Qərbin bir hissəsi Azərbaycana sanksiya tətbiq etmək üçün dəridən-qabıqdan çıxır. Ona görə Qərbin bir hissəsi kimi təsnifatlaşdırırıq ki, digər qütb Bakı ilə tərəfdaşdır. Başda Böyük Britaniya olmaqla, İtaliya, Almaniya, bir sözlə, Avropa İttifaqı, onun Avropa Komissiyası Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan qazı Rusiyaya sanksiyalar səbəbindən Şərqi Avropa, Balkan ölkələri üçün su-hava kimi əlahiddədir. Ötən həftə prezident Əliyevin Berlin səfəri göstərici idi ki, Qərb üçün Azərbaycanın enerji məhsulları nə dərəcədə mühüm əhəmiyyət kəsb edir. Bəs, hansı Azərbaycanı sıxma-boğma etməkdə israrlıdır? Gəlin, həmin bloka nəzər yetirək: başda Fransa olmaqla, Avropa Parlamenti, AŞ PA, Kanada, ABŞ Konqresinin bir qismi Azərbaycan hakimiyyətini cəzalandırmağı tələb edir. Konqresdə 44 nəfərlə sanksiyanı nəzərdə tutan qanun layihəsi irəli sürülməsi, AP-da növbəti qətnamə çıxarılması, ardınca AŞ PA-da Şvabenin "nə indi, nə yanvarda qayıda bilməyəcəksiniz" bəyanatı Bakıya qarşı "səlib yürüşü" nün ayaq səsləridir. Bu kampaniyada Fransa önəmli avanqard rol oynayır. Təbii ki, erməni lobbisi də Azərbaycan dövlətinə sanksiyaların tətbiqi üçün kisənin ağzını açıb. Uzun zamandır ki, buna nail olmağa səy göstərilir. Fransa BMT TŞ-də çox təkid etdi ki, bizə zərbə vurulsun, amma qətnamə qəbul olmadı. Çünki Britaniya, Rusiya, Çin bizimlə idi, ABŞ də sərt davranmadı. İndi yeni bir dalğa gəlməkdədir. Və hakimiyyət bu riskli dövrü də geridə qoymağa çalışır. Bəs, səbəblər nədir? Onları da sadalayaq; əvvəla, burada iki siyasi, bir strateji amillər mövcuddur: ilk növbədə, Qərb təsisatları hesab edirlər ki, antiterror əməliyyatı Qarabağın dağlıq hissəsində uzun illərdir yaşayan dinc etnik erməni əhalisinin qovulmasına, etnik təmizləməyə səbəb olub. Guya hərbi əməliyyatlar aqressiya idi və psixoloji olaraq basqı yaradıb, dinc ermənilər getməyə məcbur qalıb. Və guya iki xalqın Qarabağda birgəyaşayışı üçün sülhyaratma prosesi getməli olduğu halda, Azərbaycan güc tətbiq edərək məsələni həll edib. Əlbəttə, kökündən yanlışdır. Heç bir dövlət ərazisində başqa dövlətin 10 mindən çox hərbi birləşmə saxlamasına dözüm nümayiş etdirməz. Azərbaycan "boz zona"nı ləğv edib və Ermənistan dövlətinə aid hərbi birləşmələri çıxarıb. Eləcə də xunta rejimi təslim olub və özünü buraxıb. İndi Paşinyan özü də təsdiq edir ki, Qarabağ Azərbaycandır və qondarma rejimin İrəvanda varlığı Ermənistan üçün təhdiddir. Deməli, biz də özümüzə təhdid olan bu qanunsuz subyekti məhv etmişik. Ona görə də bir günlük əməliyyat xunta rejiminə qarşı idi, bir dinc erməninin burnu qanamadı. Onlar öz evlərində yaşaya və azərbaycanlılarla birgə gələcəkdə işləyə bilərdilər. Amma şokolad yeyə-yeyə getdilər. Bölgənin ermənisiz qalması bizim seçimimiz deyildi, Bakı dəfələrlə qalmağa çağırdı. Hətta Yevlaxda iki, Xocalıda iki görüş oldu ki, reinteqrasiya başlasın. Amma həmin görüşlərdə iştirak edən ermənilər də çıxıb getdilər. Sadəcə, Qərb təşkilatları bu mənzərədən sui-istifadə edirlər. Onların qayıdışına isə əngəl yoxdur, Azərbaycan pasportu qəbul etsinlər.
