NATO Cənubi Qafqazı Rusiyadan sürətlə alır - Azərbaycan nə etməlidir?


Əhəd Məmmədli: “Gürcüstan yaxın zamanlarda NATO üzvü olan deyil”

Elşən Mustafayev: “Bu məsələdə Rusiya təhlükəsi üzərində qalacaq”

NATO-nun Cənubi Qafqaz ölkələrinə təmasları sürətlə artmaqdadır. Günlər öncə NATO baş katibi Yens Stoltenberqin Tiflisə səfəri, Gürcüstan prezidenti və baş naziri ilə rəsmi görüşlər keçirməsi, ərazisində NATO-ya üzv 24 ölkənin və alyans tərəfdaşlarının, o cümlədən Azərbaycan hərbçilərinin iştirakıyla NATO-GEO EXERCISE 2019 komanda-qərargah təlimlərinin keçirildiyi, ölkədə NATO ilə birgə fəaliyyət göstərən JTEC təlim mərkəzinə baş çəkməsi bir çox mətləblərdən xəbər verir.

Baş katibin Tiflisdən Rusiyaya yönəlik sərt açıqlamalar verməsi kifayət qədər diqqət çəkdi. O bildirib ki, alyans tanınmış beynəlxalq sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini geri götürməyə çağırıb. Yens Stoltenberq qeyd edib ki, NATO-ya girmək qərarını Gürcüstanın özü və alyansın başqa üzvləri qəbul edir, buna görə də Rusiya və ya hansısa başqa ölkə bu prosesə təsir edə bilməz.

NATO-nun Cənubi Qafqazla bağlı siyasətində Azərbaycanın nə etməli olduğu ciddi müzakirə edilir. Rusiyanın heç bir vəchlə bu regiona nəzarəti Amerikanın söz sahibi olduğu NATO-a buraxmayacağı sirr deyil.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq ÆhÉd MÉmmÉdli

Politoloq Əhəd Məmmədli Gürcüstanın NATO üzvlüyünün ləngiyəcəyini düşünür: “Cənubi Qafqazın bir hissəsi Rusiyanın əlindən çıxıb. Bu reallıqdır. Regionun digər hissələrinin də Rusiyanın əlindən çıxması vaxt məsələsidir. SSRİ dağılandan sonra bölgəmiz Rusiyanın nəzarətindən çıxmağa başlayıb. Rus tanklarının Tiflisin 20 km yaxınlığına gəlməsinə rəğmən Rusiya Gürcüstanı Qərb istiqamətindən döndərə bilmədi. Düzdür Kreml Ukrayna və Gürcüstanı ərazilərinin bir hissəsini işğal etməklə cəzalandırdı, amma istədiyi kimi tam şəkildə keçmiş müstəmləkələrini cəzalandıra bilmədi. Tam şəkildə cəzalandırmaq istəkləri isə ya bu ölkələri bütövlüklə işğal etmək, ya da öz adamlarını hakimiyyətə gətirmək idi. Moskva bunların heç birini edə bilmədi. Təbii ki, bunu etmək istəyərdi, amma görünür gücü yetmədi. NATO baş katibinin Tiflis açıqlamaları önəmlidir. Bu açıqlamaya həm də Moskva ilə bir söz dueli kimi də baxmalıyıq. Hər sözün arxasında əməl durur. NATO isə əməlləri ilə illərdir Rusiyanı hər tərəfdən çəmbərə aldığını göstərir. Vaşinqtonla Moskvanın ritorikasından asılı olaraq Gürcüstanın NATO üzvlüyü məsələsi həll olunacaq. Qonşu ölkəmizin  NATO üzvlüyü sürətlənə də, ləngiyə də bilər. Unutmayaq ki, NATO-nun Almaniya, Fransa, İtaliya kimi aparıcı üzvləri heç də Ukrayna və Gürcüstanın Şimali-Atlantik təşkilata üzvlüyünə isti baxmırlar. Avropa rus qazından asılıdır və ən azı bunun alternativi tapılmayana qədər köhnə qitə Moskva ilə Kiyev və Tiflisə görə açıq konfrantasiyaya gedən deyil. Ona görə fikrimcə Gürcüstan yaxın zamanlarda NATO üzvü olan deyil. Üstəlik xarici sitasətdə Vaşinqton-London-Brüssel arasında müxtəliv mövzularda əks yanaşmaları nəzərə alsaq, Tiflis biraz da gözləməli olacaq. Bunu da unutmayaq ki, Gürcüstanda rusyönümlü qüvvələr var. Onların da rəsmi Tiflisin qərbyönümlü siyasətinə varlığı və təpkisi təsir edir. Gürcüstan NATO üzvü olarsa, bölgəni demokratikləşmə, qərbə daha da inteqrasiya gözləyir. Moskva ilə Qərbin və bölgə ölkələrinin daha da konfrantasiyası olacaq. Rusiya çalışacaq ki, bu yöndə sədlər çəkməyə davam etsin. Lakin vaxt keçdikcə Rusiyanın postsovet məkanına təsir etmə imkanları azalır. Azərbaycan ərazi bütövlüyünə qovuşmayana qədər açıq şəkildə Rusiyaya əlcək ata bilməz. Amma Türkiyəni yanına alaraq NATO-ya yaxınlaşmaq yolunu davam etdirməlidir. Situasiyanı rəsmi Bakı əvvəlki kimi dəyərləndirib hərəkət etməlidir. Yəni Moskvanı nəzərə alaraq Ankara-London-Vaşinqton-Brüsselə tərəf təhlükəsizliyi naminə addımlamalıdır. Vaşinqton onsuzda Gürcüstanla bərabər Azərbaycan və Ermənistana da barmaq uzadıb. Sadəcə bunu etap-etap edir”.

