İşğalçı ölkəni bu il daha ağır iqtisadi böhran və sürətli emiqrasiya gözləyir; bu fonda hərbi üstünlüyümüzü saxlamaq yeni imperativə çevrilir; erməni politoloq: “Ermənistan saxta dövlətdir...”
Qarabağ münaqişəsi tarixində ATƏT-in daha bir sədri dəyişdi. Yanvarın 1-dən etibarən təşkilata Avstriyanın xarici işlər naziri rəhbərlik edəcək. Bəs bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətində hansısa canlanmaya səbəb ola bilərmi? Əfsus ki, suala pozitiv cavab yoxdur. Birinci o səbəbə ki, təcrübə belə müvəqqəti sədrliklərin effektli olmadığını təsdiqləyib. Ona qalsa, keçən il Almaniya kimi qat-qat nüfuzlu bir dövlət ATƏT-in sədri idi. Di gəl ki, Qarabağ məsələsində heç bir irəliləyiş qeydə alınmadı, hətta sülh danışıqları daha uğursuz oldu.
İkinci yandan, Minsk Qrupunun öz həmsədrlərindən də ikisi (ABŞ və Fransa) təzədir və onların “işin içinə girməsi” üçün vaxt lazımdır. Nəhayət, üçüncü əsas səbəb odur ki, Qarabağ ixtilafının nizamlanması xeyli vaxtdır beynəlxalq qurumlardan daha çox, münaqişəyə cəlb olunmuş qlobal güclərin siyasi iradəsindən asılı vəziyyətdədir. Söhbət öncəliklə Rusiyadan gedir.
Demək, konfliktin həlli ətrafında bu il hansı gəlişmələrin baş verməsi bilavasitə Rusiya ilə bağlı və Rusiya ətrafında cərəyan edəcək proseslərdən, Kremlin Qərblə, ABŞ-la, Türkiyə ilə münasibətlərinin, Güney Qafqaz siyasətinin xarakterindən xeyli dərəcədə asılı olacaq. Azərbaycan bu prosesləri diqqətlə izləmək, qardaş Türkiyə ilə sinxron hərəkət etmək və birgə, ölçülü-biçili, çevik qərarlar qəbul eləmək zorundadır. Təbii ki, hərbi qüdrətimizi durmadan artırmaq da 1 nömrəli prioritet məsələ, hədəf olmalıdır.
*****
Bu prioritet işğalçı Ermənistanın ildən-ilə daha da zəifləməsi, taqətdən düşməsi, boşalması və orduya çağırışçı problemi ilə üzləşməsi fonunda ikiqat önəm kəsb edir. Azərbaycan aradakı bu fərqli hərbi üstünlüyümüzün durmadan böyüməsinə yönəltməyi bacarmalıdır. Ən azından bu, danışıqlar prosesində ölkəmizin daha uğurlu mövqedən çıxış etməsi deməkdir.
Ermənistanın daha ağır bir dönəmə girdiyini isə indi erməni ekspertlər də açıq etiraf edirlər. Az öncə sabiq prezident Levon Ter-Petrosyan SOS siqnalı verərək, Dağlıq Qarabağ münaqişənin həllini tezləşdirməyi, Azərbaycanla kompromislərin zəruriliyini vurğulamışdı. Əks halda, onun qənaətincə, Ermənistanın vəziyyəti ağırlaşmaqda davam edəcək.
“2016 - həm Ermənistanın xarici siyasəti, həm də daxili situasiya planında ölkə üçün böhran ili olub”. Bunu isə İrəvandakı Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sərkisyan deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra hələ də düzgün nəticələr çıxarmayıb: “Söhbət Qarabağ danışıqları və diplomatiyadan, təhlükəsizlik və müdafiə sahələrində, korrupsiya ilə mübarizədə boşluqların aradan qaldırılmasından gedir. Yeni baş nazir Karen Karapetyan isə öz növbəsində yeni bir məsələ qaldırdı - kölgə iqtisadiyyatı. Bəs hər halda Ermənistan üçün əsas hansıdır - kölgə və korrupsiya ilə mübarizə, yoxsa az öncə Levon Ter-Petrosyanın qaldırdığı ”Qarabağ problemi çözülmədən Ermənistan hər hansı inkişaf perspektivindən məhrumdur" məsələsi?"
