ABŞ və digər Qərb dövlətləri Türkiyəni qlobal oyundan çıxartmaq üçün açıq terror hücumuna keçiblər. Ötən il ərzində Türkiyədə törədilən çoxsaylı terror aktlarının “son akkord”u yeni il gecəsi İstanbulun məşhur “Reina” gecə klubunda “vuruldu”. Qanlı hücum nəticəsində 39 nəfər həlak oldu, 69 nəfər isə yaralandı. Terror hücumu zamanı həyatını itirənlərin 16 nəfəri 2017-ci ili Türkiyədə qarşılamaq həvəsi ilə İstanbula gələn əcnəbilər idi.Dekabr ayı terror hücumlarının intensivliyi baxımından, Türkiyə üçün xüsusilə, ağır keçdi. Dekabrın 11-də İstanbulun Beşiktaş səmtində – “Vodafone Arena” stadionu yaxınlığında törədilmiş terror aktı nəticəsində 46 nəfər həlak oldu, 166 nəfər yaralandı. Bir həftə sonra – dekabrın 17-də Kayseridə baş vermiş terror hücumu isə 14 hərbçinin həyatına son qoydu. Ardıcıl şəkildə həyata keçirilən terror hücumlarının sistemli xarakter alması Türkiyənin beynəlxalq güclərin açıq hədəfində olduğunu bir daha təsdiqlədi.
Nə üçün “Reina”?“Reina” gecə klubunda törədilmiş terror aktından sonra ənənəvi “Kim və niyə” sualı ətrafında yeni müzakirələr başlandı. Əslində, bu polemikalara yeni də demək olmaz. Çünki hər terror hücumlarından sonra qanlı aksiyanın mümkün təşkilatçıları və məqsədləri ətrafında diskussiyalar aparılırdı.
“Reina” terroru haqqında ilk məlumatlar yayıldıqdan sonra bu hücumun arxasında da ABŞ başda olmaqla, Qərb ölkələri xüsusi xidmət orqanlarının dayandığı mülahizələri irəli sürüldü. Terror aksiyasının təşkilatçısı qismində nəzərlərin yenə Qərbə tuşlanması təsadüfi deyildi. Türkiyənin müstəqil siyasət kursunu həzm edə bilməyən Qərb üzrə “müttəfiqlər”i Ankaranı ram etmək üçün artıq bütün vasitələri özlərinə məqbul sayırlar. ABŞ-dan idarə olunan 15 iyul çevrilişinə cəhdin iflası və Türkiyənin regional proseslərin “bataqlığında” ilişib qalmaması Qərbi məhz terror ssenarilərinin icrasına sövq edib. Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırması isə “Köhnə dünya”nı Ankaraya qarşı daha da aqressivləşdirib. Türkiyədə baş verən bu və ya başqa terror aktlarına görə məsuliyyəti hansısa qruplaşmanın öz üzərinə götürməsinə baxmayaraq, həmin hücumların ABŞ, yaxud da Türkiyəyə nifrətlərini diplomatik davranışla pərdələməyə belə ehtiyac görməyən Almaniya ilə Fransanın “mətbəx”ində hazırlanması bir aksiom kimi şübhə doğurmur.
Qərbin İstanbulda yeni il gecəsi təşkil etdiyi terror hücumunun məkanı olaraq, “Reina” gecə klubunun seçilməsi də Türkiyəyə vurula biləcək zərərin miqyasını böyütmək məqsədi daşıyıb. Türkiyədə turizm sektorunun əcnəbilərin daim axın edəcəyi dərəcədə yüksək səviyyədə inkişafı və ölkə iqtisadiyyatında bu sahənin böyük əhəmiyyətini nəzərə alsaq, terror hücumunun “Reina”da gerçəkləşməsinin səbəbi aydın olar. Məqsəd xarici ölkə vətəndaşlarının nəzərində Türkiyəni “terror ocağı” kimi göstərməklə, ölkə barəsində neqativ təəssürat yaradaraq, turizm axınının qarşısını almaq və dövləti milyardlarla gəlirdən məhrum etməkdir. Bu terror hücumunun həyata keçirilməsi üçün vaxt seçimi də bəhs olunan ehtimalı qüvvətləndirir. Çünki İstanbulun ən sabit səmtlərindən biri sayılan Ortaköy əcnəbi turistlərin hər zaman gur olduğu ərazidir. Yeni il ərəfəsində İstanbula gələnlərin də əksəriyyəti gəzinti və əyləncə üçün məhz Ortaköyü seçirlər. O cümlədən, həmin səmtdə yerləşən “Reina” gecə klubunun əsas müştəri kontingentini də xarici ölkə vətəndaşları təşkil edirlər. Gecə klubunda həlak olanların təqribən yarısının əcnəbilər olması təşkilatçıların gerçək hədəfini bir daha göstərir.