ÐаÑÑинки по запÑоÑÑ BeynÉlxalq ÉlaqÉlÉr üzrÉ ekspert ElÅÉn Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Gürcüstanın hədəfindən yayınmadığını qeyd etdi: “NATO Gürcüstan vasitəsilə 10 ildən artıqdır ki, sərhədlərimizə yaxınlaşıb. Bu illər ərzində Gürcüstan ordusunu demək olar ki, bütünlüklə NATO standartlarına uyğun silahlandırıb, mütəmadi olaraq birgə təlimlər keçirib və s. Amma sual yaranır ki, bu ölçüdə yaxınlaşmalardan sonra Gürcüstan indiyə qədər NATO-ya niyə üzv qəbul edilməyib? Bu sualın cavabı olaraq deyə bilərəm ki, ABŞ yaxşı anlayır ki, bu münasibətlərin NATO üzvlüyü ilə rəsmiləşdirməsinə Rusiya hələ hazır deyil və verəcəyi reaksiyalar ABŞ-ın Cənubi Qafqaz siyasətinə ziyan vura bilər. Amma Rusiyaya qarşı sərgilədiyi siyasətlə eyni zamanda yaxın gələcəkdə bu problemi də aradan qaldırmağa çalışır. Hələlik bu perspektivi Gürcüstanla bağlı deyə bilərik. Çünki gələcəkdə xarici faktorlar neytrallaşdırılsa da, bu addımın atılması üçün ilk növbədə hakimiyyət və xalq hazır olmalıdır. Gürcüstanda belə bir problem yoxdur. Çünki Saakaşvili dönəmində təməli qoyulan əlaqələrdən yayınma təhlükəsi görünmür və xalqın bu işdə qətiyyəti o qədər güclüdür ki, yeni hakimiyyət həmin siyasətin davam etdirilməsinə məcburdur. Ermənistanla bağlı məsələ hələ açıqdır. Çünki, Paşinyan bu günə kimi konkret mövqe ortalığa qoya bilmir və Rusiyadan qorxur. Bu qorxunun içində iqtisadi çöküşün ola biləcəyindən başqa, Qarabağ məsələsində Rusiya dəstəyini itirəcəyini də ehtimal edir. Yəni Azərbaycanla anlaşmaq istəmədikcə, bu məsələdə Rusiya təhlükəsi üzərində qalacaq. Ya da Qarabağla bağlı olacaqlardan asılı olmayaraq Qərblə yaxınlığını davam etdirməlidir. Onsuzda işğalçı olduqlarını özləri yaxşı bilirlər. Belə bir qətiyyəti isə onda görmürəm. Əksini isə Gürcüstan timsalında görmüşük. Ondan fərqli olaraq Saakaşvili Abxaziya və Cənubi Osetiya məsələsində Rusiyanın ata biləcəyi addımları bilsə də, Qərb və ABŞ-la daha dərindən yaxınlaşmağa qərar vermişdi. Nəticədə həmin separatçı rejimlərin müstəqilliyini tanınsa da, Gürcüstan yolundan dönməyib. NATO-nun Cənubi Qafqaz siyasətinin Azərbaycana təsirləri ilə bağlı isə onu demək istərdim ki, təəssüf ki bu gün Azərbaycan hakimiyyətində hərbi sahədə Rusiya ilə yaxın olmağı istəyən güclər çoxdur.. Azərbaycan hakimiyyətinin isə bu bağları qırmaq istəyi də ortada yoxdur. Bayaq dediyim kimi hökumət və xalq istəmədiyi halda NATO ilə əməkdaşlıq alınmayacaq. Bizdə isə hökumətin bunu istəmədiyi aydın görünür. Burada ABŞ hakim dairələrinin Azərbaycan iqtidarı arasında zaman-zaman yaranan soyuq münasibətlərin də rolu var. Hesab edirəm ki, gedişat gec tez NATO-nun Cənubu Qafqazda, xüsusən də Gürcüstanda hüquqi və faktiki mövcudluğuna gətirib çıxardacaq”.//“Yeni Müsavat”//


Tarix: 28-03-2019, 21:20
Xəbəri paylaş





Xəbər lenti