Aleksandr Duqinin Avrasiya mifi...


“Hətta Günəş belə Şərqdən çıxır, Qərbdə batır. Odur ki, Şərq və Qərb heç vaxt qovuşa bilməz”.

Rusiyanın məşhur slavyanofil-filosoflarından birinin bu sözləri öz kateqorikliyilə sarkazm, hətta ironiya yarada bilər, amma bu sözlər Rusiyada ən azı son üç yüz ildə baş verən ağrılı prosesləri çox gözəl ifadə edirlər - böyük bir ölkə hətta birinci Pyotrun islahatlarından sonra belə özünün bu mürəkkəb Dünyadakı yerini axtarmaqla, necə deyərlər, ağrılı özünüidentifikasiya prosesilə məşğuldur.      

Biz əvvəllər, 90-cı illərin birinci yarısında ciddi şəkildə məşğul olduğumuz bu məsələnin təkrar detallarına varmaq, faktiki olaraq ilk dəfə azərbaycanlı oxucusunun diqqətini ağrılı “Şərq-Qərb” dilemmasına yönəltdiyimiz zaman yazdıqlarımızı təkrar səsləndirmək fikrində deyilik.

Həm də burada “Kim haqlı çıxdı; slavyanofillər, yoxsa qərbçilər?” tipli suallar bir az ritorik səslənir, çünki belə məsələlərdə-situasiyalarda birmənalı qaliblər və ya məğlublar olmur, çünki hətta Qərb ölkələrinin özündə belə ümumi dəyərlərdən savayı paralel olaraq milli özünəməxsusluqlar da mövcudluğunu saxlamaqdadı, çünki bəzən bizim arxaik sayğımız göstəricilər belə bir millət və cəmiyyət kimi mövcudluğumuzun və ya özünəməxsusluğumuzun şərti kimi çıxış edir. 

Söhbət ondan gedir ki, bir çox Asiya dövlətlərində də, xüsusən də Yaponiya və Çin kimi inkişaf etmiş ölkələrdə çoxdan başa düşüblər ki, təkrar velosiped icad etməyə ehtiyac yoxdur. Bunun əvəzində Qərb ölkələrindən bəzi şeyləri öyrənmək olar, hansılar ki, təkcə səmərəli siyasi sistem deyil, həm də çox optimal iqtisadi model qurmağa nail olublar.

Bu konteksdə Den Syaopinin bir cümləsi yada düşür: “Pişiyin rənginin necə olmasının fərqi yoxdur, əsas odur ki, o, siçanı tutsun”...

Odur ki, rusiyalı politoloq, təkcə Kremlin deyil, həm də “yeni avrasiyaçılıq” konsepsiyasının müəlliflərindən birinin, Aleksandr Duqin cənablarının Türkiyədə publik mühazirə oxuması haqqında xəbəri  eşidəndə əlbəttə ki, dərhal buna diqqət kəsildik.

Duqin mühazirəsində demişdi ki, məhz Moskva və Ankara çox qütblü Dünyanın əsasını qoyacaqlar.

Təbii ki, dərhal suallar yarandı: “Bu ölkələr digərlərinə həqiqətən də yeni alternativlər təklif etmək iqtidarındadırlarmı? Ən başlıcası da buna ciddi zərurət varmı? Bu ölkələr də yenidən velosiped icad etmək eşqinə düşməyiblərmi?”

Fərz edək ki, elə həqiqətən çoxqütblü Dünya qərar tapdı və Moskva-Ankara dubleti, ya da Moskva-Ankara-Tehran tripleti bu yeni qütbün nüvəsi oldular. Bəs bu, Dünyaya nə verəcək? Bunun nəticəsində həmin ölkələrin insanları da Qərbdəki insanlar kimi layiq, tox və firavan həyat yaşaya biləcəklərmi?..

