“Artıq “Elçibəy sədaqəti” kimi ideyaların önəmi yoxdur”


“Artıq “Elçibəy sədaqəti” kimi ideyaların önəmi yoxdur”
Zəlimxan Məmmədli: “Elçibəy komandasına aid olan partiyaların hərəsi bir tərəfdə biri-birinə qarşı savaşır, bir qismi də parlamentdə oturub, hakimiyyəti legitimləşdirmə siyasətinin içərisindədir”
 
Azərbaycanın ikinci Prezidenti mərhum Əbülfəz Elçibəyin sədrliyi dövründə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) sədr müavini olmuş Zəlimxan Məmmədlinin son addımı siyasi dairələrdə bir qədər qəribə qarşılandı. Belə ki, Z.Məmmədli keçmiş Səhiyyə naziri Əli İnsanovun təsisçiliyi ilə yaranmış Haqq Ədalət Partiyasına (HƏP) üzv olub. Elə həmin gün də qurumun İdarə Heyətinə seçilən Məmmədli, həm də Ali Məclis sədri vəzifəsini tutub.
 
10 il bundan əvvələ qədər Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri kimi fəaliyyət göstərmiş, sonradan təşkilatda sıravi üzv kimi təmsil olunmuş Z.Məmmədli həm də “Borçalı” Cəmiyyətinin rəhbəridir. O, Cəmiyyətə sədrlikdən sonra siyasətdən kənarlaşdığını açıqlamışdı. Məmmədlinin siyasətə qayıdışı, xüsusən də keçmiş düşərgəsi KXCP-yə deyil, İnsanov kimi keçmiş oliqarxın HƏP-inə üzvlüyü bir çox sualların yaranmasına səbəb olub.
 
Bu addımına görə Z.Məmmədlini tənqid edənlərin sayı dəstəkləyənlərin sayından daha çoxdur. Əksəriyyətin qənaətincə, korrupsioner nazirlərdən olmuş, həbsdən çıxandan sonra partiya yaradaraq hökumətdən qisas almaq görüntüsü yaratmış İnsanovun yanında yer almaq, onun qisasçılığına dəstək vermək doğru addım deyil. “Elçibəy komandasının ləyaqətli, təmiz şəxslərindən birinin, İnsanov kimi odioz fiqurun yanında yer alması anlaşılan deyil”, - fikirləri sosial şəbəkələrdə səngimək bilmir. “Siyasətlə məşğul olmaq istəyirdisə, elə KXCP-də fəaliyyət göstərərdi, niyə İnsanovun HƏP-i?”, - söyləyənlər də az deyil.
 
AYNA bütün bu sualları Z.Məmmədlinin özünə ünvanladı. Yeni HƏP-çi müsahibəsində maraqlı məqamlara toxundu.
- Zəlimxan bəy, HƏP-ə üzvlüyünüz cəmiyyət üçün sürpriz oldu. Suallar var ki, Zəlimxan Məmmədlinin Əli İnsanovun yanında nə işi var?
 
- Bizim ənənəvi adlanan, yaxud mənim təmsil olunduğum düşərgə, baxmayaraq ki, 10 ildir aktiv siyasətlə məşğul deyiləm, təmərküzləşməni, müxalifətçiliyin daha modern formalarını tapmaqda ciddi suallar qarşısındadır. Zaman-zaman müxtəlif formatlar olub, sonra içəridən dağılıb, izafi enerji itkiləri yaşanıb. Demək istədiyim odur ki, xeyli zaman itirmişik, hətta, təkcə biz yox, Azərbaycan itirib. Nə Dağlıq Qarabağ problemi ilə bağlı, nə mülki cəmiyyət quruculuğu, nə də demokratik cəmiyyət quruculuğu ilə bağlı ortada ciddi nəticə var. Korrupsiya, özbaşınalıq kimi mənfi hallar Azərbaycanda öz işini görüb. Bu baxımdan mən düşünürəm ki, yenidən aktiv siyasi fəaliyyətə başlamaq lazımdır. Əli İnsanov personasına Azərbaycan cəmiyyətində yanaşma təbii ki, birmənalı deyil. Mən bir siyasətçi və tibb işçisi olaraq Əli müəllimə qarşı onun nazir olduğu dönəmlər müxalif olmuşam. Amma sonrakı proseslər fərqlidir. Vaxtilə İnsanov hökumətə etiraz edib, onun qarşılığında həbsə məhkum olunub, 14 il həbsdə yatıb. Çıxdıqdan sonra da, Azərbaycan Kostitusiyasına uyğun olaraq partiya qurub. Bundan sonra mən Əli müəllimin, onun təmsil olunduğu düşərgənin diqqətində olmuşam. Dəvət etdilər, zaman-zaman görüşlərimiz, müzakirələrimiz oldu. Hesab etdim ki, bu partiyada sağlam düşüncə motivləri mövcuddur. Həmçinin, hesab etdim ki, fərqli cinahların Azərbaycan naminə bir araya gəlməsində fayda var.
 
- Bununla da HƏP-dən gələn təklifləri qəbul etdiniz...
 
