Siyavuş Novruzov fikirləşir ki, tənqid yoxdursa, deməli, problem də yoxdur – REAKSİYA
YAP-çı deputatın həmkarlarına qarşı qəzəbinə müxalifətdən də reaksiya verildi.
Yeniçağ.Az xəbər verir ki, Milli Məclisin yas sesiyasının ilk iclasında çıxış edən deputat, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov hökumətin ünvanına tənqidi fikirlər səsləndirən millət vəkillərini hədəfə götürüb:“Biz qanunlar qəbul edirik. Nə edək, taxta-şalban daşıyaq? Yaxud bəziləri deyir ki, prezidentin komandası dəyişməlidir. Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq. Dövlət başçısı komanda üzvlərini təyin edir. Hətta korrupsiya və rüşvətxorluqla bağlı bəzi yüksək vəzifəli şəxslər həbs edilir. Hansısa vəzifəli şəxs kiminsə xahişini yerinə yetirmirsə, belə çıxışlar etmək lazımdır. Hər kəs oturduğu stula hörmət etsin”.YAP-çı deputatın danlağına baxmayaraq, millət vəkilləri Novruzovun bu çıxışına qarşı fikir bildirməkdən çəkindiklərindən, bu barədə danışmaq istəməyiblər.
Novruzovun deputatlarla tabeliyindəki şəxslər kimi danışmasını Yeniçağ.Az-a şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu YAP təmsilçisinin həmkarları ilə məlum davranışında qeyri-adi heç nə görmədiyini dedi:
“Ölkənin vəziyyəti göz qabağındadır, böhran gün-gündən dərinləşir. Ancaq bu şəraitdə də hökumətın böhran əleyhinə məntiqli addımlarını görmürük. Təbii ki, iş qabiliyyəti olmayan hökumət tənqid olunmalıdır. Ancaq YAP iqtidarı ötəri tənqidlərə də dözümsüz olduğu üçün Siyavuş Novruzov bu cür danışır. Bəzi deputatların da aradabir hökumətin müəyyən addımlarını tənqid etmələri onu qıcıqlandırır və nəticədə, belə fikirlər söyləyir. Ancaq başa düşmür ki, tərkibinin necə formalaşdırılmasından asılı olmayaraq, parlament hökumətin gizli müxalifətidir və deputatların problemlərdən danışmaları normaldır. Necə olmalıdır, deputatlar əlindən bir iş gəlməyən hökuməti yox, xalqı tənqid etməlidirlər? Hadı və onun kimi deputatlar onsuz da xalqı ələ salırlar… Ona görə də Siyavuşdan bundan artıq nəsə gözləməyə dəyməz. Fikirləşir ki, tənqid yoxdursa, deməli, problem də yoxdur. Ancaq ölkədə necə acınacaqlı vəziyyətin yarandığı göz qabağındadır”.
A.Zeynalov
Tarix: 2-02-2017, 21:13