Erməni politoloq özü də özünə cavab verərək, daha bir problemə toxunur: “Siyasi qüvvələrin çoxu hətta başa düşməyib ki, ölkənin problemi 25 illik müddətdə onların Ermənistanda qanuni nizamı yarada bilməməsidir - ki, hamı qanun əsasında yaşasın. Yəni 25 ildə faktiki, dövlət qurulmayıb. Bu - fake dövlətidir (”fke" - saxta -red.) Cəmiyyət, siyasi qüvvələr bunu anlamırsa, o zaman yaranmış situasiyada kimsə deyə bilər ki, Qarabağ yeganə əsas problemdir, başqa birisi Serj Sərkisyanı əsas problem saya bilər, üçüncüsü isə - partiyaları və s. Yəni hər kəs nəsə tapacaq və məhz onu əsas problem hesab edəcək.
Halbuki, bunun dərkinə gəlmək lazımdır ki, biz 25 il ərzində özümüzü dövlət elan eləsək də, əslində başqa psixologiya ilı yaşamışıq - dövlətə qeyri-ciddi yanaşmaqla..."
*****
Bu arada Qarabağ konfliktinin İrəvan tərəfindən uzadılmasının ən çox elə Ermənistana ziyanı olduğunu dərk edən ermənilərin sayı artmaqdadır. Belə ki, ötən həftəsonu daha bir erməni Bakı Sülh Platformasına qoşulduğunu bəyan edib. Bu - uzun illər Sankt-Peterburqda yaşayan erməni sahibkar Erik Xaçaturovdur. Bununla da sənədi dəstəkləyən ermənilərin sayı 9-a çatıb. Ondan qabaq isə İrəvanda təqiblərə məruz qalan Tamilla Danielyan ailəsi ilə birgə Bakıya gəlməyə hazır olduğunu və Platformanı müdafiə etdiyini bildirmişdi.
Erik Xaçaturova gəlincə, o, milyonlarla erməni kimi, Ermənistanda hazırda mövcud olan faciəvi reallıqdan xilas yolunu mühacirətdə tapanlardandır. Virtualaz.org-un redaksiyasına müraciət etmiş E.Xaçaturov düşmənlik edən iki xalqın barışdırılması barədə öz fikirləri ilə bölüşmək istədiyini bildirib və açıq şəkildə sülhməramlı platformaya qoşulmaq arzusunu izhar edib.
Bundan əlavə, Xaçaturovun sözlərinə görə, sülh platforması və xalq diplomatiyası ideyası Rusiyada yaşayan ermənilər arasında böyük və səmimi dəstək qazanıb.
“Ermənistan və ermənilər mənasız müharibədən beziblər”, - erməni iş adamının düşüncələrinin leytmotivi belədir. Onun əminliyinə görə, Bakı Platforması hər erməni, həm də Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq gətirə bilər: “Fikrimcə, bu proqrama hər iki tərəfdən daha çox iştirakçı qoşulsa, iki xalqın barışdırılmasına doğru daha qəti və effektiv addımlar atmaq olar... Mən uzun illərdir Rusiyada yaşayıram və burada azərbaycanlılar arasında çoxlu dostlarım var. Onların çoxunu yaxın və əsl dost hesab edirəm! Ermənistan hakimiyyəti, ilk növbədə Serj Sarkisyan xalqı üçün böyük bəlaya çevrilib. Onlar sözün əsl mənasında erməni xalqını məhv edir, onun tam yox olmasına çalışırlar”. Erməni iş adamı həmçinin, SSRİ dövründə Bakıda çox olduğunu deyib: “Məmnuniyyətlə ora yenidən gəlməyə hazıram. Həm sülhməramlı platformanı dəstələmək üçün, həm də çox sevdiyim şəhərdə gəzmək üçün”.
*****
Beləcə, Qarabağ məsələsində xalq diplomatıyasının aktuallığı tədricən artır. Bu prosesə getdikcə daha çox sayda obyektiv düşüncəli, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olan erməninin qoşulması xüsusilə böyük əhəmiyyət daşıyır. Ona görə ki, onların hər biri erməni ictimai rəyinə təsir imkanına malikdir.
Onlar ən azından öz yaxın çevrəsində Dağlıq Qarabağla bağlı ədalətli mövqenin formalaşmasına, Ermənistandakı kriminal Sərkisyan rejiminin isə daha sürətli ifşasına əvəzsiz töhfə verə bilərlər.
Tarix: 9-01-2017, 09:43