Müxalifət bu problemlərlə iqtidara gələrsə...


Əli Əliyev: “Məğlubiyyətimizin səbəbi iqtidarın gücü deyil, öz yanlışlarımız olub”; Akif Nağı:Müxalifət sayılan qüvvələrin hakimiyyətə gəlmək perspektivləri yoxdur”

Son aylarda müxalif düşərgədə ciddi canlanma müşahidə olunurdu. Məhz bunun nəticəsində bir sıra birliklər meydana çıxdı. İlk olaraq, Qarabağ Komitəsi (QK), ardınca Azərbaycan Xalq Hərəkatı (AXH) yaradıldı. AXCP sədri Əli Kərimli isə məqsədinə nail olmasa da, birlik yaratmaq üçün bir sıra partiyaların qapısını döydü.

Lakin son bir ayda bu aktivlikdən əsər-əlamət belə qalmayıb. Hətta QK iki hissəyə parçalanıb. AXH-dəki vəziyyət isə ürəkaçan deyil. Bütün bunlar bəzi məsələləri yenidən aktuallaşdırıb. Müxalif birliklərin ömrünün nə üçün qısa olması istiqamətində çoxsaylı müzakirələr açılıb. Bu da haqlı olaraq demokratik düşərgənin indiki halda hakimiyyətə gələcəyi təqdirdə nələri yaşaya biləcəyimiz istiqamətində suallar yaradıb. Çünki müxalif qurumların bir yerdə olmamaları bir tərəfə dursun, liderlər arasında uzun zamandır davam edən soyuq münasibətlər, bir- birini qəbul etməmə kimi hallar hökm sürür. Hətta küsülü olan siyasətçilər belə düşərgə daxilində var. Belə bir vəziyyətdə sirr deyil ki, bu düşərgə hakimiyyətə gələrsə, mövcud problemlər orada da davam etdiriləcək.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müsavat.com-a bildirdi ki, ölkədə siyasi mühitin çağdaş durumu nə xalqla, nə də müxalifətin spesifikası ilə bağlı deyil. Vəziyyətin pisliyi iqtidarın yaratdığı mühitlə bağlıdır. Bütün avtoritar ölkələrdə müxalifət təxminən bizdəki kimi olur. Azərbaycanda müxalifət olmaq, təhlükə ünvanı olmaq deməkdir. Üstəlik karyeradan, biznesdən, hətta azadlıqdan məhrum olmaq deməkdir. Belə şəraitdə insanları, yaxud onların qruplarını, bu halda siyasi birlikləri qınamaq yanlışdır. Əgər bu gün Azərbaycanda siyasi müqavimət varsa, bu unikal reallıqdır. Zahiri yanaşmada Rusiya bizdən maarifli və daha proqressiv cəmiyyət olmasına baxmayaraq, bizim siyasi müxalifət daha güclüdür. Müxalifət qüvvələri arasında münasibətlər mövcud şərtlərə uyğundur.

Nəzərə almaq lazımdır ki, müxalifət məfhumu vahid, bütöv anlayış deyil. Müxalifət fərqli ideolojiləri bölüşən, fərqli komanda və dünyagörüşünə malik təşkilatların cəmindən ibarətdir. Bu bütün dünyada belədir. Avropa dövlətlərinin əksəriyyətinin parlamentində bir-birini qəbul etməyən, hətta sərt şəkildə münaqişədə olan çox sayda fraksiyalar yer alır. Qədim demokratiya ənənələrinə malik Böyük Britaniya parlamentində 2 ildən artıqdır ki, partiyalar Brexit-lə bağlı razılığa gələ bilmirlər. Başqa nümunələr də göstərmək olar. Fikrimcə, bizdə də spesifik problemlər mövcuddur. Misal üçün, hakimiyyətə qarşı mübarizədə başa düşülməyən pərakəndəlik var. Sistemli mübarizədən könüllü imtina xeyli suallar yaradır. Bütövlükdə narahat olmağa dəyməz. Çünki hərə öz addımlarının mükafatını, ya da tənbehini qazanır. Güclü olacağıqsa uğur, zəif olacağıqsa məğlubiyyət qazanacağıq. Bir çox hallarda məğlubiyyətimizin səbəbi iqtidarın gücü deyil, öz yanlışlarımız olub. Bədbin deyiləm. İnanmaq istəyirəm ki, yeni yaranan qurumlar, o cümlədən Azərbaycan Xalq Hərəkatı uğurlu olacaq. Hər halda belə olmasına çalışırıq. Nəticə bir az sonra bilinəcək”.

