Tonoyanın hədəsi, Quterreşin çəpiyi


Martın 1-də Minsk Qrupunun həmsədrləri bölgəmizə səfərdən sonra sevincək bəyanat yaydılar ki, bəs, liderlər görüşə razılıq verib.  Vasitəçilər həm də əhalini sülhə hazırlamaq barədə regionda gedən diskussiyaları “məmnunluqla qarşıladıqlarını” da demişdilər.

Ardınca nə baş verdi? Ermənistan hakimiyyəti Mehridə qiyam qaldıran əsgərləri Qarabağa - sürgünə (!) göndərdi. Özü də dünyanın  gözünün içinə baxa-baxa! Üstəlik, etiraz edən valideynlərə dedilər ki, burada qeyri-adi nəsə axtarmağa dəyməz, sadəcə, hərbçilərin yerdəyişməsi həyata keçirilib. Erməni əsgərlərin anaları bu məsələyə münasibətdə həmsədrlərdən, lap elə beynəlxalq təşkilatlardan daha ədalətli oldular. Heç olmasa illər öncə İrəvana “Qarabağa əsgər göndərmə” çağırışı edən, bununla bağlı xüsusi qətnamə yayan Avropa Parlamenti də etiraz səsini ucaltmadı.

Ardınca da... Vyana görüşündən iki gün qabaq ermənilər Azərbaycan əsgərini qətlə yetirdilər. Amma nə ATƏT-dən səs gəldi, nə matətdən. Bu mənada David Tonoyanın ABŞ-dan banlaması niyə təəccüb doğurmalıdır ki?

Düzdür, Vyana görüşündən fövqəladə gözlənti yox idi və əsaslı heç nə baş vermədi. Ola bilsin ki, nəticə olaraq əsir və girovların dəyişdirilməsi istiqamətində addımlar atılsın. Ancaq Paşinyanın Kəlbəcər girovlarını geri qaytaracağı da şübhəlidir. Vyanadan qayıdan kimi, Bako Saakyana telefon açıb ona “doklad” edən birisindən bu addımı gözləmək olmaz. Uzağı, deyəcək “gedin, Qarabağla danışın”. Amma hər halda, uzun fasilədən sonra rəsmi danışıqlara start verilməsi müəyyən ümidlər yarada bilərdi. Ancaq...

Ermənistanın müdafiə naziri David Tonoyanın təhdidi bu ümidlərə də yer qoymur. Tonoyan deyib: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, ”ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür". Bu, həm də o deməkdir ki, “Paşinyan kimdir, burda mən varam!”

Onu danışdıran kimdir? Burada təkcə erməni diasporunun qarşısında “qəhrəman” kimi görünmək cəhdindən söhbət getmir. Şübhəsiz ki, erməni nazir Vyanada hansısa uğurun əldə olunmaması üçün əlindən gələni edən Rusiyadakı dairələrin sifarişini yerinə yetirib. Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində doğulmuş Tonoyan Rusiyadakı dairələrin təsiri altındadır. Onun məhz növbəti sülh danışıqları aparıldığı vaxt yekə-yekə danışması səbəbsiz deyil. Rusiya Vyana görüşündən heç də məmnun deyildi. Ermənistan XİN başçısı gecə ilə Lavrovun yanına əbəs yerə getməmişdi ki...

Nazir təyin olunandan bir həftə sonra Naxçıvan istiqamətindəki strateji mövqeləri itirən və bunu əhalidən gizləyən Tonoyan təbii ki, elə ötən həftə Qarabağda iki əsgərinin güllələnməsi faktını da ört-basdır etmək üçün belə hay-küy salır. Ancaq bu bəyanatın yalnız daxili ictimaiyyətə yönəldiyini də iddia etmək olmaz. Erməni nazir təxribatlar seriyasını davam etdirir. Onun bu sahədə təcrübəsi var, 2016-cı ilin aprel döyüşləri zamanı müdafiə nazirinin müavini olan David Tonoyan həmin təxribatlara rəhbərlik edənlərdən olub. O zaman Azərbaycan və Ermənistan liderləri Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində bir araya gələcəkdilər. Martın 31-də Vaşinqtonda sammit başladır, aprelin ilk günü isə Ermənistan mövqelərimizə hücuma keçdi... Sözsüz ki, ABŞ-ın moderatorluğu ilə keçiriləcək görüşü pozmaq planı olub.

Vyana görüşündən sonra da hər an vəziyyət gərginləşə bilər. Azərbaycanın rəsmi qurumlarının cavabı məncə, çox yumşaqdır. Ermənistana cavab daha sərt şəkildə verilməlidir. Qoy Tonoyan və digər yanlar görsünlər başından böyük danışmağın nəticəsi necə olur... 

Keçən il həmin bu Tonoyan demişdi ki, Ermənistan 2016-cı ilin aprel müharibəsindən hərbi dərs çıxarıb. Amma son bəyanatı əksini deyir. Apreldir. Dərsini oxumayan nazirin dərsə getmək vaxtıdır.

BMT-nin baş katibi Antonio Quterreş isə Ermənistanın zibilliyə atdığı BMT-nin 4 qətnaməsinin həllini tələb etmək əvəzinə, Vyana görüşündən məmnunluq ifadə edib. Bəlkə durub bir Tonoyana da çəpik çalasan, cənab Quterreş! Tonoyan Azərbaycanı Nyu-Yorkdan hədələyib - 26 il əvvəl Qarabağa dair 4 qətnamənin qəbul olunduğu BMT baş ofisinin yerləşdiyi şəhərdən. Bəlkə elə Quterreşin yanındaymış, kim bilir...

Elşad PAŞASOY
Tarix: 1-04-2019, 08:35
Xəbəri paylaş





Xəbər lenti