Ən yaxşı işləyən yeni və köhnə nazirlərimiz kimlərdir? - Araşdırma



Ən yaxşı işləyən yeni və köhnə nazirlərimiz kimlərdir?
Son illərdə özünü yaxşı tərəfdən göstərən yeni nazirlər var ki, ən yaxşı köhnə nazirlərin cərgəsinə qoşula biliblər

Cahan.info xəbər verir ki,
prezidentin kadr islahatları müsbət nəticələrini verməkdədir.

Prezidentin təyin etdiyi yeni məmurlar sırasında kənd təsərrüfatı naziri İnam Kərimov xüsusi fərqlənir. Dövlət Miqrasiya Xidməti rəisi Vüsal Hüseynli də pis işləmir. Energetika naziri Pərviz Şahbazov, ekologiya naziri Muxtar Babayev də hələ ki özünü yaxşı tərəfdən göstərməyə çalışırlar. Vergilər naziri Mikayıl Cabbarov da müəyyən qədər islahatlar aparıb, sahibkarların bəzi yükləri yüngülləşib.

Təhsil naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, “Qaçqınkom” sədrindən isə şikayətlər az deyil.

Köhnə nazirlərimizdən isə Daxili işlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov prezidentin etimadını qazanan, xalqın güvəndiyi nazirlərdir.

Nazirlər bölgələrə gedir, vətəndaşlarla görüşür, şikayətləri dinləyir, tapşırıqlar verir, media ilə əməkdaşlıq edirlər. Prezidentin icra başçıları ilə bağlı təyinatlarında da müsbət çalarlar müşahidə olunur.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının yekunlarına həsr olunmuş konfransda çıxış edərkən yerli icra məmurlarına ünvanlanan fikirlər səsləndirib.

Bildirib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməli və yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, vətəndaşlara xidmət edirlər.

“Bütün dövlət məmurları - prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”, - deyə ölkə başçısı qeyd edib.

Azərbaycanda siyasi hakimiyyətlə xalq arasında təmasların mərkəzində yerli icra hakimiyyəti orqanlarının dayandığı məlumdur. Bu baxımdan, ölkə rəhbərinin icra başçılarına yönəlik fikirləri maraq doğurur.

Azərbaycanda şəhər rayonları da nəzərə alınmaqla, ümumilikdə 87 yerli icra strukturu və onun başçısı var. Bunların rəhbərlərinin hamısı eyni təcrübəyə malik, eyni səviyyəli məmur və insanlarla ünsiyyət qurmaq bacarığına malik deyil.

Elə icra başçıları var ki, insanlarla ünsiyyətə meyllidirlər, öz rayonlarında kəndlərə gedib əhalini qəbul edir, problemlərini dinləyirlər, eyni zamanda, həftənin müəyyən günlərində vətəndaşlar onlarla görüşə bilirlər.

Demək olmaz ki, icra strukturlarına müraciət edənlərin hamısı haqlıdır və onların istəkləri qəbul və icra edilməlidir.

Dəyişikliklər böyükdür, reallıqdır. İndi qarşıda duran əsas məsələlərdən biri regionların sosial-iqtisadi cəhətdən mərkəzi büdcədən asılılığının minimuma endirilməsidir.

İnkişaf etmiş ölkələrin hamısında buna nail olunub, regionlar öz infrastruktur layihələrini özləri maliyyələşdirirlər.

Üstəlik, mərkəzi büdcəyə də böyük miqdarda vergi ödəyirlər. Bir çox postsovet ölkələrində də belə inkişafa nail olunub, Azərbaycanda da buna nail olunmalıdır.

Dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib.

Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib.

Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.

Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.

Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Ölkəmizdə dövlət idarəetməsində hansı struktur islahatlarına, hansı qurumların birləşdirilməsinə və ya ləğvinə ehtiyac olması ilə bağlı ekspertlərin də maraqlı yanaşması və təklifləri var.

Tarix: 21-02-2019, 08:38
Xəbəri paylaş





Xəbər lenti