Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev Tərtərdə torpağa tapşırılıb


Birinci Qarabağ müharibəsində itkin düşmüş  şəxsiyyəti
müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə
dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər
xiyabanında dəfn olunmuşdu.
Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində Tərtər və Kəlbəcər Rayon
İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının,
şəhidlərin ailə üzvlərinin, qazilərin, veteranların, idarə, müəssisə, təşkilat
kollektivlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin  ictimaiyyət
nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Vida mərasimində Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli
nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin
ruhuna dualar oxuyub. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər
Qocayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr
diləyiblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq
qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını
vurğulayıblar.
Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa
tapşırılıb.
Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Birinci Qarabağ müharibəsində
Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında
Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.
Tarix: 23-05-2024, 07:35
Xəbəri paylaş





Xəbər lenti