ABŞ Konqresindən Azərbaycan əleyhinə ÇAĞIRIŞ


ABŞ Konqresindən Azərbaycan əleyhinə ÇAĞIRIŞ

ABŞ Konqresindəki erməni lobbisi Azərbaycan əleyhinə yenə fəallaşıb.Nümayəndələr Palatasının 35 üzvü Konqresin Erməni Məsələsi Komitəsinin Ermənistana və Dağlıq Qarabağdakı separatçılara 100 milyon dollar dəyərində maddi yardım göstərmək çağırışını dəstəkləyib.

Xatırladaq ki, adıçəkilən komitəyə Frenk Pellone rəhbərlik edir.Müraciəti imzalayanlar ABŞ-dan Azərbaycana hərbi yardımları dayandırmağı və 907-ci düzəlişi icra etməyi təklif edib.Bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi məlumat yayıb.

Erməni lobbisi hər il olduğu kimi bu dəfə də Dağlıq Qarabağdakı cinayətkar rejimə maliyyə yardımını müxtəlif adlar altında göstərməyə çalışıb. Guya həmin vəsaitin 6 milyon dolları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə və əlillərin reabilitasiyasına, 4 milyon dolları Roys-Engel təkliflərinə əsasən, ATƏT-in monitorinqi altında yanğın aşkarlama sistemlərinin tətbiqi daxil olmaqla, sülhə hazırlaşmağa sərf olunacaq. Ermənistana ayrılan 60 milyon dolların 10 milyonu hərbi yardım, 20 milyon dolları isə Yaxın Şərqdən olan qaçqınların təminatı üçün nəzərdə tutulub. Xatırladaq ki, 1992-ci ildə erməni lobbisinin təsiri altında qəbul edilmiş “Azadlığa Müdafiə Aktına 907-ci düzəliş” adlı qətnamə Azərbaycana birbaşa dövlət yardımını qadağan edir. 

Qeyd edilən məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqov hesab edir ki, bu sənədin qəbulu ABŞ-ın Azərbaycanla əlaqələrinə və Cənubi Qafqazdakı strateji maraqlarına zərbə vura bilər: 

“Həmin sənədin qəbul olunacağına şübhə edirəm. Çünki Konqresdə sağlam düşüncəli insanlar var. Ona görə də bütün məsələləri bir qrup insanın məktuba imza atması həll etmir.Ümumilikdə, belə bir müraciətin edilməsi Azərbaycanın maraqlarına ziddir.Çox təəssüflər olsun ki, çağırışa qoşulan konqresmenlər özlərini beynəlxalq hüquq normalarının təəssübkeşi kimi qələmə verərək belə bir addım atır.Lakin onlar reallığı görmək istəmir.Məgər onlar Azərbaycanın yeddi rayonunun işğal altında olduğunu görmək istəmir?Axı, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi 1993-cü ildə Azərbaycan torpaqlarının işğalını pisləyən dörd qətnaməyə səs verib.Deməli bu, bir qrup parlament üzvünün qərəzli münasibətidir.Əgər onlar Azərbaycanın işğal altındakı ərazilərinə gəlmək istəyirlərsə, xüsusi qətnamə qəbul etməyə ehtiyac yoxdur.

Onlar belə səfər edərsə, dərhal Azərbaycan dövləti tərəfindən “qara siyahı”ya salınacaq.Mən şübhə etmirəm ki, ABŞ Nümayəndələr Palatasında belə bir çağırışın səslənməsi erməni lobbisinin təxribatçı fəaliyyətinin nəticəsidir. ABŞ Konqresi indiyə qədər hər il Ermənistana və Dağlıq Qarabağdakı separatçılara maliyyə yardımı ayırır. 1992-ci ildən bəri “907-ci düzəliş”i ləğv etmək istəmirlər.Halbuki, son 26 ildə Cənubi Qafqazda vəziyyət çox dəyişib.Amma həmin sənədin qüvvədə qalması çox acınacaqlı faktdır. Ona görə də ermənipərəst konqresmenlərin müraciətinin qəbulu Cənubi Qafqazda təhlükəsizliyə ziyan vuran bir addım ola bilər”. /Cebhe.info/


Tarix: 30-03-2019, 21:30
Xəbəri paylaş





Xəbər lenti