- Mənim arqumentlərimdən biri budur ki, vaxtilə fərqli cinahlarda olsaq da, birləşib Azərbaycan üçün yenilik gətirə bilərik. İllərdir ölkəmizdə eyni hakimiyyətdir, korrupsiya və oliqarxik model Azərbaycanda oturuşub. Ölkəmiz bu vəziyyətə düşdüyünə görə üçüncü qüvvələrin poliqonuna çevrilib. Düşünürəm ki, artıq ənənəvi “Elçibəy sədaqəti” kimi ideyaların önəmi yoxdur. Biz çağdaş zamanın tələb etdiyi siyasi düşüncə ortaya qoymalıyıq. Mənim Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy yoluna hər hansı formada ədavətim və xəyanətim ola bilməz. Bunlar mənim “qırmızı xətt”lərimdir.
 
Amma, ümumi Azərbaycan məsələsi var ki, ölkəmizin taleyi ilə bağlı kifayət qədər məyusedici məqamlar mövcuddur. Xüsusən də Dağlıq Qarabağda baş verən son olaylar, separatçı ermənilərin Şuşada “andiçmə” keçirməsi bizim üçün utanc gətirən haldır. Düşündüm ki, ənənəvi müxalifətdən, kənarda olan qüvvələrdən və yenilərdən ibarət qurulan HƏP daha uğurlu ola bilər. Uzun görüşlərimizdən sonra mən HƏP-də funksioner olaraq fəaliyyət göstərmək qərarı verdim. İndiki zamanda əsas məsələ Azərbaycanın mənafeyi və düşdüyümüz çətin durumdur. Hesab edirəm ki, bütün qüvvələrin koalisiyası ilə Azərbaycanı daha ağrısız, az itkilərlə növbəti mərhələyə keçirmək mümkündür.
 
- Uzun illər dövlət qeydiyyatı olan KXCP-nin Ali Məclisinin sədri olmusuz. 10 ildir ki, siyasətdən kənar idiniz, KXCP-də sıravi üzv olaraq qalırdınız. Sadaladıqlarınız istiqamətdə siyasəti həmin partiyaya qayıdaraq həyata keçirmək mümkün deyildimi? Yaxud, qeydiyyatı olmayan HƏP-in, qeydiyyatlı, həm də illərinizi verdiyiniz KXCP-dən üstünlüyü nədədir?
 
- Mən ənənəvi müxalifətin problemlərini bilirəm. Zaman-zaman ən mütərəqqi layihələri Zəlimxan Məmmədli təqdim edib. Qarşılıqlı etimadla bağlı, qütblərarası uzlaşma ilə bağlı işlər görmüşəm. Daş-qalaq edilmişik, bir az inkarçılıq zehniyyəti var, siyasətdən uzaq olub sədaqətlilik prinsiplərinin qorunması yanaşması var. Mənə elə gəlir ki, Azərbaycan dəyişib, Azərbaycan insanı qarşıya yeni düşüncə ilə baxmalıdır. Gənclərin, yeni düşüncəli insanların zehniyyətinə uyğun siyasi addımlara ehtiyac var. Biz ənənəvi olaraq tarix üçün yaşasaq, düzgün deyil. “Zəlimxan Məmmədli yaxşı oğlan idi, təmiz adam idi” kimi ifadələrlə tərcümeyi-halımız yaxşı yazılsın, bu tərəfdən də Azərbaycan batsın. O zaman sağlam tərcümeyi-hal məni qane etmir. Faktiki olaraq Azərbaycan batır, bayrağımızı endirmək istəyirlər, ərazilərimizə təcavüz edirlər, bu halda susub oturmaq doğru deyil. Canımızda təpər varsa, Azərbaycan davasında olmalıyıq. Mən KXCP-yə yenidən Ali Məclisin sədri kimi də qayıtsaydım, mahiyyət etibarilə heç nə dəyişmirdi. Çünki, eyni elektoratdır, eyni sosial bazadır, eyni düşüncələrdir və bu baza ilə nəyəsə nail olmaq mümkün deyil. Elçibəy komandasına aid olan partiyaların vəziyyəti ürəkaçan deyil, hərəsi bir tərəfdə biri-birinə qarşı savaşdadır. Bir qismi də parlamentdə oturub, hakimiyyəti legitimləşdirmə siyasətinin içərisindədir. Düşünürəm ki, o ətalətdən çıxıb yeni siyasət yürütmək lazımdır.
 
Mənim KXCP üzvlərinə də, onun sədrinə də hansısa etimadsızlığımdan, ehtiramsızlığımdan söhbət gedə bilməz. Mövcud resursumu daha gözəl sabahlara istifadə etmək istəyirəm. Elə Mirmahmud Mirəlioğlu ilə də, digər siyasi qüvvələrlə də bir yerdə daha gözəl gələcək üçün çalışmaq üçün meydan lazım idi. Bu meydanı da HƏP-də gördüm. Əli İnsanov şəxsiyyəti, onun verdiyi bəyanatlar, mənim keçmiş düşərgəmlə, “qırmızı xətt”lərimlə bağlı mövqeyi normaldır. Mənə HƏP diskomfort yaratmır, əksinə daş-qalaq edilən ideyalarımın həyata keçməsi üçün burada münbit şərait var.
 
