Zəngəzur dəhlizi GÜNDƏMDƏ: - Pezeşkian İranın "qırmızı xətti"ni POZACAQ?
Məlum olduğu kimi, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçıların təmsilçisi Məsud Pezeşkian səslərin 53,3 faizini qazanaraq qalib gəlib. O, İranın sayca doqquzuncu prezidenti olub. Ermənistan Baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Telefon danışığında tərəflər əvvəllər dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər. Eyni zamanda, mümkün olan qısa vaxtda görüşmək barədə razılığa gəliblər. Açığı Pezeşkianın digər prezidentlərdən fərqli siyasət yürüdəcəyi gözlənilmir. Məlum azərbaycanlı prezident İran iqtidarına sadiq biri olaraq qiymətləndirilir. Amma Zəngəzur məsələsində fərqli bir addım ata bilər? İlin sonuna qədər bu dəhlizin açılması mümkündür?
Mövzunu Sonxeber.az-a şərh edən Turan Rzayev deyib ki, şübhəsiz Məsud Pezeşkianın prezident kimi Ermənistan ilə münasibətləri necə formalaşdıracağı diqqət çəkir. Xüsusilə də Tehran-İrəvan münasibətlərində dəyişikliyin olub-olmayacağı başlıca sualdır:
"İranda prezident institutunun xarici siyasətdə elə də çox təsir gücü yoxdur. Ölkəyə İran Ali dini lideri və SEPAH nəzarət edir. Məsud Pezeşkian istəsə belə Ermənistanla münasibətləri dəyişməyəcək. M.Pezeşkian deputat olan vaxtı çox şey deyə bilər. Yəni deputat kimi onun sözlərinin məsuliyyətini hökumət daşımır. Amma Pezeşkian prezident kimi artıq İranı təmsil edir, müsbət yaxud mənfi istiqamətdə özbaşına nəsə deyə bilməz. Paşinyanla söhbət zamanı M.Pezeşkian dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyib. Pezeşkianın verdiyi reaksiyalar heç də onun şəxsi görüşü deyil. Misal üçün, 2019-cu ildə İranda yaşayan azərbaycanlılar Tehranda yol verilən təxribata qarşı çıxaraq siyasi sferada əhəmiyyətli rol oynayan bir neçə soydaşımız bu addıma görə hökumətin günahkar olduğunu bildirmişdi. Mümkündür ki, M. Pezeşkian da məhz buna görə hökumətin istəyi üçün tənqidi yazı qələmə alıb".
Politoloqun sözlərinə görə, 2020-ci ildə isə artıq M.Pezeşkian deputat kimi reaksiya verir və aydın məsələdir ki, İran hakimiyyəti həmin vaxt deputatların dili ilə konkret mesajlar verirdi:
"M.Pezeşkian ilə bağlı digər məqam onun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlıdır. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın mövqeyinə təsir edib-etməyəcəyidir. Bildiyimiz kimi, Zəngəzur dəhlizi məsələsi İran üçün dəyişməz bir məsələdir. Tehranın bu məsələyə qırmızı çizgi kimi baxacağı mümkün variantdır. Tehranın Qafanda konsulluq açması əslində bu məsələdə Pezeşkianın məsələyə baxışının dəyişməz olduğunu sübutudur. Tehran xüsusilə sərhədlərin dəyişməzliyini hər zaman diqqətə çatdırır. Habelə İran-Ermənistan sərhədi də daxil olmaqla Ermənistanın cənubunun Azərbaycanın yaxud üçüncü bir dövlətin nəzarətinə keçməsinə razı deyil. Yəni Məsud Pezeşkian bu məsələdə qərarvermə mexanizminə sahib deyil".