Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkündür. Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Vətəndaşları maraqlandıran digər məsələ isə Xankəndi şəhərinə səfərlə bağlıdır. Yəni Xankəndi şəhərinə getmək üçün hansı tələblər var? Xankəndi şəhərinə getmək üçün prosedur necədir? Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən Bizim.Media-ya verilən açıqlamada Şuşaya səfər üçün icazə almaqla Xankəndi şəhərinə də getməyin mümkün olduğu bildirilib. “Xankəndi şəhəri üçün ayrıca icazə tələb olunmur. Təyinat nöqtəsini Şuşa seçməklə Xankəndi şəhərinə də səfər etmək olur. Eyni şərtlər burada da keçərlidir”, -deyə qurumdan qeyd olunub.