İkincisi, Bakıya sanksiya tətbiqi üçün digər siyasi faktor son həbslərdir. "Abzas media" və "Toplum tv" işləri üzrə istintaqa cəlb olunanlar, son olaraq Anar Məmmədlinin həbsi və buna alman deputat Şvabenin məlum reaksiyası göstərir ki, Qərb hakimiyyətə təzyiq göstərir. Maraqlıdır ki, siyasi həbslərlə Xankəndi əməliyyatı eyni mətnə salınır və Azərbaycana hər iki məsələyə görə sanksiya qoyulması çağırış edilir. Əslində, iqtidar həbs qətiimkan tədbirləri seçilmədən də onu narahat edən resursların fəaliyyətini məhdudlaşdıra bilərdi. Amma Qərb belə qəbul edir ki, bu həbslərlə onun Azərbaycanda təsir imkanları minimuma endirilir...
Nəhayət, üçüncü amil - bu daha çox strateji əhəmiyyət daşıyır və yuxarıda qeyd etdiyimiz proseslərlə bağlantısı olan məsələdir. Söhbət Qərbin nəzərində Azərbaycanın Rusiyanın yanında dayanması kimi görünməsidir. 22 fevral Moskva bəyannaməsi, strateji müttəfiqlik sənədi imzalanması, münasibətlərdə yaxınlaşma, sülhməramlı kontingentin regionu tərk etməsi, Türkiyə-Rusiya - Azərbaycan tandemi Avropada seçim kimi qəbul olunur. Hərçənd, Ermənistana dəstək verən Qərb İrəvanın Kremlə sanksiyalardan yayınmağa necə kömək etdiyini görməzdən gəlir. Hərçənd, Ukraynaya humanitar yardım verən Azərbaycanın bu dəstəyini də görməzdən gəlirlər. Şübhəsiz ki, Bakı İrəvan - Moskva əlaqələrinin korlanmasından istifadə edir, bu da siyasi məharət tələb edir, üstəlik, Türkiyənin də dəstəyi ilə Rusiyanın tələblərini neytrallaşdırır, hərbi kontingenti Qarabağdan çıxarır. Əslində, ABŞ və Aİ bu sonluğu alqışlamalı idi. Bir sözlə, Azərbaycan Rusiya ilə birlikdədir və Moskva Bakıya erməniləri qaytarmaq üçün təzyiq etmir kimi beynəlxalq ictimaiyyətdə absurd rəy yaradılaraq sanksiyalar üçün zəmin hazırlanır. Yəni üç faktor- ermənilərin gedişi, siyasi həbslər və Rusiya ilə yaxınlaşma, o cümlədən Qarabağdakı nəticələrin Qərbin bəzi dairələrinin ürəyincə olmaması onları hərəkətləndirib. Amma bu, kollektiv Qərbin baxışı deyil. Azərbaycana dost olan və əməkdaşlığı, strateji tərəfdaşlığı genişləndirmək istəyində olan güc mərkəzləri də var ki, girişdə adlarını sadaladıq. Ən sonda Blinkenin Bakıya zəngi hər şeyə nöqtə qoymuş sayılar. Lakin sanksiya tətbiqi üçün müqavimət davam edəcək. Azərbaycan isə iki məsələdə qarşı tərəfin əlindən arqumentləri alıb - "etnik təmizləmə" və Rusiya ilə yaxınlaşma, qalır siyasi həbslər problemlərini də həll etmək...
Azər Talıbov Anaxeber.info
Tarix: 1-05-2024, 13:30