- HƏP-də Ali Məclisin sədrisiniz?
 
- Partiyanın İdarə Heyətinin üzvüyəm, həm də növbəti Ali Məclis seçkilərinə qədər Məclisin sədri vəzifəsini icra edirəm.
 
- Ona görə soruşdum ki, bəzi fikirlərə görə, HƏP-də adam olmadığı üçün Zəlimxan Məmmədli gedən kimi, onu həm İdarə Heyətinə üzv seçiblər, həm də Ali Məclisin sədrliyini həvalə ediblər...
 
- Bu, yanlış düşüncədir. Görünür, mənim tərcümeyi-halım HƏP üçün indiki zamanda faydalıdır. Heç zaman çörək dalınca getmədim, iman dalınca getdim. Hər məsələdə ideallarım, düşüncələrimin çəkisi ağır gəlib. Hansısa qruplara qoşulmamışam, haqq-ədalət axtarışında olmuşam, düz bildiyim yolu davam etdirmişəm. Hər halda mənim haqqımdakı ictimai rəy Əli İnsanovun və onun çevrəsinin seçimində müsbət rol oynayıb. Mənim siyasi təcrübəm və Azərbaycan davasına sədaqətim, aydın mövqeyim, görünür HƏP-də dəyərləndirilib.
- Belə fikirlər də var ki, Əli İnsanov vaxtilə quruculuğunda iştirak etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyətə gəlməsində rol oynayanlardan biridir. Amma sonradan o, həbsə atılmasının, 14 il həmin hakimiyyətin onu həbsxanada saxlamasının qisasını almaq üçün siyasətə gəlib, siyasi partiya qurub. Zəlimxan Məmmədli də, məmur olduğu zamanlarda korrupsiyaya bulaşmış bir şəxsin qisasçılıq siyasətinə dəstək verir. Yəni sizin HƏP-ə getməyiniz heç də birmənalı qarşılanmır...
 
- Bizim insanlarımız çox yaradıcıdır. Ona görə, bundan sonra da çox şeylər danışacaqlar. Məsələn, biz koronavirusa da inanmırıq, deyirik, boş şeydir. Durub dünya ilə dava edirik ki, virus yoxdur, oyun oynayırlar. Axı, ay adam, sən kimsən ki, bu boyda fəlakətə inanmırsan?! Yəni, bu cür fikirləri irəli sürənlər olacaq. Mən hesab etmirəm ki, İnsanov qisas üçün partiya qurub, hakimiyyətdən qisas alır. Mənim heç zaman içimdə qisasçılıq hissi olmayıb. Azərbaycan davasına həmişə böyük miqyasda yanaşmışam. Əli İnsanov da keçid hökumətlə bağlı, islahatlarla bağlı konsepsiyasını ortaya qoyub. Kifayət qədər də normal sənəddir, normal siyasi mövqedir. Konstitusiyadan kənar, hansısa zorakı formada hakimiyyət dəyişikliyi, kimdənsə qisas almaq niyyəti ola bilməz. Əksinə, hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı ilə bağlı HƏP-in planları var. İndi pandemiyadır, hər şey normala döndükdən sonra açıqlayacağıq. Hansı qüvvələrlə birgə, hansı prinsiplərlə mübarizə aparmaq istədiyimizi bildirəcəyik, təkliflərimizi digər siyasi qüvvələrə edəcəyik. Mənim olduğum yerdə hansısa qisasçılıqdan söhbət gedə bilməz.
 
- Növbədənkənar parlament seçkilərində sizin də namizəd olduğunuz dairənin nəticələri ləğv edildi. Həmin dairələrdə seçki keçiriləcəyi təqdirdə yenidən namizədliyinizi irəli sürəcəksinizmi? Namizəd olsanız, HƏP-dənmi olacaqsınız?
 
- Mən seçkilərə müstəqil namizəd olaraq qatılmışdım. Bundan sonra da təkrar seçkilər olarsa, o zaman dəyərləndirmə edib, qərar verəcəm. Birinci mərhələdə demək olar ki, hədəfimə çatdım. Təkbaşıma mübarizə apararaq, 15 il həmin dairəni əlində saxlayan bir mafiozu, belə demək mümkündürsə, devirdim. Bu gün siyasətdə Mirələmov adlı şəxs yoxdur. (Keçmiş deputat Hüseynbala Mirələmov – A.B) Bunu kim etdi, əlbəttə ki, mən etdim. Həmin dairədə düşünürəm ki, yenidən namizəd olmaq, deputat seçilmək üçün mənim haqqım var. Hər halda təmsil olunduğum partiya var, onun funksioneriyəm. Namizədlik məsələsində yəqin ki, hansısa qərar veriləcək. Bu, gələcəyin işidir.
Müəllif: Anar Bayramoğlu  
Tarix: 18-06-2020, 08:19
Xəbəri paylaş





Xəbər lenti