Yeni prioritetlər Kremli üstümüzə qaldırmaz ki?..


 

“İngiltərənin əbədi dostları yox, əbədi maraqları var”. Bəli, düşünürük ki, bu sözlər prinsipcə, Rusiyanın da Cənubi Qafqaz siyasətinin leytmotivi ola bilər: Kremldə çox gözəl anlayırlar ki, məsələn, iki ölkənin siyasi inteblişmentləri arasında münasibətlər nə qədər sıx olsa da bütün hallarda Moskva ilə münasibətlər Bakı üçün heç də prioritet deyil və bu münasibətlər zorən dostluq xarakteri daşıyır.

Amma artıq dediyimiz kimi, Rusiyanın Cənubi Qafqazda dəyişməz maraqları, Azərbaycanın isə ən azı hesablaşmalı olduğu coğrafi reallıqlar var.

Üstəlik, Moskvanın maraqlarına münasibətdə üç Cənubi Qafqaz ölkəsinin tamam fərqli cərgələnməsi müşahidə olunur: Tiflis demək olar ki, Rusiyanın geosiyasi müstəvisini birdəfəlik tərk edibdi, Bakı Moskvanın maraqlarını nəzər almağa, hətta onun geosiyasi tələbləri və tabuları ilə hesablaşmağa çalışsa da bütün hallarda müstəqil, hətta Gürcüstandan da müstəqil siyasət yürüdür, çünki bunun üçün resursları daha böyükdür.

Hələki Rusiyanın orbitində təkcə Ermənistan fırlanır, amma onun da Moskvaya bağlılığı daha çox məcburi bir xarakter daşıyır, nəinki zəruri.

Odur heç təəccüblü deyil ki, Cənubi Qafqaz ölkələrinin siyasi və diplomatik dairələrinin təmsilçilərinin hər bir bəyanatı və ya çıxışı Kremldə ciddi bir şəkildə araşdırılır ki, Cənub qonşularının siyasətində yeni orientirləri müəyyən etmək mümkün olsun.

Düşünürük ki, bu baxımdan elə Azərbaycan prezidentinin də xarici siyasətlə bağlı son açıqlamaları Moskvanın müvafiq siyasi və diplomatik dairələrinin diqqətindən kənarda qalmadı. Azərbaycanda hətta narahatlıq da var ki, bu açıqlamalar Kremli ölkəyə qarşı müəyyən təzyiqlərə təhrik edər - axı respublika prezidenti birmənalı şəkildə bildirdi ki, bizim üçün artıq bu və ya digər yaxın - uzaq “geosiyasi” qütblərin maraqlarının nəzərə alınması yox, özümüzün milli məqsəd və ya vəzifələrimiz daha böyük önəm kəsb edir.

Aydındır ki, bu sözlərdən prinsipcə, çox uzağa gedən nəticələr də çıxarmaq olar. Məsələn, son illərdə Kreml daha çox onun marağında idi ki, Bakı öz siyasətində Moskvanın regional maraqlarını gözləyir, məsələn, Tiflisdən fərqli olaraq NATO və yaxud AB kimi strukturlarla münasibətdə daha mötədil, ehtiyatlı siyasi kurs aparır.

Amma son müsahibədə səslənən fikirləri belə də yozmaq olar ki, artıq gələcəkdə bu strukturlara münasibətdə də Bakının siyasətində dominant amil Kremlin bu və ya digər marağı və yaxud da tələbi yox, özünün milli motivləri olacaq ki, bu da Moskvada müəyyən narahatlıq yaratmaya və yaxud da düşündürməyə bilməz, hərçənd, hamıya aydındır ki, yaxın illər ərzində Bakının siyasətində kəskin dönüşlər gözlənmir, çünki ölkə hərbi-siyasi baxımdan müəyyənləşibdir və hərbi-siyasi bloklara münasibətdə neytrallıq və qoşulmama siyasəti yürüdür.

Fəqət, Kreml həmişə “Etibar et, amma ki, yoxla!” prinsipi ilə hərəkət edibdir və indi də bununla irəliləyir. Xüsusən də Ermənistandakı ən son hadisələr göstərdi ki, dəyişməz, əbədi təminatlar yoxdur, hətta İrəvan kimi itaətkar qul belə bir gün bəyan edə bilər ki, istiqamətlər dəyişir və biz artıq Qərbə, ABŞ-a tərəf yönəlirik...

Aydın məsələdir ki, İrəvanı belə kəskin geosiyasi dönüşdən saxlayan əsas amil Qarabağdır, hansı ki, elə Bakı üçün də müəyyən bir dərəcədə çəkindirici amil rolunu oynayır, çünki Bakı qonşu Tiflisin aqibətini heç də təkrar etmək istəmir - bəli, Kremlə qarşı kəskin addımlardan sonra Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı demək olar ki, itirdi.

Əlbəttə, indi Bakının da Qarabağ üzərində hər hansı real nəzarət mexanizmi yoxdur, amma Rusiyaya qarşı mülayim siyasət sonuncunu daha sərt qərarlardan saxlayır ki, bu da indiki zamanda elə əhəmiyyətsiz məsələ deyil, çünki digər post-sovet ölkəsinin - Ukraynanın təcrübəsi də göstərdi ki, nə NATO, nə də hansısa ayrıca Qərb ölkələri hər hansı bir post-sovet ölkəsinə görə nüvə dövlətilə - Rusiya ilə vuruşası deyil və bu ölkələr ya bəyanat verməklə kifayətlənəcək, ya da ki, ona qarşı ən yaxşı halda məhdud sanksiyalar tətbiq edəcəklər, bununla da məsələ bitəcək...

Düşünürük ki, rəsmi Bakı daha müstəqil siyasətə can atarkən bu amilləri də nəzərdə saxlayır - axı mütləq müstəqillik və suverenlik olmur, dünyada bütün dövlətlər bu və ya digər dərəcədə bir-biri ilə bağlıdırlar.   

O başqa məsələdir ki, ölkənin xarici siyasəti üçün də keçid dövrü bitməlidi və biz regional və qlobal təhdidlərin əsarətindən, daim onların təsirini azaltmaq qayğılarından qurtulmalı, daha sərbəst olmalıyıq. Artıq bu dövr arxadadır, ölkə güclənib və “körpəlik dövrü”ndən çıxıb - bizə elə gəlir ki, prezident də son açıqlamalarında məhz bunu nəzərdə tuturdu...

Hüseynbala Səlimov
Tarix: 21-02-2019, 09:12
Xəbəri paylaş





Xəbər lenti