Daha bir sülh çağırışı: Bəs işğalçı yola gəlməsə...


Daha bir sülh çağırışı: Bəs işğalçı yola gəlməsə...

Minsk Qrupunun xalqların sülhə hazırlanması prinsipini ortaya atmasından sonra növbəti dəfə bu yöndə açıqlama NATO rəsmisi tərəfindən irəli sürülüb. 

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"- deyə İrəvanda jurnalistlərə açıqlama verib:

 “Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO-nun rəyinə görə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur.Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”.

Beynəlxalq təşkilatların irəli sürdüyü “sülh” prinsipinin arxasında nələrin nəzərdə tutulduğu isə açıqlanmır. Sadə dillə desək, dünyada münaqişələrin nizamlanması, ölkələrarası münasibətlərin tənzimlənməsi məqsədilə yaradılan adıçəkilən mötəbər qurumlar “sülh”ü təbliğ etməklə dolayısı ilə Azərbaycana işğal edilmiş torpaqları qarşı tərəfə “bağışlamağı” tövsiyyə edir. Sərgilənən mövqe Ermənistanın maraqlarına cavab verir ki, bu da ölkə hakimiyyəti təmsilçilərinin də “ürəyindəndir”.

Bu bir neçə gün Təhlükəsizlik Şurasının toplantısında danışan Baş nazir Nikol Paşinyanın da nitqindən bəllidir:

"Qarabağ münaqişəsində əsas məsələ xalqların sülhə hazırlanması olmalıdır. Qeyd etməliyəm ki, xalqların sülhə hazırlanması danışıqlara cəlb olunmuş hər hansı hökumətin işi ola bilməz. Bu müştərək işdir.Məsələn, Azərbaycan xalqının sülhə hazırlanması tək Azərbaycanın hakimiyyətinin deyil, Ermənistanın da iştirakı ilə olmalıdır.Məhz bunu anladığım üçün 2018-ci ildə parlamentin tribunasından münaqişənin həllinin həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqları üçün münasib olmasının vacibliyi barədə çıxış etdim.Mən həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı ilə dialoq aparmağa hazıram.Çünki əminəm ki, Azərbaycan xalqı da Ermənistan və Qarabağ xalqı kimi sülhsevərdir".

NATO rəsmisinin açıqladığı mövqeni şərh edən politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu qurumun ənənəvi münasibətidir: 

“Dolayısı ilə hər iki tərəfə, xüsusilə də Azərbaycana mesaj verilir ki, Avroatlantik məkanda alternativi olmayan bir güc mərkəzinin mövqeyi bundan ibarətdir. Azərbaycana mesaj verilir ki, müharibə yolu ilə torpağını qaytara bilməzsən.Bir növ NATO xristian dünyasının mövqeyini nümayiş etdirir.Bu təkcə sülh tərəfdarı olan qurumun mövqeyi deyil, həm də Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə qarşı olan açıqlamadır”.

Politoloq deyir ki, NATO-nun bu açıqlaması münaqişənin həllində daha çox istifadə edilən Helsinki Yekun Aktı ilə bağlı deyilmiş bir açıqlamadır: 

“Məlumdur ki, Helsinski Yekun Aktında nəzərdə tutulur ki, problemin həlli ərazi bütövlüyü, xalqların öz müqəddaratını təyinatı ilə yanaşı həm də problemin müharibə etməməklə həll olunması öhdəliyini nəzərdə tutur. NATO da bilavasitə bu prinsipdən çıxış edir ki, bu da Azərbaycana sərf etməyən bir mövqedir.Çünki, Azərbaycanın Helsinski Yekun Aktının bütün prinsiplərini gözüyumulu qəbul etməsi gələcəkdə Azərbaycanın işğal edilmiş torpaqlarını hərbi yolla azad etmək imkanını əlindən almış olur.Ona görə də NATO-nun bu “sülhpərvər” açıqlamasını doğru saymıram.Baş verən son açıqlama və hadisələr də göstərir ki, artıq Qarabağ münaqişəsinin hərbi yoldan başqa həll variantı yoxdur.Heç bir erməni hakimiyyəti öz xoşu ilə Azərbaycan torpaqlarını qaytarmayacaq.Bunun üçün Ermənistanın anladığı dillə danışmaq lazımdır.Məhz bundan sonra Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qala bilər”.

ATƏT-in Minsk Qrupunun xalqların sülhə hazırlanması ilə bağlı sərgilədiyi mövqedən sonra NATO-dan belə bir açıqlamanın verilməsi beynəlxalq təşkilatları mövqeyinin üst-üstə düşməsini sərgiləmirmi?

Natiq Miri deyib ki, bunlar bir-birini tamamlayan açıqlamalardır: 

“ATƏT-in həmsədrlərinin verdiyi son bəyanatda da bilavasitə Helsinki Yekun Aktına işarə edilmişdi. Doğrudur, bunu Azərbaycanda bir qalibiyyət kimi təqdim etdilər.Amma Yekun Aktında üç bənddən biri problemi müharibə etmədən həll etməyi nəzərdə tutur.Sual olunur, əgər Ermənistan torpaqları qaytarmasa və bu problem yenə də illərlə davam etsə, Azərbaycan nə etməlidir.Azərbaycanın Helsinski Yekun Aktını qəbul etməsi o anlama gəlmir ki, biz status-kvo ilə, münaqişənin dondurulması ilə razıyıq”.//Cebhe.info//


Tarix: 17-03-2019, 15:59
Xəbəri paylaş





Xəbər lenti