Amerikanın KTMT planı: "Ağ Ev Paşinyanın qarşısına şərt qoyub"


Amerikanın KTMT planı: "Ağ Ev Paşinyanın qarşısına şərt qoyub"

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ABŞ-ın müdafiə sahəsində yardım imkanlarını məhdudlaşdırır.
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq” radiosuna müsahibəsində belə deyib:
“Ermənistan KTMT üzvüdür və bu, ABŞ-ın üzv olduğu təşkilat deyil. Ermənistanın KTMT-yə üzvlüyü ABŞ-a hərbi yardımın göstərilməsində əhəmiyyətli məhdudiyyətlər yaradır. Ermənistanın KTMT-yə üzv olması səbəbindən silah satışı və hərbi yardımla bağlı müəyyən məhdudiyyətlər mövcuddur”.
Bununla da amerikalı diplomat Ermənistanın KTMT-dəki fəaliyyətinin ABŞ-ın regiondakı maraqlarına problem yaratdığına dair mesaj verib. ABŞ bununla da Ermənistanı KTMT-də görmək istəmədiyini nümayiş etdirir.
Qeyd edək ki, hazırkı Baş nazir Nikol Paşinyan hələ “Yelk” blokunun tərkibində deputat kimi parlamentdə təmsil olunduğu dövrdə Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxmasını təklif etmişdi. Erməni dilində “Çıxış” mənasını verən “Yelk” sözü də məhz bu məqsədlə seçilmişdi. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra həmin ideyanı həyata keçirmək mümkün olmadı. Ancaq rəsmi Vaşinqton bu məsələni yenidən gündəmə gətirib.
ABŞ Prezidentinin sabiq müşaviri Con Bolton 2018-ci il oktyabrın 25-də İrəvana səfəri zamanı da Ermənistana keyfiyyətli Amerika silahını almağı təklif etmişdi. Bu isə Rusiya silahından imtina etməklə yanaşı, rəsmi Moskva ilə hərbi müttəfiqliyi dayandırmağa çağırış məqsədi daşıyırdı.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildridi ki, ABŞ səfiri faktiki olaraq, Ermənistanı KTMT-dən çıxmağa çağırır:

“Ona görə də ABŞ-ın bu istiqamətdə Paşinyan hakimiyyətinə təzyiqlərinin artacağı gözlənilir. Səfir Treysinin açıqlaması Ermənistandakı gedən siyasi proseslərə və Ermənistan hakimiyyətinin tutacağı siyasi xəttə münasibətini əks etdirir. ABŞ açıq şəkildə mesaj verir ki, Ermənistan hakimiyyəti öz siyasətində korrektə etməlidir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır. Aydın olur ki, ABŞ Ermənistan uğrunda maraq toqquşmasına girib.
Lin Treysinin bu açıqlaması əslində, Ermənistan hakimiyyətindən tələbdir. Diplomat bununla bildirmək istəyir ki, əgər Ermənistan ABŞ-dan hərbi yardımlar almaq istəyirsə, Rusiyadan ayrılmalıdır və Kremlin layihələrində yer almamalıdır. Görünür, ABŞ və Ermənstan arasında hərbi əlaqələr barədə danışıqlar gedir və Vaşinqton da İrəvanın qarşısında Rusiyanın siyasi orbitindən çıxmaq şərtini qoyub.
Hesab edirəm ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra Amerika Rusiyanın layihələrindən çıxmaq üçün rəsmi İrəvana təzyiqlər edəcək. Bu da Paşinyan hakimiyyətinin maraqlarına uyğundur. Paşinyan anti-Rusiya mövqeli şəxsdir. O, hakimiyyətdə qalarsa, Rusiya ilə məsafəli siyasət yürüdəcək. Ona görə də ABŞ-ın səfirinin bu açıqlaması birbaşa qeyd edilən səbəblə bağlıdır.
Maraq doğuran Rusiyanın buna verəcəyi reaksiyanın nədən ibarət olacağıdır. Düşünürəm ki, ABŞ Paşinayanın hakimiyyətdə qalmasında maraqlı olacaq. Bununla da Vaşinqton Rusiyanın Ermənistandakı mövqelərinə ciddi zərbə vurmağa çalışır. Düşünürəm ki, Paşinyan yenidən seçilərsə, bu il olmasa da, növbəti il KTMT-də və Avrasiya İqtisadi Birlyinə qarşı arqumentlərlə çıxış edəcək və bu təşkilatlardan ayrılmaq planını təklif edəcək.
Görünür, ABŞ səfiri bu istiqamətdə mesajlar verməklə Rusiya-Ermənistan əlaqələrinə zərbə endirmiş olur. Səfirin açıqlaması Paşinyanın vaxtilə “Yelk” blokunda irəli sürdüyü kursla üst-üstə düşür. Paşinyanı təlimatlandıran da, ona müvəqqəti sığınacaq da verən ABŞ-ın İrəvandakı səfirliyidir. Ermənistan Rusiyanın forpostu da olsa, bu ölkədəki siyasi proseslər ABŞ-dan idarə olunur. Ona görə də bu gün ABŞ Ermənistanın qarşısında şərt qoyur”.
Qeyd edək ki, Ermənistanın KTMT-dən çıxaması Rusiya hərbi bazalarının bu ölkədən çıxarılması üçün zəmin yarada bilər. Ancaq son zamanlar Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirən Rusiyanın bununla razılaşacağı real görünmür. ABŞ-ın hədəfi isə daha uzaq perspektivə hesablanıb. Bayden administrasiyası Ermənistanın KTMT-dən çıxması ilə paralele Belarusda hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Bu isə KTMT-nin və AİB-nin dağılmasına səbəb ola bilər.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan hökuməti Rusiya hərbi bazalarının Ermənistanda qalmasında maraqlı deyil:
“Həmin hərbi bazaları Paşinyan öz hakimiyyəti üçün təhlükə hesab edir. Paşinyan seçkilərdən sonra hakimiyyətini gücləndirib Rusiya hərbi bazalarını ölkədən çıxartmağa çalışa bilər. Ancaq Rusiyanın Ermənistanı belə asanlıqla tərk edəcəyini düşünmürəm.
Çünki Ermənistan Rusiyanın Cənubi Qafqazda son qalasıdır, Azərbaycana və Türkiyəyə təzyiq vasitəsidir. ABŞ isə Ermənistanı KTMT-dən çıxartmaqla digər üzv ölkələrə mesaj verir ki, əgər bu ittifaqdan çıxsanız, Amerikanın birbaşa hərbi yardımını ala bilərsiniz. Bu da Rusiyanın geosiyasətinə bir zərbədir və Bayden administrasiyasının Rusiyanın regional təşkilatlarını dağıtmaq planından xəbər verir”.
Tarix: 28-04-2021, 15:59
Xəbəri paylaş





Xəbər lenti