Moskva Qarabağ “düyün”ünə yeni “düyün” vurur


Konfliktin həllində Qərb-Rusiya çəkişməsi güclənir; hərbi ekspert: “Ermənistan həqiqətləri anlamalı və işğal etdiyi torpaqları boşaltmalıdır...”

Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regionda oldular, Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşlər keçirdilər. Lakin bu dəfə onlar ənənəni pozaraq, işğal altındakı Dağlıq Qarabağa baş çəkib separatçıların başçısı ilə görüşməyə lüzum görmədilər. Bu da siyasi müşahidəçilərin diqqətindən yayınmadı.   

“Həmsədrlər yüz neçənci dəfədir regiona gəlirlər. Onların səfəri artıq təkcə ictimaiyyətdə yox, jurnalistlərdə də maraq yaratmayıb”. Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. “Bu gün hər kəsə bəllidir ki, həmsədrlərin səfərləri regionda baş verən proseslərə heç bir təsir göstərməyən ayinə çevrilib. Regionda ciddi nəyinsə baş verdiyi isə hər kəsə aydındır. Bu isə ilk növbədə Ermənistandakı situasiya ilə bağlıdır”, - deyə o budəfəki səfərə münasibət bildirərkən qeyd edib.

*****

Məsələ də ondadır ki, hazırda sülh danışıqlarına əsas əngəl yenə Ermənistandır. Əfsus ki, işğalçı ölkənin yeni rəhbərliyi də Qərbin gözləntilərinə rəğmən, Dağlıq Qarabağla bağlı konstruktiv mövqe tutmaqdan xeyli uzaqdır. Hətta baş nazir Nikol Paşinyan məsələdə öz sələflərindən də radikal mövqe sərgiləyir. Bir səbəb onun ölkə daxilində siyasi rəqiblərdən çəkinməsidirsə, digər səbəb, əlbəttə ki, Rusiyadan ehtiyat eləməsidir. O Rusiya ki, özünü qərəzsiz vasitəçi kimi göstərməyə çalışsa da, əslində özü münaqişə tərəfidir və konfliktin həllində maraqlı deyil. Bu azmış kimi, Moskva Azərbaycan və Ermənistana silah sataraq, paralar qazanır, altdan-altdan separatçılığı körükləyir, münaqişəni sönməyə qoymur.      

Zaxarova ile ilgili görsel sonucu

Yeri gəlmişkən, xəbər gəlib ki, bu həftə Moskvada “Lazarev klubu” adlı forumun keçirilməsi nəzərdə tutulub. Həmin tədbirdə Azərbaycanın işğal altındakı ərazilərindən gəlmiş separatçıların da iştirakı gözlənilir. Bununla bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqində azərbaycanlı jurnalistin ona verdiyi “bu, Rusiyanın həmsədrliyi ilə necə bira araya sığır” sualına Zaxarovanın cavabı ənənəvi olub. O, Rusiya əvəzinə, azərbaycanlı jurnalisti qərəzdə suçlayıb.

Sitat: “Rusiyanın həmsədrliyinin buna nə dəxli var? Bu məsələləri sualınızda necə uzlaşdırırsınız? Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Moskvada yüzlərlə müxtəlif mövzulu forumlar keçirilir. Əgər sizdə məlumat varsa ki, burada hansısa tərzdə rəsmi şəxslər iştirak edir, mənə məlumatı təqdim edin, aydınlaşdıraram. Məndə belə məlumat yoxdur”, - Zaxarova bildirib.

karabakh osce ile ilgili görsel sonucu

Rusiya XİN-in rəsmi nümayəndəsi onu da əlavə edib ki, “qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən tədbirlərin təşkil etməsi Rusiyanın mövcud qanunvericiliyində təsbit olunmuş məsələdir”.

Mariya Zaxarova təbii ki, yenə blef edir. Hamı bilir ki, Rusiya demokratik dövlət deyil, burada Kremlin rüsxəti və xəbəri olmadan belə siyasi tədbirlər baş tutmur. QHT-lər də Moskvanın nəzarətindədir - o ki ola Kremlə yaxın deputatların və ekspertlərin təzəcə formalaşdırıdığı və separatizmə, işğalçı Ermənistana dəstəyi hədəf götürmüş, Qarabağ ixtilafının uzanmasına xidmət edən “Lazerev klubu”. Bu, həm də o anlama gəlir ki, Rusiya Qarabağ “düyünü”nə yeni “düyün” vurmaq istəyir və Qərbin Dağlıq Qarabağ məsələsində aktivləşməsindən mənun deyil.