Digər məsələsə bizi daha çox düşündürür, hətta qayğılandırır. Kremlin geosiyasi ambisiyaları hamıya bəllidir və bizim rusiyalı politoloqlara ağıl dərsi keçmək fikrimiz yoxdur, çünki hələ Tyutçev və ya Fet demişdilər ki, ağıl Rusiya gerçəkliyində aciz amildir.

Bizi Türkiyə narahat edir, axı bu ölkə hərbi-siyasi planda çoxdan müəyyən edilmiş sayılır; məlumdur ki, o, NATO-nun üzvüdür və Dünya düzəninin ən aparıcı hərbi-siyasi qütbünü təmsil edir. Onun təkrar özünüidentifikasiyaya, növbəti geosiyasi oriyentasiyaya ehtiyacı varmı?

Burada da qeyd etməyi vacib bilirik ki, türkiyəli qardaşlarımızın da əvəzinə danışa bilmərik, təkrar geosiyasi seçim etmək də bu ölkənin öz haqqıdır. Amma adi, formal məntiq var: bir hərbi-siyasi blokda təmsil olunmaq və yeni qütb haqqında danışmaq; üzrlü sayın, amma belə bir siyasət hətta ən təmkinli siyasətçiləri və diplomatları özündən çıxara və onları “standartlardan kənar bəyanatlar” verməyə təhrik edə bilər...

Üstəlik, Ankara-Moskva ittifaqının uzaq perspektivi yoxdur, baxmayaraq ki, həm müsəlman, həm də türk amili Rusiya müstəvisində getdikcə ciddi amillərə çevrilirlər: Rusiyanın öz daxili bir yana, bu ölkənin formalaşdırdığı geoiqtisadi və geosiyasi layihələr də bu amillər hesablanmasa tamamilə cəfəngiyat olarlar. Amma bilavasitə Ankara və Moskva münasibətlərinə gəldikdə, bəli, Suriya problemi bu iki ölkəni yaxınlaşdırıb, fəqət, Moskva bu müstəvidə də “birinci skripka” olmağa cəhd edir və onun Ankara və Tehranla müvəqqəti ittifaqı ona kontur-amil, Amerika təsirini balanslaşdırmaq üçün lazımdır.

Ən azı Rusiyanın siyasi publisistikasında tez-tez dartışılan bir məsələ var: Moskvanın Suriya müstəvisində hegemonluğunu necə təmin etməli? 

Türkiyənin Atlantik seçimlə bağlı tərəddüdləri əsasən son illərdə, prezident R.T.Ərdoğanın idarəçiliyi dövründə yaranıb. Biz bunların nə dərəcədə ciddi olduğunu bilmirik. Bəli, rusiyalı siyasətçilər, o cümlədən də çox hörmətli Vladimir Volfoviç Ankaranın birinci şəxsinə istinadən bir neçə dəfə bəyan edib ki, Türkiyə özünün geosiyasi seçiminə təkrarən baxmaq istəyir.

Bu məsələdə heç sözsüz, Türkiyə-NATO, Türkiyə-ABŞ və Türkiyə-Avropa münasibətlərindəki “kələ-kötürlər” də az rol oynamır. Amma bir özünüz düşünün: ABŞ-Avropa münasibətlərini ideal hesab etmək olarmı? Bu ölkələr arasında da xeyli problem var: bir də görürsən ki, bəli, Tramp ölkəsinin Avropanın təhlükəsizliyi ilə bağlı yükü daşımağa borclu olmadığını bildirir, ya da Merkellə Makron Avropanın “özünün təhlükəsizlik sistemi”ni yaratmağa çağırır...

Amma bu geosiyasi qruplaşmalar adətən bir müstəvidə baş verir. Ankara isə son illərdə ənənəvi geosiyasi müstəvidən bir azacıq kənara çıxıb, nəzərə almayaraq ki, Moskva artıq fərqli geosiyasi müstəvi və yaxud da başqa geosiyasi koordinat sistemidir...

Hüseynbala Səlimov
Tarix: 14-03-2019, 09:24
Xəbəri paylaş





Xəbər lenti