Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar Sabiq MTN zabiti, politoloq: “Bizə daxil olan məlumatda bildirilirdi ki, MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanır”

ABŞ-da yaşayan politoloqun inanılmaz iddia və mülahizələri!; Azərbaycanın xüsusi xidmət orqanını kim və niyə karvansaraya çevirib; Elmar Hüseynovun qətli, ADNA terroru; “Səid Dadaşbəylinin işi” və daha ağır cinayətlərin inanılmaz dosyeləri haqda ilginc bilgilər!

Son aylarda Amerikaya köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün yeni açdığı bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqdadır. Bu günə qədər 8 yazı yazan Ə.Oruclu Eldar Mahmudovun 11 ilə yaxın nazirliyi dövründə baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bir qisminin üzərindən sirr pərdəsini qaldırıb. Keçmiş MTN zabiti olan Ə.Oruclu hazırda məhkəməsi keçirilən Eldar Mahmudovun generalları, bu strukturun dərin sirləri ilə bağlı bildiklərini, mülahizə və məlumatlarını paylaşıb.




Politoloqun qələmə aldığı sirr xarakterli, geniş ictimaiyyətdən illərlə gizli saxlanılan məlumatlarla zəngin yazıların orijinalları ilə onun bloqunda tanış ola bilərsiz.

Doğrudur, onun yazılarında xüsusi məlumatlarla yanaşı, siyasi elementlər də var - bəzi məqamlarda Ə. Oruclu müxalif mövqeli siyasətçi kimi hakimiyyəti sərt şəkildə tənqid edir. Lakin onun bu yazıları ölkəmizin milli təhlükəsizliyinə cavabdeh olan bir strukturun niyə çökdüyünü aydınlaşdırmaq baxımından əhəmiyyətli sayıla bilər. Biz də bu əhəmiyyəti nəzərə alaraq, həmin yazıların bir sıra məqamlarını və özətini təqdim edirik.

****
Bu silsilədən olan və “1-ci yazı: Mahmudov niyə nazir edildi?” adlanan yazısında Ə.Oruclu E.Mahmudovun DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinatının səbəbi göstərilir. Onun az sonra həmin vəzifədən neqativ fəaliyyətinə görə atılmasının nədən qaynaqlandığını açıqlayır. OBXSS işçisi olan Eldar Mahmudovun bir neçə il sonra milli təhlükəsizlik naziri postuna başgicəlləndirici təyinatı haqda Ə.Oruclu geniş bilgiləri bölüşür. Lakin bundan öncə...

Sitat: “Bir sıra mənbələrin verdiyi məlumata görə bunun arxasında duran əsas səbəb Heydər Əliyevə Eldar Mahmudov barəsində çox ciddi "kompromatların" (ifşaedici materialların) təqdim edilməsi olmuşdu. Bununla da Mahmudovun gələcək hakimiyyətin daxili işlər naziri ulduzu parlamadan söndürüldü...



Amma cəmi bir neçə ildən sonra polis orqanlarında yarıtmaz və yaramaz kadr reputasiyası qazanmış Eldar Mahmudov Azərbaycanın təzəcə ayağa qalxmağa başlayan Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri edildi. Bu, təhlükəsizlik orqanlarının nəinki iş prinsiplərindən, fəlsəfəsindən, mahiyyətindən xəbərsiz olan, hətta mənəvi və əxlaqi baxımdan bu orqanlarda ən aşağı vəzifə tuta bilməkdən xeyli uzaq olan keçmiş OBXSS işçisi Eldar Mahmudov üçün başgicəlləndirici təyinat idi”.

Həmin yazıda politoloq Eldar Mahmudovun SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunduğunu diqqətə çatdırmaqla onun “çirkli işləri görmək üçün vəzifəyə gətirildiyini” vurğulayır:

“Təbii ki, burda xarici amilin də rolu vardı - hələ gənc yaşlarından SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunmuş keçmiş OBXSS əməkdaşının dosyesi Moskvada idi...”, –deyə Ə.Oruclu ciddi bir iddia ortaya qoyur.

