, bu, Ermənistanla yanaşı, Rusiyaya da mesaj deyildi?
- Əlbəttə, mesaj idi. Onsuz da biz bilirik ki, Qarabağdakı qondarma rejimi, silahlı-terrorçuları cəsarətləndirən, oradakı prosesləri idarə edən, Ermənistandan Xankəndiyə əlavə insanlar cəlb edən sülhməramlı adlandırılan missiyadır. Rusiya hərbi kontingenti üzərinə düşən vəzifələri yerinə yetirmir, əksinə, Azərbaycana qarşı erməniləri qızışdırmaqla məşğuldurlar. Separatçı ünsürlər orada silahlandırılır, mövqelər inşa edirlər ki, bunu özləri yox, məhz sülhməramlı deyilən qüvvələr edirlər. Bu, sirr deyil, açıq görünən, faktlara əsaslanan haldır. Azərbaycan tərəfi terrorçu rejimə bildirdi ki, sülhməramlılara ümid olmasınlar. Ümumiyyətlə, düşünmürəm ki, Rusiya hərbi kontingenti vaxtları bitənədək – 2025-ci ilədək Qarabağda qalsın. Nəzərə almaq lazımdır ki, həmin hərbçilərin sülhməramlı missiya üçün mandatı yoxdur. Separatçıları silahlandırma, onları qızışdırma siyasəti sülhməramlıların mandatının müəyyənləşmədiyi dövrdə baş verirsə, onların ərazimizdən çıxarılması hər an baş verə bilər. Hərbi kontingentin çıxarılması 1990, 1992 və ya 20120-ci illərdə olduğu kimi Azərbaycan üçün ciddi problem təşkil etməyəcək. Onsuz da Qarabağda baş verənlərin birinci günahkarı Rusiya hərbi kontingenti və onun komandanlığıdır. Bu, onların ərazimizdən çıxarılması üçün tutarlı arqumentdir.
Tarix: 10-11-2022, 16:18
Xəbəri paylaş





Xəbər lenti