*****

O ki qaldı həmsədrlərin bu dəfə separatçı bölgəyə, Xankəndinə getməməsinə, gözlənildiyi kimi, bu, işğalçı və separatçı tərəfdə məyusluq və narahatlıq doğurub. Lakin düşmən tərəfin təmsilçiləri bunu büruzə verməməyə çalışaraq bildiriblər ki, guya vasitəçilər Azərbaycan və Ermənistan liderlərinin görüşünü hazırladıqları üçün Xankəndinə gəlməyə lüzum görməyiblər.

Ancaq bu iddia əsassızdır. Ən azı, ona görə ki, Azərbaycan və Ermənistan XİN başçılarının Münhen görüşü İrəvanın və Moskvanın günahı üzündən baş tutmadıqdan sonra belə bir görüşün hazırlanmasının anlamı qalmayıb.   

“Əlbəttə, bizim üçün həmsədrlərin Qarabağa səfəri və Stepanakertin (Xandkəndi - red.) mövqeyini öyrənməsi çox mühümdür. Bu haradasa Qarabağın danışıqlarda iştirakı anlamına gələ bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bunu 1 in.am saytına açıqlamasında erməni politoloq Qarik Keryan deyib.

“Doğrudur, Qarabağ danışıq masası arxasında yoxdur, ancaq həmsədrlərin Qarabağa gəlməsi, Bako Saakyanla görüşməsi, məsələləri müzakirə eləməsi və oradan sərhəd bölgəsinə yollanması, orada Qarabağ ”hakimiyyəti"nin iştirakı ilə monitorinq aparması, şüuraltı belə təəssürat yaradırdı ki, Qarabağ prosesdə birbaşa olmasa da, ikinci planda iştirak edir. Çox yaxşı olardı ki, onlar gələydilər. Ancaq niyə gəlmədilər, mən buna cavab verməyə çətinlik çəkirəm. Ola bilsin, indiki mərhələdə Qarabağ “hökuməti” ilə müzakirə ediləcək məsələlərin dairəsi mövcud deyil", - deyə erməni politoloq bildirib.

***** 

İstənilən halda, atəşkəs rejiminin süni şəkildə uzanmasında maraqlı olmayana Azərbaycan ilk növbədə özünün hərbi və döyüş potensialını artırmağa işğalçı ölkə üzərində əzici hərbi üstünlüyü daha da böyütməyə xüsusi diqqət verib və verəcək. Bunu xarici hərbi ekspertlər də etiraf edirlər. 

“Azərbaycan prezidenti İlham Əliyev ordunun bütün istiqamətlərdə güclənməsinə və müasir silahlarla təchiz edilməsinə nail olub. Bu gün Azərbaycan Ordusu ən güclü orduları sırasındadır”. Bunu Rusiyadakı “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Karatçenko deyib (“Report”).

Onun fikrincə, Azərbaycan özünün hərbi potensialının artırılmasına və inkişafına xüsusi önəm verir: “Bu gün Azərbaycanın hədəfi öz ordusunu yüksək dəqiqlikli silahlarla təchiz etmək istiqamətindəndir. Təbii ki, bura hava hücumundan müdafiə sistemləri də daxildir. Azərbaycan Rusiyadan da böyük partiyada hərbi texnika alan ölkələr sırasındadır və o, Bakı yeni və müasir silahlar almaqla ordusunu XXI əsrin ordusuna çevirib”.

Hərbi ekspert Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayaraq deyib: “Qarabağ münaqişəsinin hər an alovlanacağını nəzərə alaraq rəsmi Bakının Rusiya ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini deyə bilərik. Ancaq bununla belə, konfliktin sülh yolu ilə həll olunacağına, müharibəyə ehtiyac qalmayacağına ümid edirəm. Ermənistan həqiqətləri anlamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır”, - deyə Karatçenko əlavə edib.

Siyasət şöbəsi

Tarix: 25-02-2019, 09:40
Xəbəri paylaş





Xəbər lenti