Kimin əli ilə?“Reina” terroruna görə məsuliyyəti İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin öz üzərinə götürməsindən sonra qanlı hücumun icraçısı haqqında müəyyən məlumatlar açıqlanıb. Bildirilir ki, gecə klubuna silahlı basqın ötən il noyabrın 26-da həyat yoldaşı və iki övladı ilə birlikdə Türkiyəyə (Konyaya) gələn bir uyğur türkü tərəfindən törədilib. İcraçının etnik mənsubiyyətinin müəyyənləşdirilməsi yuxarıda qeyd olunan ehtimalı bir qədər də konkretləşdirməyə imkan verir. Məlumdur ki, Çinin tərkibində muxtariyyata malik olan uyğur türkləri hakim etnosun daimi təzyiqi altında yaşayırlar. Pekin rejiminin uyğurlara yönəlik assimlyasiya siyasətinə baxmayaraq, bu xalq özünün milli-dini kimliyini qoruyub, mühafizə etmək üçün bütün gücü ilə müqavimət göstərməkdədir. Çin hakimiyyətinin uyğurlara qarşı aramsız təzyiqi dəfələrlə Türkiyənin kəskin etirazına səbəb olub və məhz bu amilə görə Ankara-Pekin münasibətlərində gərginlik heç vaxt səngiməyib. Eyni zamanda, Çini zəiflətmək məqsədi ilə uyğur amilindən faydalanmağa çalışan ABŞ da bu etnosa yönəlik müəyyən jestlər edib. Hətta Dünya Uyğur Konqresinin sədri, hazırda ABŞ-da yaşayan Rabiyə Qədir Birləşmiş Ştatların Çinə qarşı əsas kartlarından birinə çevrilib. Uyğur milli hərəkatının bir sıra aparıcı simalarının Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən birbaşa təlimatlandırıldıqları da heç kimə sirr deyil. Bu baxımdan, “Reina” terrorunun həyata keçirilməsi üçün bir uyğur türkünün qabağa verilməsi təsadüfi ola bilməz və hücumun ABŞ-da ssenariləşdirilməsi qənaətini xeyli gücləndirir. Məqsəd Türk cəmiyyətinin hər zaman diqqət və təəssübkeşliklə yanaşdığı uyğurlara qarşı əks-münasibət formalaşdırmaqdır. Qərbin bu taktikası digər etnosların timsalında artıq “sınaq”dan çıxarılıb. 2015-16-ci illərdə Türkiyədə həyata keçirilmiş bir sıra terror hücumlarının icrasına çeçenəsilli şəxslərin və Suriyalı qaçqınların cəlb olunmaları da qardaş ölkədə bu kateqoriyadan olan insanlara nifrət aşılanması məqsədindən irəli gəlir. Hər halda, “Reina” terrorunun təhqiqatı qeyd olunan ehtimalları daha əminliklə dəyərləndirməyə imkan verəcək.
“15 iyul öncəsi və sonrası…”İrəli sürülən bu versiyaları şərh edən Ankara “Yıldırım Beyazıt” Universitetinin professoru Salih Yılmaz bildirib ki, “Reina” terrorunun əsas məqsədi 15 iyul çevriliş cəhdindən əvvəl və sonra Türkiyəyə yönəlmiş hücumların məqsədi ilə eynidir: “Bu hücum əslində, 15 iyuldan əvvəl və sonra Türkiyədə həyata keçirilən terror aktları ilə eyni məqsəddən qaynaqlanır. PKK, FETÖ, İŞİD və başqa terror təşkilatlarının Türkiyəyə qarşı eyni vaxtda hücum həyata keçirmələrinin səbəbi ölkədə xaos yaradaraq, iqtidarın müqavimət potensialını azaltmaqdır. Bu hücumları təşkil edənlər xalqda və ölkəyə gələn qonaqlarda “Dövlət sizi qoruya bilmir”, “Dövlət bacarıqsızdır” kimi rəy yaratmağa çalışırlar. Digər tərəfdən, Türkiyənin polis və təhlükəsizlik xidməti arasında da etimadsızlıq mühitinin formalaşdırılmasına, bununla da dövlətin zəiflədilməsinə cəhd göstərilir. “Reina” terrorunun qırğız mənşəli şəxs tərfindən törədildiyi bildirilir. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman FETÖ-nun geniş şəbəkəyə malik olduğu Qırğızıstanla bağlı daha diqqətli araşdırma aparılmalıdır. Eyni zamanda, bu terrorla bağlı FETÖ-nun İŞİD-lə birgə hərəkət edərək, sonuncuya hədəfi göstərməsi və icraçı təklif etməsi də real görünür.
Son dövrlərdə Türkiyənin Rusiya ilə əməkdaşlıq şəraitində Suriya və Orta Asiyada fəallığını artırması digər “əsas aktyorlar”ın narahatlığına səbəb olub. Xüsusi qeyd edilməlidir ki, hazırda Türkiyə Suriyada İŞİD-lə mübarizə aparan yeganə ölkə vəziyyətindədir. ABŞ başda olmaqla, müttəfiqləri Türkiyəyə Suriyada dəstək verməməklə, onu çətin vəziyyətə salmışdı. Ancaq Türkiyənin öz siyasəti və hərbi gücü ilə meydanda mübarizəni davam etdirməsi XXI əsrdə “təmsilçilik müharibəsi” aparan ölkələrin terror şəbəkələri vasitəsilə Türkiyəyə hücuma keçmələrinə səbəb olub. Ancaq bu hücumlar Türkiyə dövlətinin və millətinin bütövlüyünü, mübarizə əzmini sarsıda bilməyəcək”.
Yeniçağ.Az Araşdırma Qrupu
Tarix: 5-01-2017, 09:02