Rusiya XİN-nin vətəndaşlarına “Azərbaycana getməyin” xəbərdarlığı təsadüfi deyil

  Rusiya hökuməti ilk dəfədir ki, yazılı bəyanatla öz vətəndaşlarına Azərbaycana getməmələri ilə bağlı xəbərdarlıqla çıxış edir.
Bu sözləri Rusiya XİN-in Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına etdiyi xəbərdarlığa münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Azərbaycan bu praktikanı uzun müddətdir tətbiq edir, bu sahədə bir yenilik yoxdur:
“Rusiyadan əvvəl də bununla bağlı şifahi açıqlamalar olmuşdu. Bu addımı Qarabağ məsələsi ətrafında baş verən digər hadisələrlə birlikdə dəyərləndirəndə Azərbaycan üçün riskli bir vəziyyətin yaranmağa başladığı qənaətinə gəlmək olur. Erməni tərəfi Azərbaycanın ermənilərə münasibətdə tam dözümsüz olduğu barədə qəti rəy formalaşdırıb, Dağlıq Qarabağın ayrılmasına legitim təməl yaratmaq niyyətindıdir”.
Politoloq qeyd edib ki, bu məsələ ilə bağlı qənaətləri yanlış da ola bilər.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə bunun təsadüfi olmadığını vurğulayıb:
“Rusiyanın yuxarı eşelonlarında verilən qərarlar təsadüfi olmur. Necə ki, son günlər azərbaycanlıların Moskvadakı bazarlarına edilən polis reydləri və Rusiya XİN-nin vətəndaşlarına “Azərbaycana getməyin” xəbərdarlığı təsadüfi deyil”.
Qeyd edək ki, Rusiya XİN Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına yazılı xəbərdarlıqla müraciət edib. Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını bildirərək, erməni xalqına birbaşa və dolayı aidiyyəti olan bütün xarici vətəndaşları ölkəyə buraxmır.
“Rusiya Federasiyası vətəndaşlarına qarşı etnik mənsubiyyətə görə diskriminasion hərəkətlərin yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə etdiyimiz müraciətlərə əhəmiyyət verilmir. Bu səbəblə, Rusiya vətəndaşlarına təkidlə tövsiyə edirik ki, Azərbaycan Respublikasına səfər planlaşdırarkən bütün mümkün riskləri nəzərə alsınlar", - deyə bəyanatda vurğulanır.
Tarix: 13-03-2019, 07:53
Xəbəri paylaş





Xəbər lenti