Tural Abbaslı: “Siyasətdə yaşlıların gücü, birliyi yeni insanların ortaya çıxmasına imkan vermir”


Pənah Hüseyn: “ Bu məsələni aktual siyasi problem hesab etmirəm”

Real Partiyasının Məclis üzvü Azər Qasımlı sosial şəbəkə hesabında “Ölkəmizin irəli getməsi üçün 1990-ların siyasətçilərindən və düşüncə tərzindən birdəfəlik qurtulmalıyıq” çağırışını edib. “Yeni Müsavat” xatırladır ki, A.Qasımlı statusunda aşağıdakıları yazıb: “Azərbaycanda siyasi mübarizə sadəcə iqtidar-müxalifət mübarizəsi deyil, mübarizə meydanı daha genişdir və elə siyasətin özünün çərçivələrini aşır. Mübarizə köhnə ilə təzə, müasirliklə geridəqalmışlıq, keçmişlə gələcək arasında gedir. Ölkəmizin irəli getməsi üçün 90-ların siyasətçilərindən və düşüncə tərzindən birdəfəlik qurtulmalıyıq”.

Maraqlıdır, Azərbaycan siyasətində nəsillərarası bir çatışma varmı? Problem gerçəkdən 90-ların siyasətçiləri və düşüncə tərzidirmi?

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, əbədi bir problemdir. Onun sözlərinə görə, bunun cavabını bir qayda olaraq proseslər və praktika verir.

Müsahibimiz hesab edir ki, bu cavab zamandan, vaxtdan və şəraitdən asılı olaraq verilir: “Bu bir inkişafdır. Bir tərəfdən hər bir nəsil  özündən əvvəlki nəsli inkar edir. Həm də bir növ sintez olunur. Vəhdətdə gedən prosesdir. Bu məsələni aktual siyasi problem hesab etmirəm”.

PÉnah Hüseyn ile ilgili görsel sonucu

P.Hüseyn hesab edir ki, bu, ümumiyyətlə, müasir Azərbaycan siyasəti üçün aktual deyil. Buna baxmayaraq, o, polemikaların da təbii olduğunu vurğuladı.

Tural Abbaslı ile ilgili görsel sonucu

Ağ Partiyanın rəhbəri Tural Abbaslı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələyə münasibətindən asılı olmayaraq belə bir problem var və bu, aktivdir. Müsahibimiz bunun belə olmasını istəmədiyini dedi: “Siyasətdə ötürmə, davamçılıq olsaydı, daha yaxşı olardı. Tutaq ki, mən hansısa partiyanın gənclər təşkilatında yetişirəm, sonra partiyanın rəhbərliyi gəncləri irəli verir. Təcrübəli insanların dəstəyi ilə önə çıxan gənclər də onun hörmətini verəcək. Bizdə 30 ilə yaxındır ki, müxalifət müxalifətdə qaldığı və öz bacarlıqlarını realizə etdiklərini düşünmədikləri üçün ötürmək istəmirlər. Onlar deyirlər ki, özümüzün töhfəmizi verə bilməmişik. Ona görə belə qarşıdurmalar yaranır. Bu gün siyasi arenanın 80 faizi nisbətən yaşlılardan ibarətdir. Əslində bu proses yeni siyasətçilərin meydana çıxmasının qarşısını alır. Yaşlıların gücü, birliyi yeni insanların ortaya çıxmasına imkan vermir. Kimisə günahlandırmaq istəmirəm. Onların da özünü müdafiə haqqı var”.

T.Abbaslı bildirdi ki,  siyasi arenaya yeni çıxan bir gənc siyasətçinin mətbuatla, beynəlxalq təşkilatlarla əlaqələri zəifdir. Müsahibimizin fikrincə, qarşılıqlı dəstək olsaydı, xüsusən də ağsaqqalların dəstəyi olsaydı, bu sayaq problemlər daha asanlıqla yoluna qoyulardı: “Mənim siyasi arenadakı yaşlı nəsillə münasibətlərim ən yüksək səviyyədədir. Biz bu tendensiyanı nümunə olaraq yaratmağa çalışırıq”.


Tarix: 30-03-2019, 14:54
Xəbəri paylaş





Xəbər lenti