“MTN rəhbərliyinin cinayətlərinə niyə göz yumulurdu...” sərlövhəli ikinci yazıda Ə.Oruclu Eldar Mahmudovun təyinatının həm də Rusiyanın maraqlarına xidmət etdiyini yazır. Onun təyinatından sonra Azərbaycan MTN-in Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyevin qanunsuz odlu silahın “tapılması” ittihamı ilə həbsə göndərilməsinin səbəbini də açıqlayır.

Qeyd edir ki, 2005-ci ilin oktyabrında Azərbaycana səfər edən və Eldar Mahmudovla görüşən Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Yuriy Lebedev E.Məmmədəliyevin işdən çıxarılmasını şəxsən E.Mahmudova tapşırıb!

Sitat:

“Onun Azərbaycandakı ən mühüm dövlət postlarından birinə gətirilməsi Rusiyanın planı idi. Plan ən azı 3 ardıcıl məqsədə nail olmağa hesablanmışdı:

1. Daha çox Türkiyə və Qərb ölkələri ilə tərəfdaşlığa üstünlük verən nazir Namiq Abbasovu tutduğu postdan kənarlaşdırmaq;

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

2. MTN-i Rusiyanın nəzarətinə qaytarmaq;

3. Növbəti mərhələdə isə MTN strukturlarında Rusiya agentura şəbəkəsini gücləndirməklə ABŞ-ın, Avropa ölkələrinin, Türkiyənin və İranın Azərbaycandakı və bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq və eyni zamanda Azərbaycanın daxili siyasətinə təsiri gücləndirmək.
Təsadüfi deyildi ki, 2005-ci ilin oktyabrında Bakıya səfər edən Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Yuriy Lebedevin görüşlərindən biri də MTN-də bu orqanın rəhbərlərilə olmuşdu və Mahmudovun kabinetində keçirilən həmin görüşdə Lebedev açıq şəkildə MTN-in kəşfiyyat idarəsinin rəisinin də dəyişdirilməli olduğunu bildirmişdi. Xüsusi xidmət orqanları əməkdaşları yaxşı bilirlər ki, bu cür açıq tapşırıq yalnız kəşfiyyatın əlaqəsində olan agentlərə verilə bilər. Təsadüfi deyildi ki, elə bu görüşün ardınca ölkənin bir neçə yüksək vəzifəli nazir və məmuru saxta “dövlət çevrilişinə cəhd” ittihamı ilə həbs olundu. Cəmiyyətdə geniş müzakirə olunmayan başqa bir həbs isə Azərbaycan MTN-in Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyevin həbsi idi. Nə qədər absurd görünsə də, Məmmədəliyevin həbsinin səbəbi ondan qanunsuz odlu silahın “tapılması” idi. Bir qədər sonra azad buraxılan Məmmədəliyevi isə polkovnik Namir Bağırov əvəzlədi. Bu və digər məsələlər haqqında daha detallı bir qədər sonra...

Hələlik isə 2005-ci ilin əvvəlləri idi və artıq 7-8 ay ərzində MTN-ə rəhbərlik edən Eldar Mahmudov özünün bütün kriminal şəriklərini nazirliyin strukturlarına toplamağa nail olmuşdu. Ölkənin təhlükəsizliyi üçün müstəsna əhəmiyyəti olan peşəkar kəşfiyyatçı və əks-kəşfiyyatçılar kütləvi şəkildə işdən çıxarılır, onları yerləri isə polis orqanlarından gətirilən oğru-quldur mahiyyətli, bir sıra hallarda isə cinayətkar keçmişi olan şəxslərlə doldurulurdu. MTN-in mərkəzi aparatında sıravi əməliyyat müvəkkili vəzifəsinə işə düzəlmək üçün 40-60 min dollar alınırdı. İşdən kənarlaşdırılan peşəkarların sayı həmin dövrdə artıq 200 nəfəri ötmüşdü və bu, Azərbaycan üçün, onun milli təhlükəsizlik maraqları üçün ən böyük və ağlasığmaz təhdid idi”.