ÐаÑÑинки по запÑоÑÑ QarabaÄ Azadlıq TÉÅkilatının sÉdri Akif NaÄı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Müxalifətin vəziyyəti ilə bağlı mövqe bildirmək mənim üçün çətindir. Çünki istənilən halda düzgün başa düşülmür, intriqalara yol açır. Biz isə bunu istəmirik. Bizi narahat edən odur ki, torpaqlarımız işğal altındadır, cəmiyyətimiz, o cümlədən partiyalar bu gündədir. Bu partiyaları öz qrup, firqə maraqlarından başqa heç nə düşündürmür. Partiyaların aydın ideoloji bazası, məqsədyönlü fəaliyyəti yoxdur. Yalnız hakimiyyəti tənqid, çox vaxt da təhqir etməklə məşğuldurlar. Ona görə də bir-biri ilə yola getmir, bir-birini didib-dağıtmaqla məşğul olurlar. Bu isə cəmiyyətdə ümumi vəziyyəti ağırlaşdırır, insanlar bilmirlər kimə və nəyə inansınlar. Bu cür qeyri- müəyyənliyin, qarşılıqlı ittihamların hökm sürdüyü cəmiyyətdə isə Qarabağın azadlığı uğrunda mübarizə aparmaq çox çətinləşir. Biz 7-8 ay əvvəl bütün partiyaları, ictimai təşkilatları Qarabağ naminə bir araya gətirməyə cəhd göstərdik, müəyyən nəticə əldə olundu , amma dərhal da parçalanmalar, didişmələr başladı. Görünür, cəmiyyətin nizamlı durumu bunlara sərf etmir, aranı qarışdırıb, bulandırıb, bulanıq suda nəsə tutmağa çalışırlar. Hələ ki bir şey də tuta bilməyiblər. Mən də belə təsəvvür yaranır ki, bizim bu müxalifət partiyaları heç hakimiyyətə gəlmək vəzifəsini də öz qarşılarına qoymurlar, daha çox hay-küy salıb , iqtidardan nəsə qopartmağa çalışırlar. Hesab edirlər ki, kim daha bərk qışqırsa, o qədər çox şey qopardacaq. Ona görə də onların hakimiyyətə gəlmək şansından danışmağına da dəyməz. İndi üzdə olan, müxalifət sayılan qüvvələrin hakimiyyətə gəlmək perspektivləri yoxdur. Amma iqtidar-müxalifət münasibətlərinin nəzəri cəhətdən formalaşdırılmasına ehtiyac var. Bu münasibətlər hansı prinsiplər əsasında qurulmalıdır, tərəflər özlərini necə aparmalıdır?

Bu məsələdə iqtidarın da, müxalifətin də nəzərə almalı olduqları cəhətlər var. Hakimiyyət-müxalifət münasibətləri, müxalifət daxili münasibətlər cəmiyyətin, dövlətin maraqlarına xidmət etməlidir. Hakimiyyətə qarşı nifrət formalaşdırmaq cəhdləri yolverilməzdir. Mən dəfələrlə demişəm ki, nifrət təbliğatı çıxış yolu deyil . Bu gün hakimiyyətə qarşı nifrət mövqeyində dayananların özləri sabah hakimiyyətə gələrlərsə, eyni münasibəti görəcəklər. Müstəqillik dövründəki siyasətimiz, təcrübəmiz bunu əyani şəkildə göstərib. Elçibəyi böyük həvəslə hakimiyyətə gətirənlər, az sonra ona qarşı nifrət kampaniyasına başladılar və hakimiyyətdən gedəndə sevinclərini kütləvi şəkildə nümayiş etdiridilər. " Bu getsin , təzə gələn kim olur-olsun " fəlsəfəsi yanlışdır, primitiv düşüncə tərzinin hökm sürdüyü cəmiyyətlər üçün xarakterikdir. Normal cəmiyyətlərdə hakimiyyətdə olanların təklif, təzyiq və digər vasitələrlə təkmilləşdirilməsi yolu tutulur. Ağıllı hakimiyyətlər təzyiq və təkliflərdən düzgün nəticə çıxarır, siyasətini təkmilləşdirir, ağılsızlar isə heç nəyə məhəl qoymur, ona görə də görəvini tez tərk etməli olur. Hər bir partiya özünü bu sistemə uyğunlaşdırmalı , hakimiyyətə gələnə qədər bu sistemin tələblərini qəbul etməli, hakimiyyətə gələndən sonra həmin sistemin tələblərinə uyğun davranmalıdır. Bu gün bizdə hələlik bu həqiqətləri dərk edib, əməl edənlər yox dərəcəsindədir”.//Musavat.com//


Tarix: 14-03-2019, 22:49
Xəbəri paylaş





Xəbər lenti