Milli Şura və Müsavatın MÜƏMMALI MİTİNQ QƏRARI - Cəmi bir gün fərqlə aksiya keçirilməsinə cəhd nə ilə bağlıdır?

 Namizəd Səfərov: “Onlar Milli Şuranın təşkil eidyi mitinqdə kütləvi şəkildə iştirak edə bilərlər, biz də eynilə növbəti gün həmin mitinqdə iştirak edə bilərik”
“Bakı Şəhər İcra hakimiyyəti sonsuzluğa qədər “yox” deyə bilməz”
Milli Şura aprelin 6-da Bakıda - “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsəni “feysbuk” səhifəsində məlumat yayıb. O qeyd edib ki, mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan ibarətdir.
C.Həsənli bildirib ki, Konstitusiya və “Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq Milli Şura dinc kütləvi aksiya keçirməyi planlaşdırır.
Bundan öncə isə Müsavat Partiyasının Divanı aprelin 7-də mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib. Məlumata görə, aksiyanın “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Azad seçki” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub.
Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:
1. “Azadalıq” metrostansiyasından “Dərnəgül” metrostansiyasınadək yürüş və burada mitinq.
2. Metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və burada mitinq.
3. Metronun “Gənclik” stansiyasının çıxışı – T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.
Qeyd edək ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraının yanvarın 26-da, fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının isə martın 10-da keçirmək istədiyi aksiyalara razılıq verməyib. Maraqlıdır ki, Milli Şuranın hər dəfə müraciətinə “yox” cavabı verildikdən sonra, növbəti dəfə müsbət cavab verilməsi nə dərəcədə gözləniləndir?
“Rədd cavabı verilərsə, Milli Şura lazımi addımlar atacaq”

“Hürriyyət”in sualını cavablandıran Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov dedi ki, Bakı Şəhər İcra Hakimiyyəti artıq sonsuzluğa qədər “yox” deyə bilməz: “Bəzən bu və ya başqa bəhanələrlə mitinq keçirilməsini məqsədəmüvafiq hesab etmirlər. Amma bu sonsuzluğa kimi gedə bilməz. Bəs, bu ölkədə iddia edirlər ki, söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları mövcuddur. Belə olan halda, siyasi təşkilatlar hər hansı mitinq keçirmək istəyirlərsə, onlara hər dəfə etiraz edə bilməzlər ki. Güman edirəm ki, yaz gəlibdir, yaxşı havalardır, vətəndaşlar mütləq öz istəklərini, etirazlarını bildirmək hüququna malikdirlər. Mən güman etmirəm ki, bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti müraciətə rədd cavabı verə bilər. Əgər belə hal baş verərsə, yəqin ki, Milli Şura lazımi addımlar atacaq”.
“Vətəndaşların öz hüquqlarını axıra qədər həyata keçirmək hüquqları var”
“Lazımi addımlar deyəndə nə nəzərdə tutursunuz” sualına N. Səfərov belə cavab verdi:“Vətəndaşların sərbəst toplaşmaq hüquqları var. Vətəndaşlar icra hakimiyyətinə yalnız keçirdikləri mitinq barədə məlumat verməlidirlər və icra hakimiyyəti də o mitinqin təhlükəsizliyini təmin etməlidir. Elə hansısa bir təşkilat müraciət etdikdə onlar heç bir səbəb göstərmədən və yaxud bəhanələr gətirməklə rədd cavabı verəsi deyillər ki. Vətəndaşların da öz hüquqlarını axıra qədər həyata keçirmək hüquqları var və bunu həyata keçirəcəyik”.
“Bu mitinqlərin bir-birinə ziyanı yoxdur”
“Maraqlıdır ki, Milli Şuranın mitinq qərarından öncə Müsavat Partiyası aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu, gücün parçalanması demək deyilmi” sualına N. Səfərovun cavabı belə oldu: “Əslində, mitinqi hər gün də keçirmək olar. Yadınıza gəlirsə, 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvələrində fasiləsiz mitinqlər keçirilirdi. Hətta bir gün ərzində bir neçə təşkilat mitinq keçirə, etirazlar edə bilər, onun o qədər aidiyyatı yoxdur. O ki qaldı Milli Şuranın aprelin 6-na mitinq təyin etməsinə, bu qərar 15 gün bundan qabaq Milli Şurada müzakirə olunaraq qəbul olunmuşdu, vaxtını da müəyyən etmişdik, sadəcə olaraq elan edilməsi təxirə salınmışdı. Milli Şuranın srağagünkü yığıncağında belə bir qərar qəbul olundu. Əslində, bu mitinqlərin bir-birinə ziyanı da yoxdur. Onlar bizim Milli Şuranın təşkil eidyi mitinqdə kütləvi şəkildə iştirak edə bilərlər, biz də eynilə növbəti gün həmin mitinqdə iştirak edə bilərik. Bir də ki, icra hakimiyyəti bazar günləri həmişə mitinq keçirilməsini məqsədəmüvafiq hesab etmirlər. Ona görə də biz məcbur qalıb şənbə günləri keçiririk.
“Bu, AXCP ilə Musavat Partiyası arasında fikir ayrılığından irəli gəlmirmi” deyə sual etdikdə N. Səfərov dedi: “Yox, qətiyyən düşünmürəm. Özü də ki, bu mitinq AXCP-nin yox, Milli Şuranın elan etdiyi mitnqdir”.
Şamo EMİN, Hurriyyet.org
Tarix: 30-03-2019, 14:21
Xəbəri paylaş





Xəbər lenti