Ə.Oruclu bu görüşün ardınca ölkənin bir neçə yüksək vəzifəli nazir və məmuru saxta “dövlət çevrilişinə cəhd” ittihamı ilə həbs olunduğunu da xatırladır.

Yazıda son dərəcə ilginc məqamlardan biri də MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsinə hazırlıq görülməsi ilə bağlıdır. Politoloq qeyd edir ki, 2005-ci il mart ayının 2-də yaşadığı binanın blokunda öldürülən "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun adı da həmin siyahıda olub!

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

Sitat:

“Odur ki, Mahmudovun başlıca vəzifələrindən biri də hakimiyyətin siyasi opponentlərini, tənqidçi jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq idi. 2005-ci ilin yanvar ayında bizə daxil olan məlumatda bildirilirdi ki, MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanır. Belə bir addımın atılacağı ağlasığan görünməsə də, bu siyahıdan yaxın şəxsi münasibətim olan və güvəndiyim 2 nəfəri xəbərdar eləməyi özümə borc bildim. Həmin söhbətləri bu gün də xatırlamaq mənimçün çox ağırdır - bu xəbəri çatdıranda o insanların gözlərindəki ifadələri sözlərlə təsvir etmək qeyri-mümkündür. Görünən bu idi ki, hər iki həmsöhbətim məlumatın ciddiliyinə şübhə etmirdi. Belə şübhələr olmuşdusa da, əminəm ki, cəmi iki ay sonra onlar tamamilə dağılmışdı. 2005-ci il mart ayının 2-də siyahıda adı olan şəxslərdən biri – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetiriləndə...”

****

“3-cü yazı: 2005 - keçid ili” adlanır. Ə .Oruclu bu yazıda Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçinin deyil, Eldar Mahmudovun gətirilməsinin səbəbi, 2005-ci ili ölkənin siyasi sisteminin demontajının başlanğıcı ili olduğunu, “Qara kəmər” əməliyyatının keçirilməsindən əvvəl Hacı Məmmədovla Eldar Mahmudovun yarım saatlıq söhbətinin olduğu, 2003-2005-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişlə alman həmkarı Klaus Qrevlixin birlikdə ölkəmizdəki fəaliyyətlərinin ən incə məqamları diqqətə çatdırılır.

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

Hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın oğurlanmasına Hacı Məmmədovun heç bir aidiyyatının olmadığı iddia olunur.

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

Sitat: “Azərbaycanın siyasi institutlarının dağıdılmasına start MTN-in dağıdılmasından verilmişdi və bu orqanın sıradan çıxarılmasında da bütün tərəflərin öz marağı vardı. Məhz bu səbəbdən də qəflətən vəzifəsindən azad edilən Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçi deyil, oğru-quldur mahiyyətli keçmiş OBXSS əməkdaşı gətirildi. 12 il ərzində addım-addım qurulan MTN bir neçə ay ərzində quldur yuvasına çevrildi. MTN zabitinin şərəf və ləyaqət kodeksinə zidd əməllər sayılan "cibə narkotik maddə atmaq", işgəncələr tətbiq etmək, ailə üzvlərini girov götürmək, insanları ailəsilə şantaj etmək kimi əməllər MTN-in gündəlik fəaliyyət vasitələrinə çevrildi. Artıq Milli Təhlükəsizlik Nazirliyinə işə yalnız rüşvətlə götürürdülər... Daha dəhşətli hal isə bu idi ki, MTN rəhbərlərinin tapşırığı, iştirakı ilə törədilən və ictimai rezonans doğurmuş cinayətlərin təhqiqatı MTN-ə tapşırılırdı. Məsələn, Elmar Hüseynovun qətli kimi...

