Həmsədrlərin 3 prinsipi: Azərbaycana tələ, yoxsa... - TƏHLİL

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağla bağlı sülh danışıqlarında Ermənistan hakimiyyətinin nail olmağa çalışdığı format dəyişikliyini qəbul etmədilər. Bu barədə verdikləri bəyanatın sonunda isə belə bir fikir var ki, Qarabağ məsələsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır. Üç prinsip - ərazi bütövlüyü, güc tətbiq etməmək və öz müqəddəratını təyin etmə. Bu prinsipləri xüsusi qeyd etdilər.

Bəs bu üç prinsip Qarabağ məsələsində bir-birinə zidd deyilmi? Ərazi bütövlüyü öz müqəddəratı təyinetmə prinsipi ilə necə uzlaşa bilər? Burada Azərbaycan üçün tələ yoxdur ki?

Politoloq, beynəlxalq hüquq üzrə ekspert Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, beynəlxalq hüquqda kolliziya, yəni ziddiyyət təşkil edən prinsiplər mövcuddur və məhz onların bu və ya digərinə istinad etmək “ikili standartlar”ın əsasını təşkil edir: “Böyük dövlətlər, dünya siyasətində söz sahibi olan dairələr və onların təsir aləti olan beynəlxalq təşkilatlar bir qayda olaraq öz maraqlarından çıxış edərək ziddiyyətli prinsiplərdən özlərinə sərf edənini münaqişənin həllində əsas götürürlər. Bu, beynəlxalq ədalətsizliyin, beynəlxalq münasibətlərdə xaosun, ”ikili standartlar"dan yanaşmanın əsas səbəbidir. Papa anklavlarının 1792-ci ildə plebisit əsasında Fransaya birləşməsi beynəlxalq münasibətlərdə öz müqəddəratını təyinetmənin əsas presedentlərindən biri oldu. 1945-ci ildə bu prinsip BMT Nizamnaməsində öz əksini tapdı. Bundan əvvəl də inqilab zamanı bolşeviklərin əsas şüarlarından idi. Lakin dövlətlərin suverenliyi, bir-birinin daxili işlərinə müdaxilənin yolverilməzliyi çox-çox əvvəl - müasir beynəlxalq münasibətlərin təşəkkül tapdığı 1648-ci il Vestfaliya sisteminin məhək daşını təşkil edib. Düşünürəm ki, özmüqəddəratını təyinetmə öz pik nöqtəsinə ötən əsrin 60-cı illərində çatdı və müstəmləkə sisteminin çökməsində, Afrika xalqlarının azadlığında rol oynadı. Lakin 1975-ci il Helsinki Yekun Aktında bununla bərabər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi qəti şəkildə təsbit olundu. Qarabağ məsələsində də biz üç onillikdən bəri məhz bu cür yanaşmanın şahidiyik. Minsk Qrupu həmsədrlərinin münaqişəyə beynəlxalq hüquq prinsiplərindən deyil, öz imperialist maraqlarından yanaşması Qarabağ düyününün “Qordi düyünü”nə çevrilməsinin əsas səbəbidir. Bu düyün belə getsə, çətin ki, çözülə. Onu da elə məşhur əsatirdə Makedoniyalı İsgəndərin etdiyi kimi, bir qılınc zərbəsiylə vurub açmaq lazımdır. Bu qılınc zərbəsi İlham Əliyevin dediyi kimi, torpaqların hərb yolu ilə azad olunmasıdır. Bu, beynəlxalq hüquqdakı güc tətbiqi və ya güclə hədələmə deyil. BMT Nizamnaməsində təcavüzə məruz qalmış dövlətin öz ərazi bütövlüyünü bərpa etmək haqqıdır".

Ekspertin sözlərinə görə, beynəlxalq münasibətlərdə söz sahibi olan dövlətlər daima manipulyasiya ilə məşğul olub - ən azından son yüz ildə: “Məsələn, ABŞ prezidenti Vilson erməni məsələsinə xüsusi diqqət ayırıb və hətta onun məşhur 14 bəndində bu, öz əksini tapıb. Bu gün də ABŞ Vilsonun ideyalarına sadiqlik nümayiş etdirir. 1878-ci ildə Berlin konqresində ”erməni məsələsi" ilk dəfə xristian həmrəyliyi fonunda Qərb dövlətləri tərəfindən beynəlxalq müzakirəyə çıxarılıb və indi də problem davam edir, “erməni məsələsi” böyük dövlətlərin əlində Türkiyəyə qarşı “soyqırım”, Azərbaycana qarşı ərazi iddiaları şəklində istifadə olunur. Minsk Qrupu problemi həll etmək istəmir. Bu, neftlə zəngin, geosiyasi mövqeyi əlverişli, islam dininə etiqad edən, türk etnoslu Azərbaycana təzyiq vasitəsidir. Halbuki, birmənalı surətdə xalqların özmüqəddəratını təyinetmə Qarabağa şamil oluna bilməz. Həmin prinsip müstəmləkə asılılığında inləyən xalqlara şamil olunurdu, halbuki artıq hazırkı dünyada müstəmləkə sistemi dağılıb, dövləti olmayan xalqlara şamil oluna bilər, ermənilərin Ermənistan dövləti var, kiçik bir erməni ismasının Qafqazda ikinci erməni dövləti yaratmasının tarixi, siyasi, hüquqi zəmini yoxdur. Azərbaycan zatən ermənilərə ən yüksək status təklif etməklə onların öz müqəddəratını təyinetmə hüququnu tanımış olur, Ermənistanda da azərbaycanlılara ən yüksək muxtariyyət verilməsi problemin həllində qarşılıqlı ədalətin gözlənilməsi olardı, rusların yaratdığı sovet konstitusiyasında belə özmüqəddəratını təyinetmə, yəni SSRİ-dən ayrılma hüququ yalnız müttəfiq respublikalara aid edilirdi, Qarabağ kimi muxtar vilayətlərin belə hüququ tanınmırdı. Özmüqəddəratını təyinetmə ilə ərazi bütövlüyünün toxunulmazlığı arasında kolliziyanı araşdıran Venesiya komissiyası 1999-cu ildə dövlətlərin əksəriyyətinin konstitusiyasında özmüqəddəratla bağlı müddəaların olmaması, əksinə, bunun qadağa olunması qənaətinə gəlib. Venesiya komissiyasının rəyinə əsasən, özmüqəddaratını təyinetmə dövlətin sərhədləri daxilində ola bilər, sessesiya - ondan ayrılmaqla yox. Bu, separatizmə, silahlı münaqişələrə, beynəlxalq sistemdə xaosa apara bilər və aparır. 2011-ci ildə AŞPA 1832 saylı qətnamə qəbul edib. Orada deyilir: “Etnik azlıqların özmüqəddərat hüququ onların dövlətdən avtomatik ayrılması hüququ demək deyil”. Avropa dövlətləri dövlətlərdən ayrılmış, xüsusilə xarici hərbi müdaxilənin köməyilə ayrılmış faktiki hökumətləri dəstəkləməkdən çəkinməyə çağırılır".
Tarix: 18-03-2019, 09:30
Xəbəri paylaş





Xəbər lenti