İranın “şeytan” sevgisi: Ermənilər Tehranda “soyqırım” mərasimi keçirdilər


 
Dünən aprelin 24-də Tehranın Surb Sarkis kilsəsində erməni xəlifəliyin baş yepiskopu Sepuh Sarkisyanın rəhəbərliyi ilə sözdə “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
 
Ovqat.com-un məlumatına görə, mərasimdə Tehran və Şimali İran erməni icmasından ölkə parlamentinə seçilmiş deputat Ara Şahverdyan, Ermənistanın İrandakı səfirliyinin əməkdaşları, katolik icmasının rəhbəri arxiyepiskop Sarqis Davtyan, erməni evangelist icmasının ruhani lideri Sergey Şahverdyan və digər şəxslər iştirak ediblər.


 
Mərasimdə Qarabağ münaqişəsinin həlli prosesinə aid məsələlərin də müzakirə olunduğu xəbər verilir. Şəkillərdən də aydın olur ki, mərasimin sözdə “erməni soyqırımı”nı əks etdirən baner və plakatının üzərində Şuşadakı Qazançı kilsəsinin də fotosu yer alıb. Mərasim iştirakçıları 44 günlük müharibədə öldürülmüş erməni qəsbkarlarının ruhuna dualar oxuyublar. 
 
Ermənilərin “müqəddəs atası” arxiyepiskop Sepuh Sarkisyan çıxışında bildirib ki, 1915-ci ildə 1 milyondan artıq ermənin qətliylə başlayan soyqırım bu gün də davam edir və 44 günlük müharibədə öldürülən işğalçılar da soyqırım qurbanlarıdır. Dini təbəələrini Qarabağda öldürülən qəsbkarların ruhu qarşısında baş əyməyə dəvət edən arxiyepiskop Türkləri ermənilərin “anadangəlmə düşməni” adlandırıb: "Xalqımız öz xristian dininə görə Türklərin anadangəlmə həyat, dəyanətlilik, sağ qalması instinktində qalib gələ bildi və Sərdarabad, Başaparan və Qarakilisdəki döyüşlər nəticəsində azad və müstəqil Ermənistanı yaratdı”,-erməni dini lideri belə deyib.


 
İranın müsəlman qonşularına qarşı ağzından kin-küdurət yağan “müqəddəs ata”nın Türkiyə və Azərbaycan xalqlarına qarşı açıq düşmənçilik hisslərinin aşılandığı uzun nitqdən sonra sözdə “soyqırım” qurbanlarının abidəsi önünə gül çələngi qoyularaq mərasim tamamlanıb.
 
İranın guya Azərbaycan əsilli dini-ali lideri Xomneyinin idarə etdiyi ölkədə dövlətimizin əleyhinə bu cür tədbirlərin keçirilməsi rəsmi Tehranın dövlətlərimiz arasındakı inteqrasiya prosesinə nə dərəcədə ciddi yanaşdığını göstərir. Üstəlik, bütün bunlar İranın “böyük şeytan” adlandırdığı ABŞ prezidentinin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırdığı vaxtda baş verir. Özü də müsəlmanların müqəddəs aylarından sayılan Ramazanda. “Böyük şeytan”ın eyni sözlərinin Tehranda səsləndirilməsinə şərait yaradan İran rəsmiləri görəsən kimə xidmət etdiklərinin fərqindədirlərmi?
 
Ümidvarıq ki, bu sualımıza İranın ali dini rəhbəri Xomneyi həzrətləri olmasa da, onun Ərdəbildəki təmsilçisi Ayətullah Seyid Həsən Amili həzrətləri cavab verəcək. Biz də böyük səbrsizliklə Amili həzrətlərinin bu cavabını gözləyir və dəyərli din xadiminə bəzi məqamları xatırlatmaq istəyirik.
 


Cənab Ayətullah, bilirisiniz ki, İslam dininə görə, müsəlman qardaşının səhvə yuvarlandığını görən hər bir mömün ona gördüyü işin səhv olduğunu, bunun dini ehkamlarla bir araya sığmadığını deməli və “sirətəl-müstəqim”ə (doğru yola) dəvət  etməlidir. Biz də bu ilahi öhdəliyimizi yerinə yetirib Sizə və ölkəmizə qarşı açıq düşmənçilik mövqeyindən çıxış edən erməniləri görməzlikdən gələn digər İran üləmasına Quranın Tövbə surəsinin 123-cü ayəsini xatırladırıq: “İnkar edənlərdən özünüzə ən yaxın olanlarla savaşın”.

Cənab İran ayətullahları, unutmayın ki, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, şeytan da inkar edənlərdəndir və onlarla mübarizə ilk növbədə siz din adamlarının borcudur. Bu gün okeanın o tayındakı “böyük şeytan”a əliniz çatmırsa, heç olmazsa onun Tehrandakı sözünü danışan kiçik şeytanların qarşısını alın. Ən azı ona görə ki, bu, sizin Qurani-Kərim tərəfindən müəyyənləşdirilən borcunuzdur. Allah din adından danışıb mömünlük borcunu yerinə yetirməyənləri sevməz və İslam əqaidində müsəlman kimi görünüb şeytanla bir yerdə olanların adı sizə də bəllidir. Nəzakət qaydalarını aşmaq istəmədiyimizdən bu adı səsləndirməyi uyğun görmürük. 

    



Tarix: 25-04-2021, 15:41
Xəbəri paylaş





Xəbər lenti