Baydendən erməni xalqına böyük pislik - üstəlik Minsk Qrupu da gorbagor oldu



Əslində, o qədər də gözlənilməz deyildi. “907-ci düzəliş”in həmmüəllifi, ermənipərəst olduğuna görə Co Baydenin “erməni soyqırımı” ifadəsini işlədəcəyi bir müddət öncədən güman edilirdi. Lakin əks arqumentlər vardı ki, Bayden artıq konqresmen deyil, o, erməni sevdalısı olsa belə, Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləndən sonra ABŞ-ın maraqlarını şəxsi mövqeyinə qurban verməməyə çalışa bilər.
Lakin göründüyü kimi, Bayden türk dünyası - xüsusi ilə Türkiyə və Azərbaycanla nə iqtisadi, nə təhlükəsizlik, nə strateji müttəfiqlik məsələlərini önə çəkmədi, dünyaya hər hansı bir faydası dəyməyən, yalnız problemlər yaradan, terrorçuluqla məşğul olan ermənilərə xoş gəlməsi üçün bu addımı atdı.
Təbii olaraq, Türkiyə və Azərbaycan bu qeyri-obyektiv, saxta soyqırım iddiasına “legitim” don geyindirmək cəhdinə sərt reaksiya verdi. Rəsmi və ən yüksək səviyyələrdə Baydenin məlum açıqlaması qınandı, tənqid edildi.
Eyni zamanda son 24 saatda Baydenin sərgilədiyi mövqe bütün parametrlər üzrə politoloqlar, siyasətçilər tərəfindən təhlil edilib.
Şübhəsiz, belə bir saxtakarlığın dünyanı idarə etməyə iddialı olan Amerikanın prezidenti tərəfindən edilməsi ikrah doğurur və qəzəblə qarşılanır.
O Amerikanın ki, özü 6 Avqust 1945-ci ildə Yaponiyanın Xirosima şəhərini, 3 gün sonra isə Naqasaki şəhərini atom bombası ilə yerlə yeksan edib, soyqırım törədib, azı 350 min insan bir andaca məhv edilib.
1200px-Atomic_bombing_of_Japan.jpg (204 KB)
ABŞ çox da uzaq olmayan illərdə Vyetnamda, Koreyada, İraqda, Əfqanıstanda, Laosda da soyqırımlar törədib və ümumilikdə 10 milyona yaxın insanın kütləvi qətllərində suçludur, bunlara cavab verməlidir. Demokratiya adı altında Şərq ölkələrində ABŞ-ın indi nələr etdiyini  məktəbli uşaqlar da bilir...
Üstəlik ABŞ-ın üzərində Amerikanın yerli əhalisini – hindiləri kütləvi soyqırıma məruz qoyması kimi bir qara ləkə var...
Bütün bunlar danılmaz tarixi faktlardır və bundan sonra daha intensiv şəkildə Amerikaya xatırladılacaq.
Düzdür, indiki reallıqlar çərçivəsində supergüc hesab olunan ABŞ bunları vecinə almayacaq. Eyni qaydada, Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi də hüquqi bir iddialara səbəb olası deyil. Yaxud da ermnilərin sevincək olub təzminat nağıllarını uydurması da məntiqli deyil. Çünki Baydenin hansısa bir saxtakarcasına fikir söyləməsi hüquqi prosedur və ya onun üçün yuridik baza deyil, ola bilməz.
Buna bir sübut kimi 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqanın da "soyqırım" ifadəsindən istifadə etməsini göstərmək olar. Onda nə oldu ki, indi nə olsun?!..
Üstəlik də daha "ay aman, birdən Amerika "erməni soyqırımı" deyər təşvişindən canımız birdəfəlik qurtardı. Deyəcəkləri bu idi, dedilər, belə cəhənnəmə desinlər, daha heç bir şantaj yapa bilməyəcəklər...

Lakin şübhəsiz ki, Amerika prezidentinin bu dardüşüncəli davranışı, eyni zamanda Fransanın prezident səviyyəsində canfəşanlıqla ermənilərin müdafiəsinə qalxması siyasi münasibətlərə və əməkdaşlıq, tərəfdaşlıq məsələlərinə ciddi təsir göstərəcək, yeni dəngələr formalaşmasına zəmin yaradacaq.
Nəzərə alsaq ki, bu siyasi basqılar Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra total xarakter alıb, açıq müstəviyə keçib, onda mənzərə bir qədər də aydınlaşır. Faktiki olaraq həmsədr kimi tərəfsiz olmalı olan bu ölkələr erməni faşizminin başının əzilməsini, Azərbaycanın qələbəsini, paralel olaraq Türkiyənin bu prosesdə mühüm rol almasını qətiyyən sinirə bilmədiklərini ortaya qoyurlar.
Beləliklə, ortaya əlahəzrət bir fakt çıxır: Amerikanın da bu cür qərəzli, saxtakar, açıq erməniyanlı mövqeyindən sonra ATƏT-in Minsk Qrupunun “dəfn edildiyini” söyləmək mümkündür.
Əslində, Azərbaycan xeyli müddətdir bu qurumun mənasızlığını, fəaliyyətinə ehtiyac qalmadığını bildirirdi. 44 günlük Vətən Savaşından və Qarabağ Zəfərindən sonra rəsmi şəxslər də bildiriblər ki, Minsk Qrupu lazımsız bir qurumdur: Onun obyektivliyini qoruya bilməməsi bir başqa məsələdir, hazırda isə Azərbaycan özü Qarabağı işğaldan azad edib, indi regionda tamamilə fərqli mənzərədir, ona görə də bu qrup tarixin arxivinə gömülməlidir.
Ancaq həmsədrlər israrla istəyirlər, hətta sonuncu bəyanatlarına az qala yalvarış notları da var idi ki, Qarabağla bağlı bundan sonrakı proseslərdə onların da rolu olmasına şərait yaradılsın.
Ancaq son iki gündə baş verənlər bir daha göstərdi ki, bu qurumu net olaraq iqnor etməliyik, Azərbaycan üçün MQ artıq yoxdur, gorbagor olub!
505da80c29b2b8b.jpg (46 KB)
Açıq söyləməsi bundan ibarətdir: Həmsədr ölkələr – ABŞ, Fransa və Rusiyadır. Fransa zatən özünü çoxdan ifşa etmişdi, açıq şəkildə erməni tərəfkeçliyi ilə həmsədr olmasının mümkünsüzlüyünü isbat etmişdi.
İndiki kövrək bir vaxtda hətta Makron saxta soyqırımla bağlı Ermənistanda keçirilən düşük törənlərə öz nümayəndə heyətini də göndərməklə özünü faktiki olaraq MQ-da deaktiv etmiş olub.
Rusiya ilə bağlı da vəziyyət “rusca”dır. Təkcə iki faktı göstərmək olar: Şuşaya “İsgəndər M” raketinin atılması və cani Araik Arutyunyanın Moskvaya səfərlərinin təşkil olunması ilə bağlı Azərbaycan ictimaiyyəti, dövləti izahat istəməyə haqq edir. Ancaq bu izahatlar da yoxdur, verilmir, susqunluqdur...
Bəlkə də Minsk Qrupunu birdəfəlik iqnor etməmək ABŞ-a ehtiram naminə olub. Ancaq Bayden Amerikasının son davranışı məsələyə nöqtə qoydu: Azərbaycan indi birmənalı şəkildə MQ-nun onun üçün artıq mövcud olmadığını bəyan etməkdə haqlıdır, hüquqludur!
Beləcə, Co Baydenin “köməkliyi” ilə məsələ Minsk Qrupu məsələsi “həllini tapdı”...
                                             ***
Bayden habelə məlum açıqlaması türk dünyasını Amerikaya qarşı çevirməklə yanaşı, onsuz da bədbəxt durumda olan erməni xalqına da ən böyük pisliyini edib. Məsələyə politoloji və soyuq başla yanaşdıqda əminliklə söyləmək olar ki, Amerika ermənilərə indiki durumda bəlkə də kimsənin heç zaman etmədiyi pisliyi edib: Ermənistan və erməni xalqı məhz işğalçılıq və faşizm siyasəti üzündən regional inkişafdan azı 50 il geri qalmışdı. Azərbaycan erməni işğalına və erməni faşizminə son qoyduqdan sonra onlar üçün bir inkişaf qapısı açılmışdı. Azərbaycan rəhbərliyi də dəfələrlə ermənilərə bu xilas yolunu göstərmişdi.
Onların normal yaşama dönməsi yalnız Azərbaycanı və Türkiyəni dinləməkdən ibarət olduğunu özləri də dərk etməyə başlamışdılar. Ancaq görünür, Amerika ermənilərə bunu – qarşıda adam kimi yaşamağı rəva bilmədi. Onları “erməni soyqırımı” oyuncağı ilə aldadıb, Türkiyə və Azərbaycanla konfliktli münasibətlərin davamına sürükləyirlər. İndi ermənilərin müəyyən kəsimi olmayan papağını göyə atıb, Baydenin mənasız bir açıqlamasından sevinə, bəziləri hətta “yox ee, ta arxamızda Bayden var, türkləri dinləməyək, hesablaşmayaq” düşüncəsinə qapıla bilər. Ancaq sosial şəbəkələrin erməni seqmentində bəzi ağıllı ermənilər özləri də yazırlar ki, bu “soyqırım” iddiaları Ermənistana heç nə qazandırmayacaq, əksinə, onu yenidən quyunun dibinə atacaq və bundan sonra da blokadada saxlaya bilər.
Təbii, əgər ermənilər Baydenə və “soyqırım” iddialarına qapanıb Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə razı olmasalar, daha ağır günlər yaşayacaqlar. Bu bir aksiomdur, regionun yeni mənzərəsinin, mövcud durumun diqtəsidir.“Yeni Müsavat”

Tarix: 26-04-2021, 00:12
Xəbəri paylaş





Xəbər lenti