Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 4 şikayət üzrə qərarlarını elan edib



Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 22-də Azərbaycandan dörd şikayət üzrə qərarlarını elan edib.
Vəkil Xalid Ağaliyevin Turan-a verdiyi məlumata görə, Avropa Məhkəməsi “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozuntusuna yol verildiyi qənaətinə gəlib.
Zeynallı həbsindən və eks-deputat Gülər Əhmədovadan rüşvət almaq ittihamı ilə azadlıqdan məhrum edilməsindən şikayət vermişdi.
Avropa Məhkəməsi Azərbaycan hökumətinin üzərinə Zeynallıya ümumilikdə 13 min avro təzminat ödəmək öhdəliyi qoyub.
Dinc aksiyanın çəkilişini apararkən saxlanılmasından və polis əməkdaşları tərəfindən döyülməsindən şikayət verən jurnalist Elçin Həsənova 7500 avro ödəniləcək.
Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi) maddəsinin pozulduğunu təsdiq edib.
Bəxtiyar Hacıyev öz şikayətində Gəncə şəhərində saxlanılmasının və qanunsuz olaraq polis idarəsində saxlanılmasının qanunsuz olduğunu qeyd edib və Avropa Konvensiyasının 3-cü maddəsinin pozulmasını təsdiq etməyi xahiş edib.
Strasburq Məhkəməsi Azərbaycan hakimiyyətinin üzərinə ona 12850 avro təzminat ödəmək öhdəliyi qoyub.
Cinayətkar birlik yaratmaqda, oğurluq və qətllərdə təqsirli bilinən Hüseyn Abdulvahabov cinayət təqibinin əsassızlığından şikayət verib.
Amma Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayəti üzrə icraatı baxılacaq işlər siyahısından çıxarıb.
Contact.az

Tarix: 23-04-2021, 11:10
Xəbəri paylaş





Xəbər lenti