Amma yeni MTN rəhbərliyinin hədəfinə tuş gələnlər təkcə müxalifət, media və vətəndaş cəmiyyəti nümayəndələri deyildi. Elmar Hüseynovun qətli ərəfəsində Azərbaycan cəmiyyətini şoka salan daha bir xəbər gündəmi tutdu - həmin günədək ölkədə az qala heç kəsin tanımadığı Hacı Məmmədovun qanqster bandası ifşa olundu. MTN-in keçirdiyi və cəmiyyətə sensasion şəkildə təqdim olunan "Qara kəmər" əməliyyatı nəticəsində uzun müddət qanqster kimi fəaliyyət göstərmiş bandanın üzvləri həbs olundu. Həmin əməliyyatın keçirilməsinin səbəbi kimi isə Beynəlxalq Bankın rəhbəri, hal-hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın həmin banda tərəfindən oğurlanması göstərilirdi. Əslində isə Hacı Məmmədovun bu işə heç bir aidiyyatı yox idi və Zamirə Hacıyevanın oğurlanması onu əvəzləməli olan yeni qanqster bandası tərəfindən həyata keçirilmişdi. Elə olmasaydı Hacı Məmmədovun həbs olunması onun yanına gələn Eldar Mahmudovla yarım saatlıq söhbətdən sonra həyata keçirilməzdi.

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar

Elə olmasaydı cəza müddəti bütün məhkəmə instansiyalarında təsdiq olunmuş Hacı Məmmədov hökmü oxunduqdan sonra 10 ildən artıq Mahmudov MTN-inin istintaq təcridxanasında saxlanılmazdı. ...Deməli, cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra "dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi. Burdan belə qənaətə gəlmək olur ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi də Hacı Məmmədovun sahibləri deyildi”.

****

Ə.Oruclunun “4-cü yazı: Mahmudov niyə həbs olunmur?” sərlövhəsi altında qələmə aldığı yazıda sabiq nazirin vəzifədən çıxarılmasından 1 il 3 ay ötməsinə baxmayaraq azadlıqda qalmasına diqqət çəkilir.

Sitat: “Görünür, elə adam oğurluğu, şərləmələr, soyğunçuluq, qətl kimi cinayətlərin məhz icraçısı olması da Mahmudovu bu günədək həbs olunmaqdan qoruyur. Elə olmasaydı antiinsani, murdar əməlləri sayəsində cəmiyyətin ən müxtəlif təbəqələrində yüzlərlə, bəlkə də minlərlə şəxsi düşmən qazanmış Eldar Mahmudov bu qədər müddətdə həbsdən kənarda qala bilməzdi...”.

Politoloq E.Mahmudovun azadlıqda qalmasının səbəblərindən biri kimi İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan “Mossadla” sıx əməkdaşlıq eləməsini diqqət mərkəzinə çəkir: “Başqa, daha ciddi səbəblərdən biri də Mahmudovun vaxtilə İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan "Mossadla" sıx əməkdaşlıq eləməsidir.

 Ərəstun Oruclu MTN-in dərin sirlərini açdı – sensasion yazılar
Hələ 2008-2009 illərdə Mahmudovun bir sıra rəsmi tədbirlərdə İsrailin Azərbaycandakı səfiri ilə birlikdə görünməsi, bir sıra tədbirlərdə isə onunla yanaşı əyləşməsi məlumatlı insanlarda anlaşılmazlıq doğurmuşdu. Rusiyaya bağlı naziri İsrail səfiri ilə nə bağlaya bilərdi? Amma müəyyən zaman keçdikdən sonra məsələlər aydınlaşmağa başlamışdı. Bu barədə bir qədər daha ətraflı yazmaq istərdim.

Beləliklə, yuxarıda qeyd etdiyim kimi, 2005-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti sürətlə kriminallaşmağa başladı ki, bu da ölkənin bir çox ənənəvi, xüsusilə də qərbli partnyorlarını məsafələşməyə vadar etdi. Vaxtilə müxtəlif Qərb ölkələrində terrorla, transmilli cinayətkarlıqla mübarizə üzrə xüsusi peşə hazırlığı keçmiş yüzlərlə xüsusi xidmət əməkdaşının MTN sıralarından xaric edilməsi isə Qərb ölkələrinin xüsusi xidmətlərini MTN-lə əməkdaşlıqdan çəkindirdi”.

Politoloqun ictimailəşdirdiyi ilginc məqamlardan biri də “Mossad” rəsmilərinin MTN-də yerləşməsi ilə bağlıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

(Davamı var)
Tarix: 1-02-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti