Ərəstun Oruclu: “Mahmudov faktiki olaraq MTN-i az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirmişdi”; “bir neçə “Mossad” əməkdaşı MTN-in binasında əyləşirdi və hər səhər hamı kimi “işə gəlib”, axşam da binadan çıxıb gedirdi”
Bir neçə ay öncə Amerikaya köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün yeni açdığı bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqdadır. Bu günə qədər 8 yazı yazan Ə.Oruclu Eldar Mahmudovun 11 ilə yaxın nazirliyi dövründə baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bir qisminin üzərindən sirr pərdəsini qaldırıb.
Keçmiş MTN zabiti olan Ə.Oruclu hazırda məhkəməsi keçirilən Eldar Mahmudovun generalları, bu strukturun dərin sirləri ilə bağlı bildiklərini, mülahizə və məlumatlarını paylaşıb.
Politoloqun qələmə aldığı sirr xarakterli, geniş ictimaiyyətdən illərlə gizli saxlanılan məlumatlarla zəngin yazıların orijinalları ilə onun bloqunda tanış ola bilərsiz.
Doğrudur, onun yazılarında xüsusi məlumatlarla yanaşı, siyasi elementlər də var – bəzi məqamlarda Ə. Oruclu müxalif mövqeli siyasətçi kimi hakimiyyəti sərt şəkildə tənqid edir. Lakin onun bu yazıları ölkəmizin milli təhlükəsizliyinə cavabdeh olan bir strukturun niyə çökdüyünü aydınlaşdırmaq baxımından əhəmiyyətli sayıla bilər. Biz də bu əhəmiyyəti nəzərə alaraq, həmin yazıların bir sıra məqamlarını və özətini təqdim edirik.
(ikinci hissə)****
Politoloqun ictimailəşdirdiyi ilginc məqamlardan biri də “Mossad” rəsmilərinin MTN-də yerləşməsi ilə bağlıdır.
Sitat: “Məhz həmin əməkdaşlığın bir istiqaməti də MTN – “Mossad” əlaqələrinin genişləndirilməsi idi. Bu əməkdaşlıq isə elə bir həddə çatmışdı ki, hətta ən yaxın müttəfiq dövlətlərin xüsusi xidmət orqanları arasında da belə münasibətlər olmur. Məsələn, bir neçə “Mossad” əməkdaşı açıq şəkildə MTN-in binasında əyləşirdi və hər səhər hamı kimi “işə gəlib”, axşam da binadan çıxıb gedirdi. Sadəcə bir o fərq vardı ki, MTN binasının “Mossad” əməkdaşlarının çalışdığı (daha doğrusu, casusluq elədiyi) hissəsinə kənar şəxslərin girişi qadağan idi. Kənar şəxslər isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan vətəndaşı olaraq vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan əməkdaşları idi…”
Bununla yanaşı Ə. Oruclu Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində İsraildən azı 600 milyon dollar dəyərində casusluq vasitələri alındığını və bu vasitələrdən ölkə vətəndaşlarına qarşı istifadə edildiyini diqqətə çatdırır:
“…Onların da arasında müasir dinləyici qurğularla yanaşı, interneti, xüsusilə də sosial şəbəkələri, elektron poçtları izləmək, onların kodlarını sındırmaq üçün müvafiq texniki avadanlıq və onun üçün proqramlar da vardı. Əlbəttə, bütün bunların məsələn, terrora qarşı mübarizə çərçivəsində istifadə olunduğunu iddia eləmək olar. Amma məhz bu avadanlığın sayəsində ölkədə siyasi fəalların, tənqidçi jurnalistlərin, gənclər təşkilatlarının üzvlərinin izlənməsi və sonrakı həbsi halları sürətlə artdı”.
“MTN-in media və vətəndaş cəmiyyəti sıralarındakı agentlərinin böyük əksəriyyəti bizə adbaad bəlli idi”
4-cü yazı sabiq nazirin həbsdən yaxa qurtarmasında İsrailin rol aldığı qeydi ilə sona çatır: “Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur”.
****
“5-ci yazı: Çovdarovun cinayətləri, ATM-in “əməliyyatları” və İlqar Əliyevin “intiharı” adlanır.
Bu yazıda Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri – heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılmasının Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcəyi diqqət mərkəzinə gətirilir. MTN-in az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevrilməsindən söhbət açılır.
Sitat:
“Sadalanan bu böyük bizneslərin yaranmasının kökündə və bugünkü fəaliyyətinin əsasında mənimsəmələr, talançılıq, korrupsiya, soyğunçuluq və oğurluq dayanır. Sadəcə bütün bu əməllərin reallaşdırılması forma etibarilə bir-birindən fərqlidir. Yəni, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin, … və ya hansısa digər bir orqanın başında duranların topladığı sərvətin hamısı kriminal yollarla toplanmış sərvətdir, yeganə fərq isə onların bu talançılığı reallaşdırma yollarından ibarətdir. Burda da hər bir quruma rəhbərlik edən şəxs(lər) öz səlahiyyət və imkanları çərçivəsində hərəkət edib. Bu baxımdan MTN-in şantaj, təhdid, təzyiq etmək imkanları daha çox, metodları isə daha kəskin olduğundan Akif Çovdarovun və digərlərinin törətdiyi iqtisadi xarakterli cinayətlər bu qədər sensasion görünür. Amma keçmiş MTN rəhbərliyi tərəfindən törədilmiş çoxsaylı cinayətləri sahibkarların Akif Çovdarov tərəfindən talanması üzərində qapamaq cəhdi başqa mətləblərdən xəbər verir. Buna aydınlıq gətirmək üçün əvvəlki yazıma bir daha müraciət etməli olacağam. 4-cü yazımda Mahmudov bandasının əvvəlcə Rusiya, sonra isə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığından yazmışam. Bu, bandanın əsas partnyorları olmuş iki ölkənin xüsusi xidmət orqanıdır. Əslində isə, Eldar Mahmudovun nazir olduğu dönəmdə MTN daha çox sayda kəşfiyyatla əməkdaşlıq edib. Bunların arasında İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətindən tutmuş Avropa ölkələrinin xüsusi xidmət orqanlarınadək, müxtəlif casus qurumları olub. Əlbəttə, müştərək maraqların olduğu məsələlərə dair birgə kəşfiyyat əməliyyatları hər zaman olub və olacaq da. Xüsusilə də sürətlə qloballaşan bugünkü dünyanın əsas problemlərindən olan terrorizmə, narkotrafikə, insan və orqan alverinə və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizədə. Amma hətta belə əməliyyatlar keçirilən zaman da xüsusi xidmət orqanı hər bir addımını ölkəsinin milli təhlükəsizliyini nəzərə alaraq atır. Mahmudov isə faktiki olaraq MTN-i az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirdi”.
MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin istintaq təcridxanasında “intihar etməsində” bu amilin rol aldığı vurğulanır, növbəti qurbanın hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyevin olacağı iddiası ortaya qoyulub!
Sitat:
“Təsəvvür edin ki, Mahmudovun rəhbərliyi dönəmində yüzlərlə (kim bilir, bəlkə də minlərlə) Azərbaycan vətəndaşı yazılı iltizam alınaraq məxfi əməkdaşlığa cəlb olunub, lakin bunlar heç bir səviyyədə rəsmiləşdirilməyib. Başqa sözlərlə, ölkədə heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılıb. Hüquq-mühafizə orqanları da daxil olmaqla hakimiyyət strukturlarında, mediada, vətəndaş cəmiyyəti institutlarında çalışan, siyasi partiyalarda təmsil olunan bu insanların əksəriyyəti barələrində toplanmış ifşaedici materiallarla (kompromatla) təhdid, şantaj edilərək əməkdaşlığa cəlb olunub. Sayı və siyahısı bəlli olmayan həmin şəbəkə Mahmudov bandasının özü tərəfindən də idarə olunmaq üçün yaradıla bilərdi, amma eyni zamanda, bu insanların barəsində toplanmış materiallar (əməkdaşlıq haqda verdikləri iltizamlar da daxil olmaqla) müxtəlif xarici kəşfiyyatlara da ötürülmüş və ya satılmış ola bilər. İkinci ehtimal daha yüksəkdir. Bu, cinayətkar Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcək məsələ isə bugünədək araşdırılmır. Həmin işi həyata keçirən əsas şəxslər isə keçmiş MTN-nin Antiterror Mərkəzinin (ATM) rəisi general Elçin Quliyev və onun keçmiş müavini polkovnik İlqar Əliyev idi. Odur ki, İlqar Əliyevin istintaq təcridxanasında “intihar etməsində” təəccüblü bir şey yoxdur. Növbəti “intihar edən” və ya “ürəktutmasından ölən” hal-hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyev olarsa, buna da təəccüblənmək lazım deyil. Elə bu sətirləri xatırlamaq kifayət edəcək”.
Ə.Oruclu vurğulayır ki, E.Quliyevin həbsə alınması yalnız mediada adı ağır cinayətlərdə hallandıqdan sonra baş tutub: “…general Quliyevi “qurban verdilər”, amma yuxarıda qeyd elədiyim kimi, onun haqqında aparılan cinayət işinin hansı mərhələdə olması haqda heç bir məlumat yoxdur”.
