Rusiya Azərbaycanın suverenliyini tapdalayır



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Ermənistan qanunvericiliyinə hələ 1992-ci ildə edilmiş dəyişikliyə görə valideynləri erməni olan uşaqlar yalnız və yalnız erməni dilində təhsil ala bilərlər. Qanunvericilik Ermənistanda rus məktəblərinin yaradılmasına yasaq qoymur, lakin orada erməni uşaqlarının təhsil alması qanunla qadağan edilib.
Bu fakt erməni mühitində rus dilinin yayılmasına, yumşaq desək, əsla sıcaq baxılmadığına dəlalət edir.
Bölgə ölkələrinin heç birində milli dil siyasəti Ermənistanda olduğu qədər sərt və ekskluziv deyil.
Qarabağda rus dilinin ikinci dil statusunda tanınmasını məhz bu faktdan itələnərək təhlil etmək zəruridir. Ermənilər Qarabağı işğal altında saxladıqları 30 il ərzində rus dilinə ikinci dil statusu tanımadılar. İndi nə dəyişdi?! Dəyişən Qarabağın hakimi-mütləqidir. Bu gün rus “sülhməramlıları” bizim Qarabağımızda Rusiyanın potensial bir əyalətini və onun mini-hökumətini yaratmaqla məşğuldurlar. Bədnam, anti-milli 10 noyabr birgə Bəyanatından sonra təcili qaydada Qarabağa köçürdükləri 100 mindən çox erməni üçün Rusiya Federasiyasının pasportlarını hazırlayırlar. Putinin “kvazi- dövlət” hesab etdiyi ölkəmizdə sözün tam mənasında Rusiyanın Cənubi Qafqazda mövcud olan ən təhlükəli platsdarmını yaradırlar və rusiyalı deputat Konstantin Zatulinin də etiraf etdiyi kimi bütün addımları ilə Qarabağdan nəinki 5 il sonra, ümumiyyətlə, getmək niyyətləri olmadığını ortaya qoyurlar.
Bu addım artıq təkcə Ermənistanın yox, həm də Rusiyanın Azərbaycanın suverenliyini tapdalaması və Azərbaycan dövlətinə meydan oxuması deməkdir. Nə yazıq ki, öz hakimiyyət maraqlarını təmin etmək naminə Azərbaycanın milli və dövlət maraqlarını gözardına almaq, suveren hüquqlarından güzəştlər etməklə işğalçı Rusiya ordusunu Qarabağa yerləşdirən Azərbaycan hakimiyyətinin bu rüsvayçılıq və açıq təhdidə etiraz etmək cəsarəti də yoxdur. Azərbaycan hakimiyyəti hal-hazırda Ermənistan və Rusiyanın siyasi-iqtisadi çıxarlarını maksimum səviyyədə təmin etmək məqsədilə işğalçı dövlətlə bütün nəqliyyat kommunikasiyalarını sürətli bir şəkildə bərpa etməklə məşğuldur.
Tarix: 26-03-2021, 22:02
Xəbəri paylaş





Xəbər lenti