Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə əməkdaşlığı mümkündürmü? - ŞƏRH


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraklı Qaribaşvili arasında Ankarada görüş keçirilib. Görüş sonrası mətbuat konfransında Türkiyə dövlət başçısı ikitərəfli münasibətlərlə yanaşı, regional əməkdaşlıq perspektivləri barədə də danışıb.
R.T.Ərdoğan Türkiyə olaraq Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəklədiklərini bildirib.

“Azərbaycanla üçtərəfli əməkdaşlığımız bu baxımdan çox önəmlidir. Bununla bərabər, Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi ilə yanaşı, Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını da Türkiyə olaraq dəstəkləyirik. Bu il ərzində yüksək səviyyəli strateji toplantımızı xarici işlər nazirləri səviyyəsində keçirməyə qərarlıyıq. Mövcud mexanizmləri qərarlı və ideal bir şəkildə ortaya qoyaraq, addımlarımızı atacağıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə liderinin açıqlaması barədə fikrilərini “Sherg.az”la bölüşüb:

“Əslində Ərdoğanın cümləsi belə olmuşdu: “Azərbaycan-Gürcüstan-Türkiyə üçlü ittifaqı var, əməkdaşlıq davam edir.

Bundan sonra isə söyləyib ki, Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə əməkdaşlığı da mümkün ola bilər. Yəni Ermənistan ərazi iddialarından vaz keçib, qonşularla normal münasibət qurmaq istəyərsə, bu ittifaqa qoşula bilər.

Ərdoğan məcburi surətdə demədi ki, Ermənistan mütləq əməkdaşlıqda olmalıdır. Bu, Azərbaycan və Türkiyənin Ermənistana etdiyi təklif idi. Yəni düşmənlikdən yaxa qurtarmaq istəyirlərsə, gəlib bizimlə əməkdaşlıq edə bilərlər.

Lakin görürük ki, hələ də fərqli siyasət yürüdür, təxribatlarını davam etdirirlər. Bu gün də Kəlbəcərə yeni diversant qrupu göndəriblər. Aydındır ki, belə şəraitdə Ermənistanla əməkdaşlıq mümkün deyil”.

Siam.az
Tarix: 3-06-2021, 08:56
Xəbəri paylaş





Xəbər lenti