Politoloq MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevin həbsdən kənar qalmasını 10 milyon manat xərac verməsi ilə əlaqələndirir:
“Təbii ki, ondan alınmış böyük pul müqabilində (10 milyon manat). Halbuki, həmin idarənin istintaq təcridxanasında törədilmiş cinayətlərin sayı yüzlərlədir ki, bunlardan bir neçəsi də işgəncələr zamanı qətlə yetirmə hallarıdır. Elçin Quliyev və onun rəhbərlik etdiyi ATM-in aktivində onlarla ağır cinayət, o cümlədən bir neçə qətl işi var. Nəhayət, ATM-in İranın xüsusi xidmət orqanları ilə birlikdə şiə dindarlar arasında “ikili agentlər” şəbəkəsi yaratması və digər tərəfdən də sələfi radikallardan ibarət şəbəkənin qurulması ilə bağlı keçirdiyi əməliyyat tədbirləri ciddi istintaq-təhqiqat predmeti olmalıdır və bütün bu işlər Elçin Quliyev “intihar edənədək” araşdırılmalıdır. Çünki onların törətmiş olduğu əməllərin hamısı Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi təhdiddir. Onu da qeyd edim ki, ATM-in yaratmış olduğu dindar agentlərdən ibarət şəbəkəyə daxil olan və cəmiyyətdə hakimiyyətin kəskin tənqidçiləri kimi tanınan bir neçə belə “ikili agentə” dövlət büdcəsindən yüz minlərlə manat pul da ödənilib. ATM-in əlilə törədilmiş digər cinayətlər (NİDA-çılara, Rauf Mirqədirova və digərlərinə qarşı irəli sürülmüş saxta ittihamlar) isə hələ açılmayacaq…”
Yazıda son olaraq keçmiş deputat Anar Məmmədxanovun, onunla müntəzəm görüşən jurnalist İbrahim Bayandurlunun bir-birinin ardınca müəmmalı şəkildə ölmələrinin də araşdırma predmeti olmasının zəruriliyi ortaya qoyulur.
“Bir sıra məxfi əməliyyat mənbələrinə “obyektlə” intim əlaqəyə girmək tapşırılmış, sonra isə bu əlaqənin gizli kamera ilə çəkilmiş video-görüntüləri ya şantaj üçün istifadə olunmuş, ya da internetdə yayılmışdır”
****
“6-cı yazı: keçmiş MTN-in agentura şəbəkəsi və İranla işbirliyi” haqdadır. 2004-2015 illər ərzində Mahmudov MTN-in ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail olduğu, həmin şəxslərdən çirkin “əməliyyatlarda” iştiraka razılıq vermiş agentlər arasında “ilin jurnalisti”, “yazıçısı”, “hüquq müdafiəçisi” və s. düzəldildiyi qeyd edilir.
Sitat:
“2004-2015 illər ərzində Mahmudov MTN-i ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail oldu. Əslində, agentura şəbəkəsinin genişləndirilməsi istənilən xüsusi xidmət orqanı üçün uğurlu işin nəticəsi hesab edilə bilər, amma MTN-in yaratdığı agentura şəbəkəsinə bu qiyməti vermək qeyri-mümkündür. Bunun da bir neçə səbəbi var.
Əvvəla, MTN tərəfindən əməkdaşlığa cəlb olunanların böyük əksəriyyəti hədə-qorxu, şantaj, kompromatla təhdid yolu ilə bu işə cəlb olunurdu ki, bu yollarla əldə olunmuş məxfi mənbələr də güvənli sayıla bilməz. Məxfi məlumat mənbələrinin güvənliliyi isə onların ən başlıca keyfiyyət göstəricilərindən biri sayılır. İkincisi, Mahmudov bandasının agentura ilə qeyri-peşəkar iş prinsipləri və metodları məxfi mənbələrin deşifrə olunmasından tutmuş, onların qətlinədək geniş risk spektrini əhatə edirdi. Belə ki, məsələn, 2011-2015 illərdə MTN-in media və vətəndaş cəmiyyəti sıralarındakı agentlərinin böyük əksəriyyəti bizə adbaad bəlli idi. Bu məlumatlar isə həm sızmalar, həm də öz hesablamalarımız nəticəsində əldə olmuşdu. Digər bir səbəb MTN-in bir çox hallarda öz agenturasına birdəfəlik istifadə prinsipi ilə yanaşması idi. Bundan əlavə MTN öz agentlərini xarici kəşfiyyatların əlaqəsinə ötürür (satır), bəzi hallarda isə onları nazirlik rəsmilərinin maraqları naminə öldürürdü. Məsələn, 2011-ci ildə MTN-in Bakının Nizami rayonunda radikal dindarlara qarşı keçirdiyi əməliyyat zamani bir qrup dindar həbs olunmuş, onlardan silahlı birisi isə qətlə yetirilmişdi. Araşdırmalarımız göstərdi ki, həmin dindar xeyli əvvəl MTN-in keçmiş nazir müavinlərindən birinin əlaqəsində agent olub və sələfi dindarların toplantısına da həmin əməliyyatı hazırlayan MTN Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin əməliyyat tapşırığı əsasında göndərilib. Təbii ki, əməliyyata rəhbərlik edən İlqar Əliyevin keçmiş rəisi, bu gün həbsdə olan general Elçin Quliyev olmuşdu.
