Paşinyan:"Qarabağ məsələsinin həllində mövqeyimiz dəyişməz qalır"


Martın 27-də baş nazir Nikol Paşinyan martın 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçiriləcək görüşü barədə Ermənistan parlamentinin üzvlərinə məlumat verib.

Deputatların suallarına cavab verən Paşinyan deyib ki, onun Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsindəki mövqeyi dəyişməz qalır və erməni tərəfi Vyanaya həmin gündəliklə gedir. Paşinyan əlavə edib ki, o, bu mövqeyi bu yaxınlarda Dağlıq Qarabağda separatçı liderlərlə birgə keçirdiyi iclasda da ifadə edib. Həmin iclasda Nikol Paşinyan demişdi ki, o Dağlıq Qarabağın tərəf kimi sülh prosesinə qoşulmasını istəyir və bu, Bakının israr etdiyi kimi heç də danışıqlar formatının dəyişdirilməsi deyildir. Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanın bu mövqeyini rədd etmiş və bir daha bildirmişdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparıla bilər.

Bütün bu fikir ixtilaflarını nəzərə alan Paşinyan deyib ki, qarşıdan gələn görüşdən yalnız fikir mübadiləsi gözləyir:

“Mən əvvəllər də Azərbaycan prezidenti ilə müzakirələrimiz zamanı öz mövqeyimi ifadə etmişdim ki, ən azı ilkin mərhələdə bu görüşlərin konkret gündəliyi olmamalıdır. Burada məsələlərin müzakirəsi olmalıdır. Biz sadəcə olaraq müxtəlif məsələlər üzrə öz rəylərimizi mübadilə etməliyik”.

(Azadlıq radiosu)

Tarix: 28-03-2019, 09:56
Xəbəri paylaş





Xəbər lenti