Dünyada nə baş verir və bizi nə gözləyir?



AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
ABŞ-da Co Baydenin hakimiyyətə gəlişi ilə başlayan qlobal demokratiya dalğası genişlənməkdədir. Sunami effekti verən bu dalğa dünyada geosiyasi tarazlığı dəyişməkdə və demokratiyanı beynəlxalq münasibətlərin əssas ayırıcı prinsipinə çevirməkdədir. Soyuq müharibə dönəmində dünya kapitalist və sosialist sistemlər arasında ideoloji zəmində iki yerə bölünmüşdü. Bu dəfə isə bölünmə ideoloji zəmində deyil, demokratik və antidemokratik siyasi rejim şəkillərinə görə baş verməkdədir .
Bayden xarici siyasətinin əsası avtoritar və diktatura rejimlərinnə qarşı Qərb ölkələrinin koalisiyasını yaratmaq, demokratik dəyərlərin yayılmasını fəal dəstəkləməkdir. Bu dəfə işin ciddiyyəti ondadır ki, ABŞ qlobal təhlükəsizlik sistemini demokratik dəyərlər əsasında yenidən inşa etməyə qərar verib.
Bu o deməkdir ki, avtoritar rejimlər təkcə öz ölkələrinin xalqlarına deyil, həm də qlobal təhlükəsizliyə əsas problem hesab olunurlar.
Baydenin şah gedişi
Bugünlərdə ABŞ prezidenti çox mühüm bir təşəbbüs göstərərək Avropa Birliyinə daxil olan bütün ölkələrin liderləri ilə videosammit keçirib. Sammitdə Bayden bildirib ki, ABŞ avtoritar ölkələrin antidemokratik səylərinin qarşısını almaq üçün Qərb dünyasının vahid cəbhəsini yaratmaq istəyir.
Baydenin çağırışı Avropa ölkələri tərəfindən dəstəklənib, sammitin nəticəsi olaraq demokratik dəyərləri birgə qorumaq barədə qərar verilib.
Demokratiyanın yayılması ilə bağlı ABŞ, Böyük Britaniya və Avropa Birliyinin birgə koalisiya yaratması o deməkdir ki, qısa zaman ərzində avtoritarizmə qarşı qlobal həmlə həyat keçiriləcək. Bu həmlənin əsas hədəfi isə Rusiya və Çin hesab olunur.
Bu sırada Rusiyada Putin hakimiyyətinin devrilməsi və Rusiyanın demokratikləşdirilməsi yaxın strateji hədəf hesab olunur. Bu, üç səbəblə bağlıdır :
  1. Rusiyada Putin hakimiyyəti qaldıqca Avropanın təhlükəsizlik problemi həll olunmamış qalacaq.
  2. Putin iqtidarda olduğu müddətdə postsovet məkanındakı avtoritar rejimlərə himayədarlıq edərək və münaqişələr yaradaraq, Qərbin bu regionda möhkəmlənməsinə imkan vermir.
  3. Rusiyada Putin hakimiyyəti demokratik rejimlə əvəz olunmayınca, ABŞ-ın Çinin inkişafının qarşısını alması, iqtisadi gücünün hərbi gücə çevrilməsini əngəlləməsi çətin mümkün olacaq. Bayden açıq şəkildə bildirib ki, o, ABŞ-n dünya liderliyinə alternativ yarada biləcək bu təhlükənin gerçəkləşməsinə imkan verməyəcək. Ona görə Rusiyanın da demokratikləşdirilib Çinə qarşı Qərb koalisiyasında yer alması, yaxın strateji vəzifə kimi nəzərdə tutulur. (ABŞ-n bu məqsədi necə həyata keçirməyə çalışacağı ilə bağlı bir neçə gün öncə yazdığımız təhlillə maraqlananlar səhifəmizə baxa bilər.)
Bizi nə gözləyir?
Ağ Evin sözü gedən sammitlə bağlı yaydığı məlumatda isə əlavə olaraq bildirilir ki, Bayden çıxışında ABŞ və Avropa Birliyini Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlar məsələsində birlikdə çalışmağa çağrıb.
Bu artıq bizim ölkəmizə yönəlik yanaşmanı da özündə əks etdirir. Yəni nəzərləri ancaq Rusiyanın üzərinə yönəldib, adı çəkilən regionları diqqətdən kənarda qoymayacaqlar. Bu mənada Baydenin çıxışında Cənubi Qafqazın ABŞ üçün piroritet regionlardan biri kimi göstərilməsi ölkəmizdə demokratik proseslərin gələcəyi baxımından çox önəmlidir.
Bu o deməkdir ki, Cənubi Qafqazın demokratikləşməsi və Qərbə inteqrasiyası gündəmə gələndə əsas problem və maneə dünyanın 10 ən qeyri-azad ölkəsindən biri sayılan Azərbaycan hesab olunur. Həm korrupsiyanın səviyyəsinə, həm də demokratik azadlıqların boğulmasına görə çox mənfi imici olan Azərbaycandakı rejim həm də Putin Rusiyasınln regionumuzdakı əsas vassalı sayılır. Bu səbəbdən də ABŞ-ın liderlik etdiyi demokratik Qərb koalisiyasının əsas təzyiq hədəflərindən bir də İlham Əliyev hakimiyyətinin olacağı gözlənilir. Dünən ABŞ dövlət katibinin vəkil Şəhla Hümbətova ilə bağlı verdiyi sərt və kəskin bəyanat gözlənilən təzyiqin anonsu hesab oluna bilər. Ölkəmizdəki qanunsuzluğa münasibətdə İlk dəfə idi ki, dövlət katibi səviyyəsində bəyanatla reaksiya verən ABŞ rəhbərliyi açıq mətnlə istəklərinin təcili yerinə yetirilməsini tələb edir. Eyni zamanda, bu məsələdə heç bir balans gözləmədən vəkil Şəhla xanımın simasında rejimin təzyiqlərinə məruz qalanlara “yanınızdayıq” mesajı verilir.
Bu münasibət qarşılığında Azərbaycan iqtidarının iki seçimi var:
  1. ABŞ-n tələbləri nəzərə alınmır və Putin devrilənə qədər onunla birlikdə anti-Qərb cəbhəsində yer alındığı üçün sanksiyalara məruz qalınır, hakim elita Qərbdəki biznes və kapitalını itirir. Daxildə repressiya və sosial iqtisadi uğursuzluqlar üzündən xalqla qarşıdurma dərinləşir, demokratik inqilabi situasiya qaçılmaz olur. Sonda da Qərbin dəstəyi ilə rus xalqı tərəfindən devrilən Putinin xoş olmayan aqibətini bölüşmək risqi ilə hər şey itirilir.
  2. Qərblə konfrantasiyadan imtina olunub əməkdaşlıq yolu tutulur, islahatlar və yeni azad parlament seçkiləri ilə demokratik proseslərin önü açılır və müəyyən təminatlar qarşılığında hakim elita hakimiyyətdən tədrici geri çəkilmə yolunu tutur. Bu, indiki beynəlxalq münasibətlər konyunkturunda ən rasional yol hesab oluna bilər.
Hakim elitanın hansı variantı seçməsindən asılı olmayaraq nəticə dəyişməyəcək. Avtoritarizmin süqutu və demokratiyanın qalib gəlməsi labüddür. Dəyişən yalnız bizim demokratiyanın qələbəsinə hansı yolla gedib çıxmağımız olacaq.
Tarix: 27-03-2021, 14:43
Xəbəri paylaş





Xəbər lenti