Agent əməliyyat tapşırığına göndərilir, ardınca da xüsusi təyinatlılara onun silahlı olduğu bildirilir və güllələmək tapşırığı verilir… Belə hallardan başqa bir sıra məxfi əməliyyat mənbələrinə “obyektlə” intim əlaqəyə girmək tapşırılmış, sonra isə bu əlaqənin gizli kamera ilə çəkilmiş video-görüntüləri ya şantaj üçün istifadə olunmuş, ya da internetdə yayılmışdır. Hərçənd ki, MTN-in belə çirkin “əməliyyatlarında” iştiraka razılıq vermiş agentlər arasında mükafatlandırılanlar da olub. Onlardan “ilin jurnalisti”, “yazıçı”, “hüquq müdafiəçisi” və s. düzəldilib. Acınacaqlısı isə budur ki, həmin şəxslərin bir çoxu bu gün də MTN-in davamçısı olan DTX tərəfindən istifadə olunmaqdadır. Düzdür, hələlik yalnız məlumat mənbəyi kimi…
Əsasən İsrail kəşfiyyatı “Mossad”ın çətiri altında fəaliyyət göstərən MTN, nə qədər təəccüblü də olsa, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətilə də sıx əlaqələrə malik idi. İran kəşfiyyatı ilə əlaqələr iki generala tapşırılmışdı. Onlardan biri uzun müddət İran xətti üzrə işləmiş Ədalət Əsədullayev (Eldar Mahmudovun qohumu), digəri isə Kəşfiyyat İdarəsinin rəisi Namiq Bağırov idi. İran kəşfiyyat orqanları ilə birlikdə keçirilən əməliyyatların qurbanları isə əsasən İrana qarşı olan azərbaycanlı fəal dindarlar idi. Belə əməkdaşlığın ən bariz nümunəsi “Səid Dadaşbəylinin qrupunun işi” kimi tanınan inanclı gənclərin şərlənərək tutulması idi. Əslində İrana qarşı olan Səid Dadaşbəyli və onun inanclı dostları İran kəşfiyyatına işləməkdə şərlənərək uzun müddətə həbs cəzası aldılar, “dəstənin” üzvlərindən biri isə MTN-in istintaq təcridxanasında işgəncələrə tab gətirməyərək öldü”.
Ə.Oruclu iddia edir ki, “Səid Dadaşbəylinin qrupunun işi” əməliyyatını MTN İran kəşfiyyatı ilə birlikdə hazırlayıb:
“Halbuki, vətənpərvər azərbaycanlı gənclərə qarşı təşkil olunmuş həmin qondarma əməliyyatı MTN İran kəşfiyyatı ilə birlikdə hazırlamışdı və İran tərəfdən bu işdə iştirakda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri höccətülislam Ojaq Nejadın olması bildirilirdi. Höccətülislam Ojaq Nejadın İran kəşfiyyatının yüksək rütbəli nümayəndəsi olması isə Azərbaycanın xüsusi xidmət orqanlarına hələ 1993-cü ildən bəlli idi. Buna baxmayaraq o, uzun illər ərzində çox rahat şəkildə Azərbaycandakı İran casus şəbəkəsini genişləndirməklə məşğul ola bildi. Bu da təbiidir, çünki Mahmudovun biznes şərikləri arasında yuxarıda adı çəkilən və bir çox Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan İnqilab Keşikçiləri Korpusuna bağlı olan iranlı biznesmenlər az deyildi. Eks-nazirin Badamdar qəsəbəsindəki nəhəng imarətinin tikintisində onların pullarından da istifadə olunub. Başqa sözlərlə, İran kəşfiyyatının pullarından. Göründüyü kimi, əslində Eldar Mahmudov başda olmaqla keçmiş MTN rəhbərliyi ilk növbədə “casusluq” və “dövlətə xəyanət” maddələrilə ittiham olunmalıdırlar. Amma bunun baş verəcəyi qətiyyən inandırıcı deyil”.
Politoloq “7-ci yazı: Ölkə rəhbərliyi ADNA terrorunun açılmasında maraqlı deyil” sərlövhəsi altında Azərbaycan tarixinə qanla yazılmış 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktı haqda məlumatları bölüşür. Rəsmilərin terror aktına “xuliqanlıq zəminində qətl” demələrinin arxasında gizlənən məqsədlərin üzərinə işıq salır.
(davamı var)
Tarix: 2-02-2017, 21:19