Qafan-Gorus yolu işğala qədər hər zaman Azərbaycanın nəzarətində olub
2020-ci ilin ikinci yarısı idi, mətbuat Gorus-Qafan yolunda Azərbaycan əsgərlərinin bayraqları ilə birlikdə anidən peyda olduğunu və ermənilərin qorxduğunu yazdı. Bunu Ermənistan hökumətinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan deyib.
Keçmiş hökumət rəsmisi bununla da 21 kilometr uzunluğundakı sözügedən ərazinin Azərbaycanın nəzarətinə keçmə prosesinin başladığını bildirib:
“Məsələ ilə bağlı müxtəlif məlumatlar var. Bir neçə gün öncə keçmiş xarici işlər naziri Ara Ayvazyan Gorus-Qafan yoluna nəzarətin Bakıya necə keçdiyi və hər hansı sənədin imzalanması ilə bağlı məlumatının olmadığını dedi. Lakin sonra öyrənib ki, bununla bağlı Bakı və İrəvan arsında hətta memorandum imzalanıb. Nazir həmin sənədi tələb etdiyini deyir. Düşünün, 2020-ci ilin dekabrından, 2021-ci ilin may ayına qədər Ermənistan XİN Müdafiə Nazirliyindən yolla bağlı həmin sənədi tələb edib. A.Avazyan deyir ki, o sənədi məhz Müdafiə Nazirliyi imzalayıb. Müxtəlif dövlət rəsmilərinin də belə bəyanatları var. Lakin əsas iddia budur ki, 2020-ci ildə 9/10 noyabr bəyanatı imzalandıqdan sonra müharibənin Sünikə (Zəngəzur - red.) keçməsinin qarşısını almaq üçün Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə sözügedən yolun Azərbaycana təhvil verilməsinə dair sənəd imzalandı”.
E.Manukyanın sözlərinə görə, sonrakı müddətdə daha bir sənəd dərc olunub:
“Daha sonra noyabrın 9/10-da üçtərəfli formatda imzalanan bəyanatın məntiqi davamı olan bir sənəd dərc olundu. Burada əvvəlki sənəddə yer almayan detallar vardı. Məlumata görə, ikinci sənəd məhz 9/10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını təsdiqləmək üçün hazırlanıb. Lakin heç kimə rəsmi sənədin olduğu deyilmir, sadəcə şifahi razılamanın əldə edildiyi bildirilir. Bundan sonra da sülh prosesində məhz həmin sənədlərə uyğun hərəkət ediləcəyi deyilir”.
Manukyanın sözlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, belə fikirlərə o qədər də əhəmiyyət vermək lazım deyil: “Bunlar hökümət əleyhinə olan qüvvələrin müxtəlif səpkidə atdığı böhtanlar və yanlış fikirlərdir. Əsas məqsəd erməni ictimaiyyətini hökümət əleyhinə kökləməkdən ibarətdir. Keşiş Baqrat Qalstanyan Ermənistanın bütün regionlarını gəzərək növbəti etiraz dalğasında daha böyük kütləviliyi təmin etməyə çalışır ki, hakimiyyəti istefaya göndərmək mümkün olsun. Ona görə də ictimai fikirdə bu cür yalanlar ortaya atılır. Dünənə qədər hökümətin işlərində bilavasitə iştirak edən Manukyan istefa verməklə hakimiyyət əleyhinə çıxmağa başlayıb. Belə olan halda ortaya sual çıxır ki, həmin ərazilər həqiqətən də Ermənistanındırsa və hansısa gizli danışıqlar yoluyla Azərbaycana verilibsə, niyə Manukyan hakimiyyətdə olan zaman səsini yüksəltmirdi? Manukyan kimi belə böhtan atan şəxslər çoxdur. Bunların isə heç birinin ciddi əsası yoxdur”.
Ekspert qeyd edib ki, Qafan-Gorus yolu Ermənistan ərazisi kimi təqdim edilir: “Bu yol işğala qədər hər zaman Azərbaycanın nəzarətində olub. Azərbaycan sadəcə olaraq özünün işğal olunan ərazisindəki yolu kəsərək nəzarət mexanizmlərini yaratdı. Bu isə Ermənistanla bərabər İranı da çətin vəziyyətə qoydu. Eyni zamanda bu Rusiyanın belə gözləmədiyi addım idi. Digər tərəfdən sözügedən addım o qədər strateji və qəflətən oldu ki, gələcək prespektivdə Laçın yolunun kəsilməsi və sərhəd keçid məntəqəsinin yaradılmasının başlanğıcı idi. Yəni sözügedən ərazilər Azərbaycan məxsus olub. Azərbaycanın halal torpaqlarını geri qaytaranda belə müxaliflər hökümətin Ermənistanın torpaqlarını Azərbaycana verməsi kimi təqdim edirdilər. Burada əsas məsələ guya Nikol Paşinyan və hökümətinin xəyanətkar, satqın olduğunu göstərməkdir. Yəni bunların hamısı yalan üzərində qurulan siyasətdir. Azərbaycan heç bir ərazisini Ermənistana güzəştə getmək niyyətində deyil. Bundan sonra da Azərbaycan öz haqlarını axıra qədər müdafiə edəcək. Zəngəzur dəhlizi məsələsi qlobal güclərin rəqabət mərkəzinə çevrilib. Burada Ermənistanın qərarı önəmlidir. Baxmayaraq ki, Zəngəzur məsələsində əsas əngəlləyici amil qonşu İran dövləti və Xamneinin fikridir. Ancaq Ermənistan bu yöndə qərar qəbul edərsə, İranın edə biləcəyi heç nə qalmayacaq. Ermənistan isə sözügedən məsələni özü üçün həssas saydığına görə və zamanından tez verilən qərarın hökümət əleyhinə olacağını düşünərək bəzi təlimatları almadan belə bir qərarı vermək istəmir. Ona görə də proses ləngiyir. Amm hər şeyin zamanı olduğu kimi Zəngəzur dəhlizi ilə bağlı məsələnin də öz vaxtı var. Zamanı çatanda Azərbaycanın maraqları kontekstində Zəngəzur dəhlizi ilə bağlı qərar veriləcək”.