Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər?


Elxan Şahinoğlu: “1994-cü ildə Qərb şirkətləri ilə ”neft kontraktı" imzaladıqda şimaldakı siyasi mərkəzlər Azərbaycanı qarışdırmaq istədilər...“

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına hazırlıqlar davam etdirilir. Məlumatlara görə, tərəfdaşlıq sazişi Aİ-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə davam edir. Lakin ekspertlər bildirir ki, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması böyük ehtimalla bu ilin may ayında baş tutmayacaq.

Amma sazişin imzalanması üçün yekun sənədin razılaşdırılması haqqında bir sənədin imzalanması mümkündür. Yəni sənədin əksər bəndləri razılaşdırıldığı, bir neçə strateji bəndlər isə hələ qaldığından qarşılıqlı təkliflərin üzərində işlər gedir. Böyük ehtimalla imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişi bu ilin payızında imzalanacaq. May ayı üçün isə ümumi razılaşdırılmış məqamların bir daha gözdən keçirilməsi, komitələrin işinin yekunlaşdırılması razılaşdırılmış  məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq. Sazişin imzalanması vaxtı yaxınlaşdıqca, Azərbaycana qarşı təzyiqlər arta, hansısa təxribatlar təşkil edilə bilərmi? Yaxın qonşuluğumuzda olan iri dövlətlərdən Azərbaycanın bu sazişi imzalamasının qarşısını almaq üçün addımlar ata bilərlərmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Avropa İttifaqı bu il strateji sazişi imzalayacaqlar. İllərdir gedən danışıqların sona çatdırılmasını həm Brüssel, həm də Bakı istəyir. Sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb. Bu saziş həm Avropa İttifaqının, həm də Azərbaycanın maraqlarına xidmət edəcək. Sazişin imzalanacağı gün yaxınlaşdıqca Azərbaycana müxtəlif istiqamətlərindən təzyiqlər arta bilər. Hazırda bu təzyiqlər daha çox Rusiyadan istiqamətlənib: “Rusiya Krımı işğal etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərində gərginlik var. ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Doğrudur, Rusiya Avropaya qaz satır, ancaq Avropa İttifaqı ilə münasibətləri 2014-cü ildən əvvəlki-Ukraynadakı proseslərdən əvvəlki dövrə qaytarmaq istəyir, bu isə indiki şərtlər altında mümkün deyil. Çünki nə Avropa Krımın işğalını tanıyacaq, nə də Avropa istəyir deyə Rusiya Kırmdan imtina edəcək. Ona görə də münasibətlərdə gərginlik hələ uzun müddət müşahidə olunacaq. Bundan çıxış edən Rusiya qonşuluğndakı dövlətlərin Avropa İttifaqı ilə sıx münasibətlərinə qısqanclıqla yanaşır.

Eyni zamanda Azərbaycan öz qazını Avropa bazarına çatdıracaq. Bu da Rusiyadakı bəzi mərkəzlərin xoşuna gəlmir. Ona görə diqqətli olmalıyıq. Mərhum prezident Heydər Əliyev 1994-cü ildə Qərb şirkətləri ilə “neft kontraktı” imzaladıqda şimaldakı siyasi mərkəzlər Azərbaycanı qarışdırmaq istədilər. Hətta müəyyən təxribatlara, terror hadisələrinə cəhd etdilər. Lakin hədəflərinə çata, Azərbaycana mane ola bilmədilər. Bu dəfə də Azərbaycana mane ola bilməyəcəklər, alınmayacaq, alınmamalıdır. Çünki Avropa İttifaqı ilə saziş imzalandıqdan sonra Brüssel müəyyən qədər Azərbaycanın təhlükəsizliyinə də cavabdehlik daşıyacaq".


“Yeni Müsavat”


Tarix: 20-03-2019, 10:28
Xəbəri paylaş





Xəbər lenti